Архив тегов | İblis haqqında şeir

İBLİS

09. 10. 23

Adəm yaranandan indiyə qədər,
Yer üzü dəyişib, göy də dəyişib.

Erkəkli-dişili dəyişib bəşər,
Dəyişib İblisin həyatı, işi.

 +

Uzaq gəzir daha xarabalardan,
Çoxdan ayaq basmır məzarlıqlara,

Min ilidr çıxarıb hamamı yaddan,

Bəlkə hərdən-birdən girər bazara.

 +

Beşulduz oteldə yaşar adətən,
Bütöv mərtəbəni bronlayaraq.

Çalğı eşidilir mərtəbəsindən,
Bir insan da görmür özünü ancaq.

 +

Hərdən çaldırsa da Rixard Vaqneri,

Amma Tartinidir əsl sevgisi.

Eşidən olub ki, ağlayıb deyir:

“Zalım necə dərin duyub İblisi!..”

 +

Varıdır cibində nə pasport desən,
Şengen də, əlbəttə, öz yerindədir.

Bürüyür elə ki, canını qüssə,
Ürəyi haranı istəsə, gedir.
+

İxtiyarındadır gözəl yaxtalar,
Gəlir hər məzəsi, verməmiş əmr.

Ancaq nə dincələr, nə rahat yatar —

İblis depressantsız keçinə bilmir!

+
Tanrı hüzurundan qovulan andan,
Bir neçə milyon il sovuşdu artıq,
Bilinmir Qiyamət yetişər haçan,
Buna şübhəsi var İblisin açıq.

 +

Sayı adamların – qarışqa sayı,

Törədir, çoxaldır, bəşər yorulmur.

Çıxır İblissiz də çoxunun zayı,
İnsanı şeytandan ayırmaq olmur.

 +

Tüstüsüz alovdan yaradılandan,

Torpaqdan yaranan gedib irəli.

Döndərir, qaytarır İblis anbaan,
Atom düyməsinə uzanan əli…

11.10. 2023, Samara