Getsemani bağında, yadınızdasa əgər,
Deyirdi şagirdlərə, fəlakəti duyaraq:
Ürəyimi bürüyüb öldürücü bir kədər,
Məndən aralanmayın, qalın mənimlə oyaq.
+
Dua da eləyirdi üzüstə qapanarq:
“Mümkünsə əgər Atam, yan ötür camı məndən.
Bilirəm mən istəyən önəmli deyil ancaq
Qoy olsun nəyədirsə sənin ali iradən”.
+
Gözlərini qapayır mürgü şagirdlərinsə,
Müəllimin sözündən daha güclüdür yuxu.
Onları yatmış görüb kədərlə deyir İsa:
“Mənimlə oyaqlığa bir saat nədir axı!”
+
Səma səltənətinə gedəcəkdisə əgər,
Yaxın ölüm İsanı belə qorxudur niyə?
Qorxardımı ölümdən, xardalın tumu qədər,
Olsaydı inam onda özünün dediyinə?
+
Bəlkə lap çarmıxda da, əlli il, hətta yüz il,
Razı olardı qala, yaşaya bilə ancaq.
Torpaqdan üzülsə də, torpağın altda deyil,
Yenə dan söküləcək, yenə günəş doğacaq…
+
Peyğəmbərlər doğulur, peyğəmbərlər ölürlər,
Yatağında ölən də, öldürülənlər də var.
Axirətdən hər biri danışsa da nə qədər,
Elə hər birimiz tək qorxub ölümdən onlar.
+
Hardadır milyon illər bizdən əvvəl gedənlər?
Birindən indiyəcən xəbər, soraq varmıdır?
Özünün dediyinə xardalın tumu qədər
İnamı var idisə, İsa yalvarardımı?
22. 08. 2024, Samara
