Архив тегов | Kəramət Böyükçöl

ÖZÜM DƏ KƏNDÇİYƏM, ONA GÖRƏ ARXAYIN DEYİRƏM: «KƏRAMƏT-ŞOU» PƏRƏSTİŞKARLARININ ƏKSƏRİYYƏTİ AZSAVADLI KƏNDÇİ-KÜDÇÜDÜR…

Beş il əvvəl Kəramətin kim olduğunu bilmək üçün oxuduğum mətnlərdən, baxdığım videolardan ən çox yadımda qalan onun ev tələbidir. “Millətin yazıçısının evi yoxdur!” – deyə fəryad edən Kəramət şübhəsiz ki, “millətin yazıçısı” statusuna özünü tam layiq bilir və evinin yoxluğunu ekzistensial problem kimi səsləndirir. Və çox da sadəlövh olmayan hər kəs başa düşməliydi ki, problem əslində boranı qabığı kimi səthidir və qarşımızda duran Sartr ya Kamyu deyil, yorulmaz və məhsuldar qrafomandır və ekzistensiya onun üçün Bakıda komfort həyatdır ki, bunun əsas komponenti evdir. Kəramət demir ki, niyə müəllimin evi yoxdur, niyə Bakı göydələnlərini qul əməyi ilə ucaldanların çoxunun evi yoxdur. Kəramət dövlətdən mətbuatın azad fəaliyyətinin təminatını tələb etmir, Kəramət iqtisadi azadlıq, biznes azadlığı tələb etmir ki, qəzet, jurnal, kitab nəşri rəqabətli iqtisadiyyat seqmentinə çevrilsin, niyə reklam üzərində dövlət (rejim) inhisarının götürülməsini tələb etmir? Bütün bunlar Kəramətə lazım deyil. Bütün bu azadlıqlar olsa, yəni sağlam siyasi-iqtisadi şərait yaransa, yəni hava və su təmizlənsə, Kəramət zəhmət çəkməli, oxumalı, öyrənməli, bəlkə üç ilə beş ilə bir kitab üzə çıxarmalı olardı – və yarmarkalarda qaraçı hoqqalarına bənzəyən aqressiv reklam kampaniyasının olmayacağı halda o kitabın da taleyini demək çətindir…İndiki bulanıq hava və su Kəramət üçün əsl yaşama mühitidir. Adaptasiya, bunu demək vacibdir, qarşılıqlı prosesdir. Kəramət mühitə uyğunlaşdığı kimi, mühit də (bu kontekstdə “mühit” “siyasi rejim” kimi anlaşılmalıdır) Kəramətin özünün üzvi, yəni orqanik hissəciyi kimi onun komfort dolanışığına şərait yaradır.

Prezident adminstrasiyası Kəramətlə müqavilə bağlayıbmı? Yəqin ki, yox. Mühit öz hissəciyi, öz ünsürü ilə niyə müqavilə bağlamalıdır? Belə işlər daha incə şəkildə görülür və Bakıda da Makiavellinin layiqli şagirdləri sayıla biləcək adamların olduğu şübhəsizdir. Kəramət ev istəyirdi? İstəyirdi! Verdilər? Verdilər? Verdilər! Niyə şəxsən özünə yox, atasına verildiyini də başa düşmək ola bilər. Birincisi, evin birbaşa Kəramətə verilməyi ona söz gətirərdi. İkincisi, Kəramət, yumşaq desək, içməyə meylli adamdır, içən adam da bir də gördün nəyi varsa, satdı… Yəni Makiavellinin azərbaycanlı şagirdləri hər şeyi yerli-yerində edirlər…

Və evi alandan sonra Kəramətin prezidentə məktub yazıb əl-ayağına düşməyinə ehtiyac qalmır: ev formal olaraq ona verilməyib… Ancaq Kəramət minnətdarlığını eləyir: gah Əli Kərimlini qapır, gah İlqar Məmmədlini. Və hakimiyyət üçün Kəramətin müxalifətə qarşı bir ağız hürüşü üç-dörd min trolun fəaliyyətindən effektlidir – bunu Makiavellinin azərbaycanlı şagirdləri yaxşı başa düşürlər. Trollara sadəlövh adamlar etibar eləyərlər, hərçənd trol aqressiyası reklam aqressiyası kimi İnternet izləyicilərinin bir qismini ən azı çaşdıra bilir. Ancaq Kəramətə inam var, səhifəsində hər asqırığına iki-üç min layk qoyulur. Düzdür, bu inamın keyfiyyəti şübhəlidir, bu inam sahibləri zəncir ocağına inananlardan çox da fərqlənmirlər – indi Kəramət kultu, Kəramətə pərəstiş azərbaycansayağı subkulturadır və ölkədə Kultura nə səviyyədədirsə, subkultura da o səviyyədə olmalıdır. Özüm də kəndçiyəm və ona görə kimisə təhqir edə biləcəyimdən qorxmuram: Kəramətin hər asqırığına iki-üç min layq qoyanlar qismən Bakıda, əslində şərti Bakı sayılan ərazidə cəmlənmiş kəndçi-küdçüdür. Bu kütlə Kəraməti özünün tribunu kimi, özünün istəklərinin ifadəçisi kimi görür. Bu kütlədə dərin intellekt sahiblərini, müasir düşüncə sahiblərini təsəvvür etmək çətindir… Bu kütlədə çoxluğu fəaliyyətə, öyrənməyə əzmi olmayan, həyatın birdən-birə hansı sehr və möcüzəyləsə dəyişəcəyinə ümib bəsləyənlər təşkil edirlər. Və yazdıqları şərhləri oxuyanda görürsən ki, bu adamların əksəriyyətinin peşəsi naqqallıq, qeybətdir. Və ona görə bunları haçansa doğrudan da riskli mübarizələri ilə cəmiyyətdə nüfuz qazanmış insanların hər büdrəyişi və ya onlara düşmənliklə aid edilən büdrəyişi sevindirir, sanki kiminsə büdrəməyi, yıxılmağı onları qaldıra bilər.

Qaldıra bilməz!

Bu mənada Kəramətin İlqar Məmmədovla davası əlamətdardır. Kəramət İlqar Məmmdovun qabağında elə atılıb-düşür ki, guya özü ya dədəsi İlqar Məmmədovdan beş-altı dəfə artıq türmədə olublar, yəni Nelson Mendela qədər… İki-üç min zəvzək və naqqal da laykla bu saqqallı sırtıq uşağı dəstəkləyir…

Bu iki-üç min nəfərin ikisində ya üçündə əzm və qeyrət yoxdur ki, türmədə çürüdülən azərbaycanı qızların azadlığını tələb eləsin…

Kəramət videolardan birində — yəqin müsahibədir – hakimiyyəti zorla devirmək istəyənlərə qarşı olduğunu deyir.

Maraqlıdır, ölkədə hakimiyyəti zorla devirmək istəyənlər kimlərdir? Yəqin Kəramət bu məlumatı konfidensial şəraitdə lazımı adamlara çatdırır. Onun asqırığına üç-dörd min layk qoyanlar isə fitlərini duyurlar, söhbətin kimdən getdiyini başa düşürlər…Əli Kərimli və başqaları…

(Yeri gəlmişkən: Azərbaycanda hakimiyyəti dəyişməyin hansı legitim üsulları var?)

Kəramətə deyən yoxdur ki, sən Baklnın mərkəzində kitab alveri eləyirsən, cəhənnəmə elə, gora elə. Sənin müxalifətlə nə işin var?

Deyən olsa, bəlkə də Kəramət bozarıb deyərdi: Necə nə işim var? Dədəmə o boyda ev veriblər, bəs mən borcdan çıxmayım? Bəs deməzlər ki, mən Qəşəmin oğlu deyiləm, qonşu kişidənəm?

27. 10. 2025, Samara

P.S.

İlqar Məmmədov haqqında elə Kəramətlə qiyabi tanış olduğum vaxt yazdığım şeir.

PUŞKİN DEMİŞKƏN

 

siyasətçi İlqar Məmmədova

 

Fikirli, qayğılı gəzib haçandan,

Gah dili dolaşır, gah da yerişi.
Gözü də qızarır həyəcanından –

Malına samballı müştəri düşüb.

+

Otuz gümüşdüsə təklifi əvvəl,
Qaıxıb otuz dəfə otuza indi

Çaşıb mal yiyəsi, qalıb məəttəl,
Bilir ki, sifariş müstəbidindir.

+

Reputasiyadır malının adı,
“Təmiz ad” həm sadə, həm də təbii.

Doğma ölkəsində həmişə nadir,
Minlərdən seçilir onun sahibi.

+

Ata çörəyi var, ana südü var,
Bəlkə mayasında təmiz adın da.

Bəlkə müəllimlər, yaxşı kitablar,
Adın, rol oynayıb yaranmağında.

+

Özü öz içiylə girişib hərbə,
Olub bayırıyla ixtilafları.

Ölkəni hərləyən, xalqı hərləyən,
Yeriyib üstünə, silah çıxarıb.

+

Qoruyub adını canından artıq,

Keçəndə zindanın sınaqlarından.

Keçilən sınaqlar nə qədər ağır

Olursa, qiyməti qalxır adın da.

+

Polis yumruğu da, dəyənəyi də,
Dəyibsə, adın da dəyəri şişib

İndi sülənirlər həndəvərində,
Adına ən yağlı müştəri düşüb.

+

Qəhrəman şübhədə, tərəddüddədir,
Otuz gümüş idi qiymət haçansa.

Otuz dəfə otuz verirlər indi,

Fitnə qabağında dayanıb insan…

+

İzləyir həvəslə sövdəni kütlə,
Sürtür əlini də əlinə hətta.

Deyir: “o da bizə bənzəyir elə,

O da miskin imiş, rəzilmiş o da…”

+

Alçaqlar! Bilin ki, yanıılrsınız.
Sizdəki bu sevinc, təntənə nahaq.

Bəlkə o, miskindir, üstəlik rəzil,

Ancaq siz kimi yox, ayrı cür ancaq…

19.05. 2020, Samara

++++++++++++++++++

əvvəli burda:

XALQ KƏRAMƏTİN KİTABLARINI YOX, «KƏRAMƏT-ŞOU»YA BİLET ALIR…

XALQ KƏRAMƏTİN KİTABLARINI YOX, «KƏRAMƏT-ŞOU»YA BİLET ALIR…

Kəramət Böyükçölün adını ilk dəfə, səhv etmirəmsə, 2020-ci ildə İnternetdə rast gəlmişəm, o vaxt onun tutulduğu ya dəlixanaya salındığı barədə xəbərlər yayılırdı. Maraqlanıb onun haqqında elə İnternetdə oxuduqlarımın təsiri ilə iki felyeton yazmışdım…

Uşaqlıqdan şeir yazsam da, həmişə daha çox nəsr oxumuşam. Əlifbanı öyrənəndən əlimə nə düşsə, pisi yaxşıdan ayırmadan, oxumuşam. Əvvəl kənd kitabxanasında olanları, sonra Salyan rayon mərkəzi kitabxanasının, sonra Moskvada Ədəbiyyat institutunun zəngin kitabxanasının, daha sonra isə özüm də işlədiyim Samara vilayət kitabxanasınının fondlarının şirəsini çəkmişəm. Kənddə, Moskvada, Samarada kitab yığmışam, uzun illər ərzində topladığım kitablardan ibarət “Samara fondum” 2024-cü ilin yanğınında məhv oldu… İndi kitabları telefona yükləyirəm. Yenidən Folkneri oxuyuram və Folkneri hələ gənclikdə, rus dilində oxuduğum vaxtlar keçirdiyim halı elə bil ki, indi də yaşayıram ki, buna xoşbəxtlik deyə bilərəm…

Müasir nəsri oxumuram. Etnik yəhudi olan ingilis yazıçısı Mürielə Sparkın əsərlərindən sonra yazılanlardan xəbərim yoxdur. Rus “qalın jurnalları”nda baxdıqlarım mənə maraqlı gəlmir. Azərbaycanda, yəni azərbaycanca indi yazılanları oxuya bilmirəm – həm dayazlığı, həm bədii dil bərbadlığı səbəbindən. Həmişə oxumaq istədiyim yeganə Azərbaycan nasiri Cəlil Məmmədquluzadədir.

Kəramət Böyükçölün adı ətrafındakı hay-küy, əlbəttə, məni maraqlandırdı. Açıq istifadədə yalnız hekayələrini tapdım, bəyənmədim – sosial şəbəkələrdə hazırcavablıq nümayiş etdirən, opponentini sözlə bağlaya bilən və ya rusların dediyi kimi, sözdən ötrü cibə girməyən bu adam yazıda ölüvaydır…

Kəramət videolarında mənə 1979-81-ci illərdə ünsiyyətdə olduğum Vaqif Cəbrayılzadəni xatırlatdı. Bəlkə də ilk növbədə Vaqif kimi tüklü olmağı ilə. Belə tüklülük əcdadlarımızın, yəni qədim insanların kənd məktəbimizin tarix kabinəsindən asılmış şəkillərini  yadıma salır. Şəkillərdəki tüklü və sərt baxışlı kişilərin əllərində daş ya paya olurdu. Vaqif Cəbrayılzadə daş ya paya gəzdirmirdi, ancaq hansı cibindəsə ülgüc gizlətdiyini güman etmək olardı. Sonralar Bayatlı təxəllüsü götürmüş Vaqifdə şizofreniyanın əlamətlərini görmək üçün həkim olmaq lazım deyildi. Və beləsinin cibində ülgüc ola… Vaqifi təzə-təzə “Ulduz” jurnalında poeziya şöbəsinə müdir qoymuşdular. İşinin adı ora şeir gətirən sadəlövh insanların dalına təpik vurub qovmaq idi… Hamıdan tələb edirdi ki, onun qılıncının altından keçib birinci şair kimi tanılsınlar…Vaqif Cəbrayılzadə (Bayatlı) özü özünün proyekti idi və bleflə, yan-yörəsinə xoh gələ-gələ öz-özünü həyata keçirirdi…

Kül bizim ədəbiyyatımızın başına…

Kəramət Böyükçöl də öz-özünün proyektidir, öz-özünün startapıdır. O da öz-özünü, çətinliklərlə üzləşsə də, həyata keçirir. O, Vaqif kimi cibində ülgüc gəzdirmir, cibində olsa-olsa dırnaqtutan çıxar, hərçənd mənə elə gəlir ki, Kəramət dırnaqlarını həftədə iki dəfə tutan, corablarını gündə iki dəfə dəyişən adamlardan deyil. Qısası, Kəramətin kütləyə təsir vasitəsi blef, aqressiya deyil, hərçənd onun özünüreklam kampaniyasını aqressiv kimi xarakterizə eləmək olar. Bunun eybi yox. Aqressivlik reklamın ayrılmaz xassəsidir. Ancaq Kəramətini özünüreklamının uğurunu təkcə aqressivliklə izah etmək olmaz. Niyə  dolanışıqdan daim şikayət edən, “millət acından ölür” deyən insanlar Kəramtin kitablarına pulu əsirgəmirlər? Axı şübhə ola bilməz ki, alınan kitabların heç on faizi oxunmur. Kəramət özü də yaxşı bilir ki, kitabları alınır, ancaq oxunmur. Əgər onun kitabları oxunmaq üçün alınsaydı, Kəramət niyə şəhərin küçələrində əsir-yesir olub kitab satırdı? Əgər Kəramət əsərlərinə, yazdığı mətnlərə görə sevilirsə, kitabları mağazalara vermək kifayətdir, oxucular almaq üçün növbəyə duracaqlar. Kəramətsə küçələrdə keçirdiyi vaxtı evdə oturub mütaliə edər, yazıçılıq sənətinin sirlərini dünya şöhrətli ustalardan öyrənər və mətnləri üzərində gözləri qaralanacaq işləyərdi…

(Yeri gəlmişkən: Kəramətin maşınında tualet var? Ya avtobusuna güvəc qoyub?)

Moskvada “Pisatelskaya lavka” vardı, ora həftədə iki dəfə təzə kitablar gətirilirdi və yalnız Yazıçılar ittifaqının üzvləriniə satılırdı. Yazıçılar (!) bəzi kitablara səhər açılmamışdan növbə tuturdular…

Təkrar edirım: Kəramət sevilən yazıçıdırsa, niyə küçələrdə əsir-yesir olmalıdır? Əslində yazıçını əsərlərini sevəmlər təzə kitab üçün onun qapısını kəsdirməlidirlər, elə deyilmi?

Əhali, kütlə Kəramətin kitabını oxumaq üçün almır. Əhali “Kəramət-şou”ya bilet alır. Yuxarıda dedim ki, Kəramət öz-özünün proyektidir, öz-özünün startapıdır, vu proyektin ədəbiyyata az dəxli var, bu proyekt daha çox şoudur. “Kəramət-şou”! Adamlar şəxsən onunla görüşüb kitabını almaqla teatra, sirkə getmiş kimi olurkar. Və bəzilərin getdikləri tamaşaların biletlətini necə saxlayərlarsa, onlar da Kəramətin kitablarını elə saxlayırlar…

Vərəqləyirlər, ancaq oxumurlar. Nə oxuyacaqlar? Kəramətin yaza, deyə biləcəyi nə varsa, tüklü üzündə yazılıb…

 

(ardı var)

26. 10. 2-25, Samara

«NƏSİMİ» KİNOKOMEDİYASI. NƏSİMİ DİVANI BİR ƏTƏK QIZILA SATILIRMIŞ. KƏRAMƏT KİTABINI BİR ƏTƏK DƏMİRƏ SATA BİLMİR…

Без имени-1

Filmdə ən gülməlli səhnələrdən biri Teymurla Nəsiminin görüşüdür. Bu görüş təkcə ona görə gülməli deyil ki, Teymurla Nəsimin arasında görüş ollmayıb və çox güman ki, Teymur heç Nəsimi adlı şairi uzaqdan-uzağa da tanımayıb. Gülməli kitab məsələsidir. Teymur nəvəsini ikiqat əyərək yanında oturdaraq ətrafındakılara Yusif Vəliyevin məxməri baritonuyla elan edir ki, bu nəvə “bir ətək qızıl verib kafir Nəsiminin əşarını (!) alıb.

Haşiyə çıxaraq deməliyəm ki, Nəsimi dil baxımından da çox gülməlidir. Müəlliflər filmə tarixilik vermək üçün bəzən peronajların dilindən arxaik ifadələr səsləndiirlər. Məsələn: “Təğyiri-Libas olun!” “Zənən örpəyinə həsrətəm”! “Tərzi-həyat” vəs. Bu isə komik effekt doğurur. Burda da Teymur “şeirlər” demir, “əşar” deyir. Üstəlik dəqiqləşdirir ki, nəvə “əşarı” Badkubədən alıb. Vay-vay! Badkubədə Nəsiminin əşarı bir ətək qızıla satılırmış! Kəramət Böyükçöl kimi əjdaha kitabını bir ətək paslı dəmirə də sata bilmir…Maraqlıdır, bu səhnə mənə Nodar Dumbadzenin bir qəşəng hekayəsini xatırlatdı, yəqin İsa Hüseynov da həmin hekayəni oxuyubmuş. Gürcünün hekayəsində valideynləri tərəfindən nənələrinin üstünə atılan nəvə əldə-ayaqda dayanmır, günlərin bir günü coğrafiya müəllimnin bağından xeyli armud oğurlayıb bazarda satır və qazandığı pula, nənənin diliylə desək, “abırsız” “Dekameron” kitabını alır…

Belə çıxır ki, filmdə göstərildiyindən fərqli olaraq, o dövrün məkanı çılpaq qayalıqlardan, Səməd Vurğun deyən “dağ-dərə”dən ibarət deyilmiş. Adamların dolğun həyatı varmış, tikirlərmiş, qurlurlarmış, toy edirmişlər, şənlənirmişlər, şairlərin əlyazmaları əllə tirajlanıb satılırmış, bu kitabları ala bilən və oxuyan adamlar varmış…Filmdə isə hər şey depressivdir: Rasim Balayevin üzündəki maska, peyzajlar, geyimlər, danışıq tərzi, torpaq — torpaq deyil, böyük yanğınlardan sonra qalan küllükdür. Əgər doğrudan da belə olsaydı, Nəsiminin nəfis lirikası olmazdı, elitar estetikası olmazdı….

Film müəlliflərinə Teymurla Nəsiminin qondarma görüşü nə üçün lazımdır? Tamaşaçıya böyük sərkərdə və hökmdar Teymurun dilindən təriflər eşitdirmək üçün. “Şirvanda xanəndələrin dilindən düşmür bu qəzəllər! Bütün Səmərqənd, Xarəzm bu qəzəlləri oxuyur!”

Kaş bu, doğru olaydı və 14-15-ci əsrlərdə Şamaxıda xanəndələr Nəsimin qəzəllərini oxuyaydılar, Mirələm Mirələmov kimi, ara şairlərin “əşarını” yox…

Və, əlbəttə, Nəsimi fürsəti fövtə verməyib Teymura “kamil insan” barədə blits-mühazitrə oxuyur. “Kamil insan cümlə aləmin (!) sirrinə vaqif olacaq, heç nədən qorxmayacaq” və s. Bu, əlbəttə, hürufilik deyil, bu, marksizm-leninizmdir, söhbət kommunizm qurmuş insandan gedir… Şübhəsiz ki, İsa Hüseyniov institutda elmi kommunizm fənnini öyrəniub və dövlət  imtahanı verib. Rasim Balayevin institutda dərs oxuduğu şübhə doğurur, çünki aktyorun çoxlu msahibələrinə qulaq asanda görürsən ki bu adam ömrü boyu bir ciddi kitabı axıracan oxumayıb, söz ehtiyatı yoxdur, məhdud dünyagörşülü, dayaz fikirli bir insandır…

Teymur Nəsiminin blits-mühazirəsindən o qədər sarsılır ki, ətrafındakı seyidlərdən də belə qüdrətli “kəlamlar” tələb edir. “Nə vaxta qədər baş kəsməklə qalib gələcəyəm mən?! – deyə ritorik və eyni zamanda son dərəcə komik sual verir. Suala baxın, mübtəda (“mən”) sona keçirilib. Bu  sintaktik hoqqa Azərbaycan nəsrində 60-cı illərdə yaranmışdı, guya nitqə xüsusi ekspressivlik verirdi. İndiyəcən Azərbaycan jurnalistləri  və “yazar”ları belə yazırlar…

“Nə vaxtacan…” Teymurləng sözlə qalib gəlmək istəyir, baş kəsməklə yox…Teymur deyən vaxt Azərbaycanda çoxdan gəlib çatıb, adamların başını kəsmirlər, ölüm hökmü də yoxdur, elə sözlə, «məhkəmə”nin qərarıya basırlar dama, orda yavaş-yavaş çürüyür…

 

18.08. 2023, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-15

İlham Əliyev 4

Bağlamışam  sərhədləri,

Donquldanır xalq yenə.

Təkcə Ruben gəlib-gedir,
Dəyəmmirəm xətrinə.

 +

Laçın yolundadır yenə,
Bizim ekofəallar.

Əl edirlər Vardanyana,
Hər keçəndə qırışmal.

Eyyy! Uxx!

 +

Mehriban ev bağışladı,
Qəşəm Nəcəfzadəyə.

Kim eşitdi, alqışladı,

Uçdu sevincdən göyə.

 +

Kimdir Qəşəm Nəcəfzadə,
Doğrusu bilmirəm mən.

Qonaq olub bəlkə bizdə,
Cəbhəyə mən gedərkən.

Eyy! Uxxx!

 +

Səxavətdə Mehribanın,
Bu dünyada yox tayı.

Hamıya ürəyi yanır,

Nəyi varsa, paylayır.

 +

Kimə bir ev, kimə iki,
Bağışlayır arvadım,
Biznes alır kimsə yekə,

Kimsə vəkil mandatı.

Eyy! Uxxx!

 +

General poqonu verir
Bir də gördün çavuşa.

Şəhəri, rayonu verir,

Deyir get qazan, yaşa.

 +

Nazirliyi peşkəş edir,
Səfirliyi də hərdən.

İşləri çox yaxşı gedir,
Ölkənin bu səbəbdən.

Eyyy! Uxx!

 +

Bundan şeir yazıb Leyla,
Bu gecə səhərədək.
Ramiz Rövşən bizim dilə,
O şeiri çevirəcək.

 +

Bitirincə tərcüməni,

Qabağıma qaçacaq.

Yaxşı bilir məndən yeni,

Mənzil alacaq qoçaq.

Eyy! Uxxx!

17. 02. 2023 Samara