Архив тегов | İmişli

İMİŞLİ QOÇLARI VƏ ARVAD PARTİYASI

  

Düzdür, ilə yaxşı deməzlər, ancaq bu iki min yeddinci il doğrudan da çox yaxşı il oldu, hərçənd İraqda-zadda bir xeyli adam qırıldı, ancaq il kefiniz istəyən il oldu, mən ölüm. 2007-ci il bütün ölkələrdən Azərbaycanda yaxşı keçdi. Camaat kefdə, prezident kefdə, ordu kefdə — bir sözlə, Azərbaycanda vurçatdasın olub. Cəmi bircə ağır hadisə olub, o da baş verib İmişlidə. Bir “Mersedes” qırx qoçu vurub sərib yola. Qoçlar da adi qoçlar olmayıb, hamısı olub döllük qoç. İmişli camaatı vurub başına-sinısinəə, zarafat deyil, o boyda rayon qalıb dölsüz. İcra başçısı güya gələr Bakıya böyük bir nazirin yanına və deyər ki, ya nazir, camaatım sənə qurban, qalmışıq dölsüz. Nazir deyər ki, ürəyini sıxma, sərəncam verilib, sizə Naxçıvandan düz qırx dənə döllük qoç göndərəcəklər. İcra başçısı bunu eşidəndə bir az duruxub qalıb, deyib ki, ya nazir, o qoçlar təyyarədə düşmən ərazisinin üzərindən uçsalar, allah düşmənə lənət eləsin, hə, onlar erməni üstündən uçsalar, stress keçirərlər, onların döllük qabiliyyətinə ziyan dəyər. Nazir güya hirsindən əsib-coşub və deyib ki, ə, nə hətərən-pətərən danışırsan, mən özüm o düşmən üstündən uçub gəlməmişəm Bakıya?  İndi mənim, türkün sözü, nə çatışmayan cəhətim var, ə? Naxçıvandan bura o qədər nazir gəlir, gömrükçü gəlir, polis gəlir, hamısı da erməni üstündən uçur, hamısı stress keçirir. Onların kişiliyinə nə olub, ə, buğa kimidirlər!

Hə, deyirlər icra başçısı düşüb nazirin əlinə-ayağına, “gələt eləmişəm” deyib qayıdıb İmişliyə və başlayıb döllük qoçların yolunu gözləməyə.

Yeri gəlmişkən, yeni ildə Naxçıvanda təzə türmə açılacaq. Daha doğrusu, istifadəyə veriləcək, türmə, düz deyirsiniz, açılmaz. Təzə türmənin bütün qapı-pəncərələri zoğal ağacındandır. Mirzə Əlilin ruhu şad olacaq: vətəni çox dövlətlənib, çox irəli gedib. Xudayar bəyin nəyi vardı – zoğal ağacından dəyənəyi, İndi Vasifbəy zoğal ağacından türmə tikir. Bəh-bəh!

Ötən ildə bir jurnal çıxdı ki, dünyanın heç yerində tayı-bərabəri yoxdur. “Bakı” adlı jurnalın redaktoru Azərbaycanın ən yaxşı jurnalisti Leyla Əliyevadır. Deyilənlərə görə, təzə ildə “Salyan”, “Tərtər”, “Astara”, “Qubadlı”, “Laçın”, “Qusar” və sair adlı jurnallar da çıxacaq və hamısının da redaktoru Leyla Əliyeva olacaq. Maşallah!

Ötən ilin sonunda bir xeyli azərbaycanlı arvad yığışıb cənab prezidentimizi dəstəkləyən siyasi partiya yaradıb. Partiyanın devizi belədir: “Allah səni üstümüzdən əskik eləməsin!” Az vaxtda partiya elə bir ad, elə bir reytinq qazanıb ki, kişilər də başlayıblar kütləvi surətdə bu partiyaya girməyə. Aldığımız məlumata görə, tezliklə bu partiyada arvadların sayı kişilərin sayını keçəcək. ..

Deyilənlərə görə, cənab prezidentimizin Yuxarıda  hörməti o qədərdir ki, ölkəmizin nüfuzu o qədər qalxıb ki, təzə il bütün ölkələrdən qabaq Azərbaycana gələcək.  Buşun özü nə qədər çalışıbsa, boyun qoymayıblar, deyiblər gərək Azərbaycan birinci ola. Mirzə Əlilin başı haqqı!

Mirzə ƏLİL