
Mən uşaqdım, kinolar aldatdı,
Könlü verdim kino məhəbbətinə.
Məni kinodakı dərd ağlatdı,
Mən sevindim kino səadətinə.
+
Mən uşaqdım, kinoya qondu quşum,
Mən uçardım gələndə kəndə kino.
Yaz-yay axşamlarında həftə başı,
Kluba çevrilərdi kənd dükanı.
+
Dükanın böyrünə bir ağ asaraq,
Ekrana bənzədirdilər dayılar.
Aparat köhnə paroxod sayağı,
Başlayırdı işə, çaqqıldayaraq.
+
Otururduq uşaq-böyük qarışıq,
Çəmən üstündəcə bardaş quraraq.
Yesə də ağcaqanadlar daraşıb,
Bu ağır zülmü üstələrdi maraq.
+
Mən uşaqdım, aparat tanrıydı,
Dükanın böyrüsə cənnət bucağı.
O kinolarda həyat ayrıydı,
Adamlar orda mələklər sayağı.
+
Gülüşlər özgə, sözlər özgə idi,
Dadı şirintəhərdi dərdin də.
Dükanın böyrü sanki güzgü idi,
Bizim həyatımızın əksi səthində.
+
Mən uşaqdım, mənə yalançı həyat,
Əsl həyat, əsl ömür-gündü.
Bütün bu doğma adamlar mənə yad,
Bu doğma kənddə həyat sürgündü.
+
Düşərək felinə bu filmlərin,
Dolaşırdım necə ay-gün dolanar.
Tanımırdım hələ Felliniləri,
Yoxdu dünyada hələ Berqmanlar.
+
İndi saç çallanıb, ürək qocalıb,
Canımda göynəyir vətən yarası.
Doğmaca kəndim uzaqlarda qalıb,
Ötdü qürbətdə ömrümün yarısı.
+
Aşdım ekranları və pərdələri,
Bir duman tək dağıldı xülyalar.
Heçliyə döndü nə var dəbdəbəli,
Önümdə təkcə bu gerçəklik var.
+
Zehində anbaan tərəddüd olur,
Sarsıdır şübhələr qəfil beyni:
Mənim ömrümmü məşəqqətlə dolu,
Yoxsa ekranda əksidir lentin?
+
Kəfənmi, pardəmi bu dünya boyu,
Asılıb daş soyuq divarlardan?
Aktyorlarmı durğuzurlar oyun,
Ya ölənlər çıxır məzarlardan?..
23 oktyabr 1989, Samara