Hər qadın – vaxtı çox, işisə azsa,
Güzgü qabağında sevir durmağı.
Səthinə göz dikib suyun haçansa,
Qadın öz əksinə beləcə baxıb.
+
Baxıb öz əksinə özgə gözüylə,
Təsəvvür edərək kişidir baxan.
Kişi gözlərində, bu, gizli deyil,
Görülən qiymətdir gerçəyə yaxın.
+
Con Pekam güzgünü icad edəndən,
Sayı yox önündə keçən zamanın.
Baxıb, bəzənib vaxt əsirgəmədən,
Baxışlarda qiymət axtarıb qadın.
+
Güzgüdür sosial şəbəkələr də,
İnteraktivliyi var onun hələ.
Öz əksini görür hər insan orda,
Qiymətini görür həmçinin hərə.
+
Fərqi yox kişinin daha qadınla,
Diqqət təşnəsidir qadın, həm kişi.
Çıxır min oyundan fərqlənə bilə,
Sayır layklarla gələn alqışı.
+
Gündüz vurnuxuruq, yatmırıq gecə,
Şəkil qondararaq, söz uyduraraq.
Deyirik tezliklə izləyiciyə,
Çatdıraq və bəlkə yığaq beş-on layk.
+
Suda öz əksinə vurulan oğlan,
Özünə sevgidən öldü ordaca
Və döndü çiçəyə. İndiki insan,
Yaşayır – özünün əksi tək ancaq…
24. 12. 2025 Samara
