Архив тегов | kino haqqında şeir

«YAXŞI FİLM NƏDİR, PİS FİLM NƏDİR…»

Yaxşı film nədir, pis film nədir? –

Necə ayırasan yaxşını pisdən?

Ekranda görürsən, gecə, məsələn,

Bir qadın ağlayır, sonra zəng edir.

 +

Ağlaya-ağlaya danışır elə,

Nitqi və jestləri dramatikdir.

Kamera göstərmir xətdəki kimdir,
Səhnə inandırır, görməsən belə.

 +

Özün iştirakçı olursan indi,

Tərəf də tutursan münaqişədə.

Bu zaman gözünün  axsa yaşı da –

Bu film, əlbəttə, yaxşı filmdir.

 +

Ayrı filmdə də gecə bir qadın,

Ağlayır, zəng vurur, ağlayır yenə,

Ancaq inandırmır nəsə bu səhnə,

Bilirsən oyundur sənin baxdığın.

 +

Nə xəttin özü var, nə xətdə adam,
Danışır bu xanım özü özüylə.

Telefon həqiqi olsa da belə,

Fərqli deyil uşaq oyuncağından.

 +

Diqqətin yayınır qadından daha,
Çəkiliş səhnəsi indi görürsən.

Əsəbi rejissor söyür hər kəsi,
Gedir köməkçisi əldən-ayaqdan.

 +

Qaçır tualetə ağlayan xanıım,
Buterbrod basır cəld operator,

Yenə qışqıracaq rejissor: “Motor!” —

Bunları gördünsə, itir inamın…

 +

Əsər – kino olsun, ya da ayrı janr,
Tanrı yaradana bənzəsin gərək.

Yoxdan o, var ola gözəl, mübarək,

Necə yarandığı düşündürməyə…

 

30. 09. 2025, Samara