Архив тегов | jurnalistlərin həbsi

ÖZÜM DƏ KƏNDÇİYƏM, ONA GÖRƏ ARXAYIN DEYİRƏM: «KƏRAMƏT-ŞOU» PƏRƏSTİŞKARLARININ ƏKSƏRİYYƏTİ AZSAVADLI KƏNDÇİ-KÜDÇÜDÜR…

Beş il əvvəl Kəramətin kim olduğunu bilmək üçün oxuduğum mətnlərdən, baxdığım videolardan ən çox yadımda qalan onun ev tələbidir. “Millətin yazıçısının evi yoxdur!” – deyə fəryad edən Kəramət şübhəsiz ki, “millətin yazıçısı” statusuna özünü tam layiq bilir və evinin yoxluğunu ekzistensial problem kimi səsləndirir. Və çox da sadəlövh olmayan hər kəs başa düşməliydi ki, problem əslində boranı qabığı kimi səthidir və qarşımızda duran Sartr ya Kamyu deyil, yorulmaz və məhsuldar qrafomandır və ekzistensiya onun üçün Bakıda komfort həyatdır ki, bunun əsas komponenti evdir. Kəramət demir ki, niyə müəllimin evi yoxdur, niyə Bakı göydələnlərini qul əməyi ilə ucaldanların çoxunun evi yoxdur. Kəramət dövlətdən mətbuatın azad fəaliyyətinin təminatını tələb etmir, Kəramət iqtisadi azadlıq, biznes azadlığı tələb etmir ki, qəzet, jurnal, kitab nəşri rəqabətli iqtisadiyyat seqmentinə çevrilsin, niyə reklam üzərində dövlət (rejim) inhisarının götürülməsini tələb etmir? Bütün bunlar Kəramətə lazım deyil. Bütün bu azadlıqlar olsa, yəni sağlam siyasi-iqtisadi şərait yaransa, yəni hava və su təmizlənsə, Kəramət zəhmət çəkməli, oxumalı, öyrənməli, bəlkə üç ilə beş ilə bir kitab üzə çıxarmalı olardı – və yarmarkalarda qaraçı hoqqalarına bənzəyən aqressiv reklam kampaniyasının olmayacağı halda o kitabın da taleyini demək çətindir…İndiki bulanıq hava və su Kəramət üçün əsl yaşama mühitidir. Adaptasiya, bunu demək vacibdir, qarşılıqlı prosesdir. Kəramət mühitə uyğunlaşdığı kimi, mühit də (bu kontekstdə “mühit” “siyasi rejim” kimi anlaşılmalıdır) Kəramətin özünün üzvi, yəni orqanik hissəciyi kimi onun komfort dolanışığına şərait yaradır.

Prezident adminstrasiyası Kəramətlə müqavilə bağlayıbmı? Yəqin ki, yox. Mühit öz hissəciyi, öz ünsürü ilə niyə müqavilə bağlamalıdır? Belə işlər daha incə şəkildə görülür və Bakıda da Makiavellinin layiqli şagirdləri sayıla biləcək adamların olduğu şübhəsizdir. Kəramət ev istəyirdi? İstəyirdi! Verdilər? Verdilər? Verdilər! Niyə şəxsən özünə yox, atasına verildiyini də başa düşmək ola bilər. Birincisi, evin birbaşa Kəramətə verilməyi ona söz gətirərdi. İkincisi, Kəramət, yumşaq desək, içməyə meylli adamdır, içən adam da bir də gördün nəyi varsa, satdı… Yəni Makiavellinin azərbaycanlı şagirdləri hər şeyi yerli-yerində edirlər…

Və evi alandan sonra Kəramətin prezidentə məktub yazıb əl-ayağına düşməyinə ehtiyac qalmır: ev formal olaraq ona verilməyib… Ancaq Kəramət minnətdarlığını eləyir: gah Əli Kərimlini qapır, gah İlqar Məmmədlini. Və hakimiyyət üçün Kəramətin müxalifətə qarşı bir ağız hürüşü üç-dörd min trolun fəaliyyətindən effektlidir – bunu Makiavellinin azərbaycanlı şagirdləri yaxşı başa düşürlər. Trollara sadəlövh adamlar etibar eləyərlər, hərçənd trol aqressiyası reklam aqressiyası kimi İnternet izləyicilərinin bir qismini ən azı çaşdıra bilir. Ancaq Kəramətə inam var, səhifəsində hər asqırığına iki-üç min layk qoyulur. Düzdür, bu inamın keyfiyyəti şübhəlidir, bu inam sahibləri zəncir ocağına inananlardan çox da fərqlənmirlər – indi Kəramət kultu, Kəramətə pərəstiş azərbaycansayağı subkulturadır və ölkədə Kultura nə səviyyədədirsə, subkultura da o səviyyədə olmalıdır. Özüm də kəndçiyəm və ona görə kimisə təhqir edə biləcəyimdən qorxmuram: Kəramətin hər asqırığına iki-üç min layq qoyanlar qismən Bakıda, əslində şərti Bakı sayılan ərazidə cəmlənmiş kəndçi-küdçüdür. Bu kütlə Kəraməti özünün tribunu kimi, özünün istəklərinin ifadəçisi kimi görür. Bu kütlədə dərin intellekt sahiblərini, müasir düşüncə sahiblərini təsəvvür etmək çətindir… Bu kütlədə çoxluğu fəaliyyətə, öyrənməyə əzmi olmayan, həyatın birdən-birə hansı sehr və möcüzəyləsə dəyişəcəyinə ümib bəsləyənlər təşkil edirlər. Və yazdıqları şərhləri oxuyanda görürsən ki, bu adamların əksəriyyətinin peşəsi naqqallıq, qeybətdir. Və ona görə bunları haçansa doğrudan da riskli mübarizələri ilə cəmiyyətdə nüfuz qazanmış insanların hər büdrəyişi və ya onlara düşmənliklə aid edilən büdrəyişi sevindirir, sanki kiminsə büdrəməyi, yıxılmağı onları qaldıra bilər.

Qaldıra bilməz!

Bu mənada Kəramətin İlqar Məmmədovla davası əlamətdardır. Kəramət İlqar Məmmdovun qabağında elə atılıb-düşür ki, guya özü ya dədəsi İlqar Məmmədovdan beş-altı dəfə artıq türmədə olublar, yəni Nelson Mendela qədər… İki-üç min zəvzək və naqqal da laykla bu saqqallı sırtıq uşağı dəstəkləyir…

Bu iki-üç min nəfərin ikisində ya üçündə əzm və qeyrət yoxdur ki, türmədə çürüdülən azərbaycanı qızların azadlığını tələb eləsin…

Kəramət videolardan birində — yəqin müsahibədir – hakimiyyəti zorla devirmək istəyənlərə qarşı olduğunu deyir.

Maraqlıdır, ölkədə hakimiyyəti zorla devirmək istəyənlər kimlərdir? Yəqin Kəramət bu məlumatı konfidensial şəraitdə lazımı adamlara çatdırır. Onun asqırığına üç-dörd min layk qoyanlar isə fitlərini duyurlar, söhbətin kimdən getdiyini başa düşürlər…Əli Kərimli və başqaları…

(Yeri gəlmişkən: Azərbaycanda hakimiyyəti dəyişməyin hansı legitim üsulları var?)

Kəramətə deyən yoxdur ki, sən Baklnın mərkəzində kitab alveri eləyirsən, cəhənnəmə elə, gora elə. Sənin müxalifətlə nə işin var?

Deyən olsa, bəlkə də Kəramət bozarıb deyərdi: Necə nə işim var? Dədəmə o boyda ev veriblər, bəs mən borcdan çıxmayım? Bəs deməzlər ki, mən Qəşəmin oğlu deyiləm, qonşu kişidənəm?

27. 10. 2025, Samara

P.S.

İlqar Məmmədov haqqında elə Kəramətlə qiyabi tanış olduğum vaxt yazdığım şeir.

PUŞKİN DEMİŞKƏN

 

siyasətçi İlqar Məmmədova

 

Fikirli, qayğılı gəzib haçandan,

Gah dili dolaşır, gah da yerişi.
Gözü də qızarır həyəcanından –

Malına samballı müştəri düşüb.

+

Otuz gümüşdüsə təklifi əvvəl,
Qaıxıb otuz dəfə otuza indi

Çaşıb mal yiyəsi, qalıb məəttəl,
Bilir ki, sifariş müstəbidindir.

+

Reputasiyadır malının adı,
“Təmiz ad” həm sadə, həm də təbii.

Doğma ölkəsində həmişə nadir,
Minlərdən seçilir onun sahibi.

+

Ata çörəyi var, ana südü var,
Bəlkə mayasında təmiz adın da.

Bəlkə müəllimlər, yaxşı kitablar,
Adın, rol oynayıb yaranmağında.

+

Özü öz içiylə girişib hərbə,
Olub bayırıyla ixtilafları.

Ölkəni hərləyən, xalqı hərləyən,
Yeriyib üstünə, silah çıxarıb.

+

Qoruyub adını canından artıq,

Keçəndə zindanın sınaqlarından.

Keçilən sınaqlar nə qədər ağır

Olursa, qiyməti qalxır adın da.

+

Polis yumruğu da, dəyənəyi də,
Dəyibsə, adın da dəyəri şişib

İndi sülənirlər həndəvərində,
Adına ən yağlı müştəri düşüb.

+

Qəhrəman şübhədə, tərəddüddədir,
Otuz gümüş idi qiymət haçansa.

Otuz dəfə otuz verirlər indi,

Fitnə qabağında dayanıb insan…

+

İzləyir həvəslə sövdəni kütlə,
Sürtür əlini də əlinə hətta.

Deyir: “o da bizə bənzəyir elə,

O da miskin imiş, rəzilmiş o da…”

+

Alçaqlar! Bilin ki, yanıılrsınız.
Sizdəki bu sevinc, təntənə nahaq.

Bəlkə o, miskindir, üstəlik rəzil,

Ancaq siz kimi yox, ayrı cür ancaq…

19.05. 2020, Samara

++++++++++++++++++

əvvəli burda:

XALQ KƏRAMƏTİN KİTABLARINI YOX, «KƏRAMƏT-ŞOU»YA BİLET ALIR…

MƏTBUAT BAYRAMI YOXSA QURBAN JURNALİSTLƏRİN BAYRAMI?

Çətin də olsa, çalışıb bir anlığa təsəvvür edək ki, müsəlmanların qurban bayramında qoç, quzu, dana, öküz, dəvə yox… adam kəsirlər. Nə qədər çətin olsa da, özünüzü gücə salıb təsəvvür edin ki, qurban bayramında adam kəsmək Allahın əmridir. Və hər sədaqətli dindar qabaqcadan bu bayrama hazırlıq görür, pul verib adam alır, əl-ayağını bağlayıb yıxır yerə, başının üstündə dua oxuyub bıçağı çəkir boğazına…

Mən sizə təklif etmirəm ki, kəsilən adamların ətinin hara getdiyi barədə çox dərin düşünəsiz. Sadəcə zənn edin ki, adam qurbanının ətini itə-pişiyə verirlər…

Azərbaycanda mətbuat gününün, Zərdabinin qəzetinin növbəti ildönümünün Azərbaycanda təntənəli qeyd olunmağı, “jurnalistlərə” fəxri adalrın verilməyi haqqında oxuyanda mənə nədənsə elə gəldi ki, Azərbaycanda mətbuat bayramı keçirilmir, çünki Azərbaycanda əsl mətbuat qadağandır, əsl jurnalistika cinayət əməlidir. Azərbaycanda keçirilən bu təntənə qurban bayramıdır. Jurnalistlərin qurban bayramı. Qollarını qandallatdırıb zindana atdırdığı şürnalistlərin başını İlham Əliyev, doğrudur, kəsmir. Ancaq yayın bu cəhənnəm istisində şərlənərək bellərinə yüklənən səkis-doqquz illik həbsin hələ başlanğıcını yaşayan jurnalistlərin məşəqqəti boğazlarına bıçaq çəkilən qurbanlıq heyvanların zülmündən azdırmı?

Əslində gərək şərlənərək həbs olunmağın qurbanlıq heyvanın boğazına bıçaq çəkilməsi ilə müqayisədə heç kim şişirtmə görməyə. Ədalətsiz, heç bir cinayət törətmədən, hampazorluqla dövlətin cəza və işgəncə maşınına  hədəf olaraq hətta bir gün gün belə azadlıqdan mərhum olmaqda da edam zülmü var. Və bu zülmə məruz qalmış insanların psixi sabitliklərini saxlaya bilmələri möcüzədir. Uzurpatorın niyyəti ilk növbədə verdiyi işgəncələrlə qurbanlıqlarını mənəvi-psixoloji cəhətdən sındırmaq, mirşahin, eynulla, raufarifoğlu və onlarla, yüzlərlə başqaları kimi əski parçasına çevirməkdir.

Jurnalistlərin qurbanlıq olduqları belə mətbuat bayramları bütün qərb aləminin yüz illər ərzində ağır mübarizə ilə qazandığı dəyərlər üçün təhqirdir. Bu “bayramlar” Həsən bəy Zərdabiyə, Cəlil Məmmədquluzadəyə, Sabirə təhqirdir. İndi bizim əldəqayırma millətçilər Rusiya imperiyasını işğalçı adlandırırlar, guya bu imperiya bizim gözəl xalqımıza işgəncələr verib… Ay heyvan, Rusiya imperiyası sənin gözəl xalqına nə işgəncə verib? Zərdablı Həsən bəy Moskva universitetində oxumasaydı (kvotla, yəni imtahansız girib) və ikinci Aleksandrın reformaları olmasaydı, ilk Azərbaycan qəzetini yarada bilərdimi? İkinci Nikolayın Oktyabr manifesti olmasaydı, Mirzə Cəlilin “Molla Nəsrəddini” yaranardımı? Və bu manifest olmasaydı, Sabir elə mərsiyəxan və ya qəzəlxan olaraq qalmazdımı? Başqa sual: Bu adamlardan hər biri Rusiya imperiyasında neçə il həbsdə olub? Bəlkə bir neçə ay? Bəlkə bir neçə gün? Olmayıblar? Aha! Rusiya imperiyası bizim gözəl və mədəni millətimizə belə işgəncələr verirmiş…

Son iyirmi-otuz il ərzində bir nəsil dəyişib və güman etmək olar ki, şərəfsiz, prinsipsiz, əqidəsiz insanların sayı yüz minlərlə çoxalıb və bu proqressiya yəqin ki, sürətlə davam edəcək. Və Hamletin dediyi kimi olacaq: “İndi ləyaqətli olmaq on in nəfərdən seçilmək deməkdir…”

Uzurpatorlar nədən başlayırlar? Əxlaqı ləğv edirlər! Əxlaq yoxdur! İtaət var, şəxsi və şəxsə sədaqət var. Mirşahinə baxın. Bu adamın binamusluluğu hər kəsə məlumdur. Abırlı adam ona əl verməz, uzaqdan görəndə yaxın gedib üzünə tüpürər, ya da ən azı yolunu dəyişər. Ancaq bu binamus hakimiyyətin süfrəsi başındadır, çünki bu süfrənin başına bileti binamusluqla almaq olur…

 Orda yaşadığım vaxtları xatırlayıram – qırx, əlli, altmış il əvvəl də Azərbaycanda belə idi. Hamı başını aşağı salıb bir tikə çörəyini yeyir, Bulqakovun bir pesonajının dediyi kimi, “hakimiyyətə qarşı qiyam qaldırmırdı”. Ona görə tutulan da yox idi. Rusiyada, məsələn, dissident hərəkatı var idi. Yüzlərlə insan müxtəlif formada mövcud hakimiyytə qarşı çıxdıqlarına görə repressiyalara məruz qalıb. İndiki repressiyaların daha ağır olduğuna baxmayaraq Putin rejiminin yeni-yeni tənqidçiləri və opponentləri meydana atılırlar. Bu, Rusiyanın gələcəyinə ehtiyatlı optimizmlə baxmağa əsas verir. Təəssüf ki, bunu Azərbaycan haqqında demək olmaz. Azərbaycanda artıq Mərakeşdə, İordaniyada, Tunisdə, Misirdəki mürtəce avtoritar rejimlərdən fərqlənməyən bir rejim formalaşıb. Və bu rejim sonralar müxtəlif mutasiyalar yaşasa belə, haçansa ölkədə demokratiyanın yaranacağına ümid yoxdur. Rejimin repressivliyi daha da güclənə bilər.

Qurban bayramıyla bağlı Tövrat rəvayəti, əlbəttə, fantaziyadır. Allah öz yaratdığının ürəyindəkini yaxşı bilir və İbrahimin də sədaqəti ona yaxşı məlum olmalı idi. Və “oğlunu kəs” buyruğu Allahı heç də yaxşı xarakterizə eləmir. Yəni imtahana, dediyim kimi, ehtiyac yoxdur. Bu halda belə çıxır ki, Allah İbrahimi dolayrmış, yəni onunla məzələnirmiş… Yəni bu yəhudu hoqqalarını ciddi qəbul etməyək. Yəhudilərin hansı Allaha sitayiş etdiklərini, necə insan qurbanları verdiklərini, kimi qirban verdiklərini Qəzzada görürük…

Bizim uzurpatorun qurbanları isə qolları bağlı zindan zülmü yaşayırlar. Qabaqda  yeni mətbuat bayramları olacaq. “Əkinçi”nin 156 illiyi, 157 illiyi, 179 illiyi…

Mirzə ƏLİL

23. 07. 2025, Samara

HADRUTU, MARTUNİNİ ŞAHNAZ BƏYLƏRQIZINA DƏYİŞİRƏM!

Azərbaycanda daha bir jurnalist qadının, Şahnaz Bəylərqızının tutulduğunu eşidib çox məyus oldum. Onun məkrəbli iki övladının olduğunu eşidğndə məyusluğum daha da artdı. Görkəmindən çox da sağlam olmadığı aydın görünən bu qadını türmədə, türmə paltarında, türmə yatağında, əlidəyənəklilərin, belitapançalıların önündə təsəvvür elədim…

Təsəvvür edin ki, tutulan ananızdır, bacınızdır… Məsələn, deyək ki, mən uşaq olan vaxtlar mərhum anamı şərləyib salaydılar Salyan türməsinə… Özünüzü Şahnaz Bəylərqızının övladlarının yerinə qoyun. İndi yəqin o uşaqlar analarının azadlığa çıxması üçün hər şeyə hazırdırlar…

Təsəvvür elədim ki, mənim anamı ermənilər girov götürüblər və deyirlər ki, Hadrutla Martunini qaytar, ananın buraxaq. Deyirəm ki, məgər Hadrutla Maruninin ixtiyarı məndədəir? Deyirlər sən öz razılığını ver, kağıza qolunu çək, qalanı ilə işin yoxdur. Mən də deyirəm ki, lap Mardakerti də götürün, ancaq anamı buraxın…

Əgər mənim anam damda çürüyəcəksə, Martuni də, Hadrut da, Mardakert də dağılıb xaraba qalsın!

Əgər Martuninin, Hadrutun ermənilərdən fəhlə-kəndli əsgərlərin qanı bahasına alınmasının nəticəsi faşist rejimidirsə, dağılsın Hadrut da, Xankəndi də dağılsın.

Bilirəm ki, bizim əlidəyənəklilər, belitapançalılar, hakim mantiyasına tülkü cildinə girən kimi girənlər ermənidən milyon dəfə pisdirlər. Öz xalqına qənim kəsilən və insan adı daşımağa layiq olmayanlar SS-çilərdən də, gestapoçulardan da pisdirlər.

Qoy insan südü əmmiş, halal çörək yemiş hər kəs öz anasının, bacısının, arvadının, qızının şərlənərək türməyə salındığını və insan südü əmməmiş, halal çörəklə böyüməmiş əlidəyənəklilərin, belitapançalıların önündə təsəvvür eləsin. Mənə elə gəlir ki, Hadrutu da, Martunini də və üstəlik Paşaholdinqləri də verərsiniz…

Mirzə Əlil

07. 02. 2025, Samara

ƏLAHƏZRƏT ŞTATLARI AYIRIR VƏ ABŞ-I LƏĞV EDİR…

1310676371_0_0_1124_612_600x0_80_0_1_4cd69ae89745bcc8ecbd9f91f2a1c89e

        VODEVİL

Hikmət Hacıyev: Əlahəzrət, ABŞ-dan zəng var, calaşdırım?

İlham Əliyev:  ABŞ? Nə ABŞ? ABŞ Holdinq? Paşa Holdinqin filialıdır?

H.H. Yox, əlahəzrət. ABŞ – yəni SŞA, Amerika Birləşmiş Ştatları.

İ. Ə. Onlar ermənilərlə birləşiblər? Mənim acığıma eləyirlər. Calaşdır görüm.

Entoni Blinken: Salam, əlahəzrət müzəffər komandan! Sizi natahat edən nökəriniz  Blinkendir. ABŞ-ın dövlət katibi.

İ.Ə. ABŞ-da dövlət katibi var? Burda antimilli cəbhə-müsavat vaxtı dövlət katibi olub. Ləğv elədik. Katibin pasportunu almışam, iyirmi ildir dərviş kimi gəzir…

EB. Əlahəzrət, əminəm ki, müdrik qərar vermisiniz. Təkid eləsəniz, mən də ləğv olunmağa hazıram, sizin avtoritetiniz ABŞ-da çox yüksəkdir. ABŞ xalqı sizə öz prezidentindən çox hörmət edir…

İ.Ə. Ancaq məni bir şy nrahat edir. Köməkçim deyir ki, siz birləşmiş ştatlarsınız. Bu birləşməkdə məqsədiniz nədir? Bu birləşməkdə mən özümə qarşı düşmənçilik görürəm.

E.B. Əlahəzrət Əliyyev, bu birləşmə indi olmayıb. Sizdən çox qabaq olub.

İ.Ə. Onda yəqin  xain cəbhə ilə müsavatın, ya da xain Məmmədəminin vaxtında olub. Atamın vaxtında olsaydı, qoymazdı. Mən də qoymazdım.

E.B. Əlahəzrət Əliyev, əgər bu məsələ sizi narahat edirsə, “birləşmiş” sözünü ləğv edərik. Qalar Amerika Ştatları, özümüz də keçərik İsrailin yurisdiksiyası altına. Mən özüm yüz faiz yəhidiyəm, siz də yəhudi dövlətini sevirsiniz, yəqin etirazınız olmaz.

İ. Ə. Mən bu məsələni Mehriban xanımla müzakirə edib fikrimi deyərəm. O, yəhudiləri lap çox sevir.

E.B. Əlahəzrət, mən sizə prezident Baydenin tapşırığı ilə zəng vururam. O, xahiş edir ki, vaxtınız olanda ona seçkilərlə bağlı məsləhət versiniz. Siz bu yaxınlarda 96 faiz yığmısınız. Baydenə bunun yarısı da bəsdir.

İ.Ə. Məsləhət verərrəm. Baydenin yerində mən 150 faiz yığardım, onun cəmi bir rəqibi var. Mənim altı zırpı rəqibimvar idi. Hikmət, o gədələrin adı yadındadır?

HH. Yadımdaddır, əlahəzrət: İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri…

Mirzə Əlil

07. 04. 2024, Samara

YENƏ SORUŞURAM: ZAUR QƏRİBOĞLU NİYƏ ƏSGƏR GETMƏYİB?

zaur_qəriboğlu

Cənab Zaur Qəriboğlu!

“Zaur Qəriboğlu niyə əsgər getməyib” adlı yazı mənimdir. “Məndən yazırlar” deyib şivən qoparmaqla özünüzü kütləvi kampaniya qurbanı kimi göstərməyə çalışırsınız ki, bu da sizin davranış tərziniz üçün xarakterikdir.

Əsgər paltarında (“gözümdə də oçki var”)  şəkilləriniz mənim fikrimi dəyişmədi. Mən yenə hesab edirəm ki, siz əsgərlik çəkməmisiniz. Siz tək ya qonaqlarınızla tez-tez hərbi mövzuları müzakirə və militarist çıxışlar edirsiniz. Yəni xalqı yeni hərbi kampaniyalara səsləyir ya da hazırlayırsınız. Mənim fikrimcə, belə avantürist çıxışlar məhz xalq üçqn, xüsusən onun fəhlə-kəndli hissəsi üçün təhlükəlidir. Çünki hər yeni hərbi kampaniyada həyatlarını ya da sağlamlıqlarını itirənlər fəhlə-kəndli balalarıdır. Hərbi mövzuda danışmağa yalnız hərbin, yəni müharibəniin bütün ağırlıqlarını çəkmiş insanların haqqı var. Hardasa, özünüzün deiyiniz kimi, “oçki gözündə”gününü yubatmaq sizə bu haqqı varmir. 2020-ci ildə sizin 30 yaşınız olub. Niyə səfərbər olunub cəbhəyə getməmisiniz? Canınızı qorumusunuz? Elə isə ağzınızı yumun, xalqın balalarını ölümə, qana səsləməyin.

Məni – yazının müəllifi mənəm – “tərbiyəsiz” adlandırırsınız. Məni tanıyırsınız? Durun güzgünün qabağında, özünüzə yaxşı baxın. Kostyumunuzu, qalstukunuzu, alt paltarınızı, ailənizin dolanışığını hansı pulla təmin etdiyinizi düşünün. «Seçkilər»də yəqin bir ətək pul qazanmısınız. Bu pulu jurnalistliklə qazanmırsınız, Azərbaycanda müstəqil jurnalistlər pul qazananda da burnundan gətirirlər. Ondan çox müstəqil jurnalistin harda olduğu sizə yaxşı məlumdur. Sizin də yeriniz məlumdur.

Deyirsiniz ki, “yazanlar” xaricdən idarə olunurlar. Bilə-bilə yalan deyirsinuiz. Bilirsiniz ki, yazan təkdir və kimdir. Mənim xaricim Samara şəhəridir. Və məni haçansa, kimsə idarə edibsə, adını, ünvanını deyin. Mən idarə olunsaydım, aspiranturadan sonra zavodda fəhləlik eləməzdim, sizin kimi AYB adlanan oğraşxananın üzvü olardım.

Mənim yaşadığım xaricdə sizin kimi adamlara “делец” deyirlər. Bu sözü “işbaz” kimi də, “lotu” kimi də tərcümə etmək olar. Qundaqdan çıxandan siz nəşrlərə, fondlara, televiziyalara rəhbərlik edirsiniz. Sayları o qədər çoxdur ki, fiziki cəhətdən o rəhbərlikləri icra etmək qeyri-mümkündür. Savadınız da… Yəqin “Allaha təvəkkül” universitetini qurtarmısınız.

Bilirsinz sizdən niyə yazıram? Çünki cəhalət yayırsınız. Tək, qonaqlarınızla. Sərdar Cəlaloğlu iddia edir ki qan analizi ilə milli mənsubluq müəyyən edilir. Deyir ki, Mahatma Qandi Hindistanın prezidenti olub. Deyir ki, Flora Kərimova 8-ci oktavanı götürür və s. Düzəliş yazanda da silirsiniz. Mən keçmiş məktəb müəllimiyəm, cahil adamların millət müəllimi roluna girməyi, onsuz da çaşqın insanları daha da azdırmağı mənə toxunur.  Özünü polkovnik adlandıran, ancaq gizir qədər ağlı və məsuliyyəti olmayan heyvərə Üzeyir Cəfərovu, yeri psixiatriya xəstəxanası olan Cahangir Bayoğlu ilə haçanacan xalqın zehninə ziyan vurub özünüz kimi debilə çevirəcəksiniz?

Ən vacibi: orduda mənim ailəmin üzvü həlak olub. Ölümlərin bəlkə də ən ağırı və faciəlisi ilə. Ailənizdən (ailənizdən!) cəbhədə ölənlər varsa, yazın, mən də sizin barənizdə fikrimi dəyişərəm. Yoxdursa, Zəngəzur, Qərbi Azərbaycan kimi təhlükəli (fəhlə-kəndli balaları üçün təhlükəli) söhbətlər eləməyin.

Güzgü qabağında durmağı unutmayın. Pasternak deyirdi ki, başqalarının onun barəsində nə fikirdə olmağı vacib deyil, onun üçün vacib  “Mən namuslu adamammı?” sualına müsbət cavab verə bilməkdir.

Xeyrulla Xəyal

25. 02. 2024, Samara

P.S. Mənim yazımdan danışdığı Zaur Qəriboğlu videonu hansı verilişindənsə fraqment kimi kəsib qoyub. Studiyadakı qonağına ağlar halda deyir: «Mən təsadüfən bilmişəm… Sayt açıblar… Məndən yazırlar…Xaricdən idarə olunurlar…» Bunları deyə-deyə Qəriboğlu telefonunun ekranını bir neçə saniyəliyə qonağına göstərir və dərhal çevirir. Tamaşaçı heç nə görmür. Görsə, bilər ki, Zaur Qəriboğlu «Allaha təvəkkül » universitetini bitirsə də, intellektual səviyyəsi peşə məktəbinin məzunu səviyyəsində olsa da, fırıldaqlığa zirəkdir, gözübağlıca ustasıdır,  kartbasan və üsükoynadandır, çünki mənim heç bir saytım yoxdur, işlətdiyim — havayı bloqdur. Bloq indi açılmayıb, on iki ildir mövcuddur. Və bu bloqdakı yazılar da təkcə mənə məxsusdur. Özünü şişirtmək üçün xarici işə qatır. Şikayətlənir. Birbaşa xüsusi xidmət orqanlarına. Bu, Zaurun şakəridir — çuğulçuluq, xəbərçilik, çağırış edib adam tutdurmaq, insanlara «sorosçu damğası vurmaq»…Prezidentə hətta müraciət edir. Yəqin onunla oturub-durur…

İnstaqramdakı videonun şərh bölməsinə baxıram: beş-altı şərh var, ancaq əlavə ertmək mümkün deyil, çünki akkaunt sahibi «şərh opsiyasını məhdudlaşdırıb»….

YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ

İYUL 2023

Niyə dolu meydan boşaldı birdən,

Radikal natiqlər qeybə çəkildi?

Tankların, topların üstünə gedən,

Sadəlovhlər idi, sadələr idi.

 +

Dincəldi liderlər xumarlanaraq,
Gülləyə adinin sinəsi sipər.

Pompey əsgəri tək mətin duraraq,

Öldü sıravilər, təsadüfilər.

+

O vaxt həyatlarla oynanılırdı,

Güllə qabağına gedirdi sadə.

Alovlu sözlərə aldananların,

İndi xatirəsi istifadədə.

 +

Gedir şəhidlərin məzarı üstə,
Adamın hər cürü bir dəfə ildə.

Gedir, baş endirib, kütlə və dəstə,

Meydanda haçansa nitq deyən də.

 +

Bəzənib-düzənib müstəbid gedir,
Polisin, əsgərin əhatəsində.

Tökülən qanlardan o bəhrələndi,
Xalqın nəfəsini odur kəsən də.

 +

Gedir tanınanlar, gedir harınlar,

Gedir sıravilər, təsadüfilər.

Kütlətə əzən də, əzilən də var,

Hətta AZAl adlı gedir zəli də…

 

21. 01. 2024, Samara