Архив тегов | itin günü

MAŞINLAR BAŞ-BAŞA, DALĞA-DALĞADIR…

Maşınlar baş-başa, dalğa-dalğadır,

Sanki yoldur axan təkərlər altda.

Kim vurub küçüyü yol qırağında?

Kim onu sürüyüb səkiyə atdı?

 

Qoca sahibini qabaqlayaraq,

Keçmək istəyirmiş yolu, indisə,

Sahibi cəsədi qucaqlayaraq,

Əlinin dalıyla gözünü silir.

 

Hər dəfə küçüyə sığal çəkəndə,

Bəlkə düşünüb ki, qoca, calanar

İt ömrü ömrünə. Anlayır indi,

Ona qalan itin günüdür ancaq.

 

Axırlar, aşırlar, dalğalanırlar,

Maşınlar baş-başa, çiyin-çiyinə.

Qara asfalt üstdə quruyur al qan,

Kimsə bu nişanı almaz eyninə…

03-04.05. 2007, Samara