Архив тегов | gülməli şeirllər

MOLLA PƏNAH VAQİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «EYLƏRƏM»

Molla Pənah Vaqifin çox gülməli şeirlərindən biri “Eyləyəm” rədifli qoşmadır. Bu şeir gülməli olmaqdan əlavə klassimiz haqqında bir institut dolusu ədəbiyyat tarixçilərindən çox şey deyir.

“Harda gördüm bir şux, kaman qaşlını,
İstərəm canımı qurban eyləyəm.”

Hörmətli oxucu yəqin başa düşür ki, “canımı qurban eyləyəm” evfemizimdir, əslində məlum məsələdir ki, kaman qaşlı gözəllə qazaxlı klassik nə eləmək istəyir. Bunu açıb-ağartmayaq…
“Tutam zülfün ucun, dönəm başına,
Bağrımı oduna büryan eyləyəm.”

Bu beyti oxuyanda kimi gülmək tutmursa, onda yumor hissi yoxdur! Təsəvvür edin ki, Vaqif kaman qaşlı bir qız ya gəlin görən kimi cumub yapışır saçının ucundan! Şuluq uşaqlar pişiyin quyruğundan yapışan kimi…
“Mən bilirəm qədrin sərxoş cavanın,
Həlqə-həlqə zülfün, tər zənəxdanın.”

Yəqin xanımlar Qazax tərəfdə Vaqifin vaxtında içirlərmiş…

Dalı (qoşmanın) cəfəngdir.
Bu gül əndamlının sərvi — rəvanın,
Durum yerişinə seyran eyləyəm.

Şair ağına-bozuna baxmır, qafiyə xatirinə qrammatikaya tüpürür, təsirlik halı yönlük halla əvəsz edir: “yerişinə seyran…”

“Mən onun dərdinə oldum mübtəla”

Onun nə dərdi var ki?
“Şəmi xiyalıma o verir ziya”

Başa düşdünüz? Mən – yox. Xəyal şəmdirsə, işığı niyə kaman qaşlıdan alır?
“Xublardan ki, mənə gəlsə hər bəla,
İstəməm ona mən dərman eyləyəm.”

Bunu Füzuli deməmişdimi? Və bu cür yöndəmsiz yox, gözəl demişdi…

“Xublara vermişəm din-imanımı”

Xublara – qazaxlı klassik yenə keçdi farscaya… Dinini, imanını verdi…
“Şövkətü-şanımı, adü-sanımı”

“adü-san”  — belə qondarma izafətləri indiyəcən qəzəlçilər işlədirlər. “ad-san” deyəndə heca sayı düzəlmir…
“Cəllad tək gözləri alsa canımı,
Namərdəm mən əgər aman eyləyəm.”

Burda klassik özünü lap dolaşdırıb. Nə demək istəyib? Demək istəyib ki, “gül əndamlı onun canını alsa da, aman, mərhəmət istəməz, aman diləməz. Ancaq qoşma “eyləməz” rədifi üzərində qurulub.  Belə çıxır ki, can alan Vaqifdir, güləndamlıya aman eləməz…

Vallah, ədəbiyyatdakı indiki dərəbəyliyin, tülkübəyliyin əsasını elə bizim hörmətli klassiklərimiz qoyiblar…
Sonda Vaqif, yəqin ki, güləndamlıya verdiyi “dini, imanı” geri alaraq Allaha müraciət edir.
“Vaqifə rəhm eylə bari, ilahi,
Agah et dərdimdən ol üzü mahi”

Yəni Allahdan xahiş edir ki, onun dərdini ayüzlüyə xəbər versin. Yeri gəlmişkən, bizim klassikləri, hətta indiki tülkübəyləri oxusan, belə düşünmək olar ki, Azərbaycandakı qızların hər ikisindən biri ay üzlü imiş. Bəs indi niyə yoxdur? Bəlkə pambıq, tütün, DDT qızlarımızı korladı?
“Qədəm basıb bizə gəlsin nagahi”

On səkkizinci əsrdə yəqin ay üzlü xanımlar hər kişiyə də olmasa, şeir yazan, “adü-san” çıxarmış kişilərə qonaq gedirlərmiş….
“Bir gecə mən onu mehman eylərəm.”

Bu misradan ağlınız nə kəsir? Bir gecəlik…Yəni siğə eləyəcək? Mən əvvəldə oxuyanda ki, Vaqif gördüyü xanımın saçının ucundan yapışırmış, başa düşmüşdüm ki, bu iş ilə qurtaracaq…

“Mehman eylərəm… bir gecə…”

06. 10. 2025 Samara