«SAHİLİ HAÇANDAN BAŞINA ALIB…»

23.11.17.jpg

Sahili haçandan başına alıb,

Uca qıyyaları qağayıların.

Məhəccər yanında dayanan ahıl,

Torbadan çıxarıb çörək doğrayır.

 

Beş deyil, on deyil, qoşundu quşlar,

Bu qədər qağayı Volqalıq deyil.

Bəlkə dənizlərdən uçub gələn var,

Gətirib onları çörəyin iyi.

 

Qoşulub xəlvətcə qağayılara,

Qara qarğalar da yeməyə cumur.

Xırda gilələri sərçələr yığır,
Təklifsiz gələnə qoca göz yumur…

 

Kəsib boğazından, pensiyasından,

Aldığı çörəyi verir quşlara…

Bir çörək doydurub beş min insanı,

Haçansa… Quşun da öz allahı var…

 

Quşlara, yiyəsiz itə, pişiyə,

Ağzından tikəni çıxarıb verən!

Haçansa bir çörək verib beş mini,

Doyduran o kəsə yaxındır yerin!

25.11.2017

Samara

Реклама