Архив тегов | gəncəlilər

QIRILAN DEYİLİK, QAĞA, YORĞANI ÇƏK BAŞINA…

 

 

Gəncəliləri tanıyanlar yaxşı bilirlər ki, onlar uşaqlı-böyüklü öcəşkən olurlar. Öz bildiklərini tutub gedəndirlər. Dəlil-sübut, elm-bilik tanıyan deyillər. Deyilənə görə, Gəncə məktəblərində hələ qış gəlməmişdən uşaqlar başlayırlar zarımağa ki, müəllim, niyə məktəbi qızdırmırsınız, bəs biz soyuqdan qırıldıq…Müəllimin biri bir qış dözür, iki qış dözür, axırda səbri kəsilir və deyir: “Nə “qırıldıq-qırıldıq” salmısınız, a qırılmışılar! Bir qarış boyunuz var, indidən hökumətlə hökumətlik eləmək istəyirsiniz? İndi mən sizə inanım, yoxsa hökumətə, onun statistikasına? Statistika deyir ki, qırılıb eləmirik, əksinə, artırıq. Bir də ki soyuğun adama nə ziyanı var? Daha da canınız bərkiyər. Onsuz da böyüyüb uşləməyə Rusiyaya gedəcəksiniz. Bu da bir yaxşıca fürsətdir düşüb əlinizə. Yəni indidən Rusiya iqliminə öyrəşirsiniz dana!”

Qızıl kimi sözlərdir, mənlik olsaydı, bu sözləri qızıl lövhələrə yazdırıb bütün ölkənin yolları boyu qızıl dirəklərdə ucaldardım. Ancaq yol qıraqları milli öndərin dediyi və bundan da qiymətli sözlərlə tutulduğundan gəncəli müəllimin sözlərini ayrıca kitabça kimi buraxıb uşaqlara paylamaq olar…

“Azərbaycan geniş addımlarla addımlayır!” – bu gözəl sözləri də öndərimiq deyib. Sovet vaxtı. Təəssüf ki, milli qeyrəti olmayan bir qurumsaq əlavə eləmişdi ki, bəli, Azərbaycan addımlayır, ancaq Qürcüstanın mağazalarında… Yəni ki, öz mağazalarımızda o vaxt bir şey yox idi…Niyə yox idi ə, cüvəllağı? Mağaza müdirinə yol tapaydın, görərdin nələr var mağazalarda. Denən ki, pulumuz çox idi, gedib gürcülərin də malını alırdıq, sən öl…İndi yəqin hörmət əlaməti olaraq öz camaatımızın qazını kəsib heç-neçəyə veririk gürcülərə. Burda bir gürcüstanlı soydaşımız mənə şikayətləndi ki, Mirzə, bu Gürcüstan hökuməti azərbaycalı kəndlərinə heç işıq-zad vermir. Dedim ə, neyniyirsiniz işığı, onsuz da məktəblərininz bir-bir bağlanır, kitab-zad oxuyan deyilsiniz, axşam düşən kimi başınızı atın yerə…

Bilmirəm gürcüstanlı soydaşımıza sözüm çatdı ya çatmadı, ancaq özümə çox xoş gəldi. Yazıb yol qıraqlarına vurmaq olar. Bizdə yox ey, bizdə yerin yiyəsi var. Gürcüstanın azərbaycanlı bölgələrində…

Əslində bizim xalq elə istisiz-işıqsız qalsa yaxşıdır. İsti, işıq olanda xalq qızışır. Odur ey, yenə Bakıda on beş nəfər tutulub. Yenə dövləti çevirmək itəyirlərmiş.Eşidib məəttəl qaldım. Hörmətli soydaşımız Kamil Qurbanıçdan soruşdum ki, a Qurbanıç, hara çevirmək istəyirlərmiş bizim dövləti. Qurbanıç da bilyardda uduzurdu, acıqlı dedi ki, mən nə bilim, ə, belə cəhənnəmə, gora. Dedi və üzünü çevirdi. Bu əhvalat mənim üçün bir az qaranlıq qaldı…

Ancaq məni hər şeydən çox məyus edən soğansatanların namərdliyi oldu. Hökumət benzinin qiymətimni qaldıran kimi bunlar da soğanın qiymətini qaldırdılar. Möhtərəm prezidentimiz çox haqlı olaraq soğandatanları “təxribatçı” adlandırdı. Bala, bu, hökumətdir. Hökumət istəsə, sənin özünü soğan kimi əzər, soğan kimi də soyar. Mirzə Əlil şəxsən Azərbaycanda soğanın tamam qadağan olunmağına razıdır. Siyasətə görə yox, İnternetə and olsun, belə arvad-uşaq soğandan çox əziyyət çəkir.

Ancaq qorxuram sarımsaq da gedə soğanın güdazına…

 

Mirzə Əlil

 

Ocaq qəzeti, yanvar 2007