Архив тегов | İncil

«SAHİLİ HAÇANDAN BAŞINA ALIB…»

23.11.17.jpg

Sahili haçandan başına alıb,

Uca qıyyaları qağayıların.

Məhəccər yanında dayanan ahıl,

Torbadan çıxarıb çörək doğrayır.

 

Beş deyil, on deyil, qoşundu quşlar,

Bu qədər qağayı Volqalıq deyil.

Bəlkə dənizlərdən uçub gələn var,

Gətirib onları çörəyin iyi.

 

Qoşulub xəlvətcə qağayılara,

Qara qarğalar da yeməyə cumur.

Xırda gilələri sərçələr yığır,
Təklifsiz gələnə qoca göz yumur…

 

Kəsib boğazından, pensiyasından,

Aldığı çörəyi verir quşlara…

Bir çörək doydurub beş min insanı,

Haçansa… Quşun da öz allahı var…

 

Quşlara, yiyəsiz itə, pişiyə,

Ağzından tikəni çıxarıb verən!

Haçansa bir çörək verib beş mini,

Doyduran o kəsə yaxındır yerin!

25.11.2017

Samara

KANDARDA

       

Möcüzə sayılmaz, ölkədə əgər,

Su kranlarından neft axa birdən.

Əksinə, çoxumuz təəcüblənir  —

Açırsan kranı – su gəlir hökmən.

 

Fevral. Bələdiyyə xəstəxanası,

Üçüncü mərtəbə. Ciyər şöbəsi.

Tyalet. Gəlirsə burda su səsi,

Analiz verəcək deməli kimsə.

 

Çatlaq çanağında əlüzyuyanın,

Dünəndən bəlkə də laxtalanır qan.

Dünəndən bəlkə də unitaz dolu,

Özgə bir iy gəlir burda xlordan.

 

Dəhliz. Çevrilərək üzü divara,

Çəkib burnunacan üzsüz ədyalı –

Bilmirsən qocanı yuxu aparır,

Ya sistem ovudub – xəyala dalır.

 

Evdə ya imkan yox, ayrı şey ya da,

Pulsuz palatalar burdasa çatmır.

Həkim otağının kandarındadır,

Yatağı. Gətirib deməli baxtı?

 

Şəffaf torbasında yemək və …İncil –

Bu yerdə İncildən gərəkli nədir?

Əfsus! Bu kitabda təsvir edilmir,

Şimallar və ciyər xəstəlikləri…

 

                                      4-7 martn 2007, Samara