Архив тегов | Komsomol poeması

ƏLİ KƏRİM FACİƏSİ: LİRİK ŞEİRLƏRDƏ KOMSOMOL TƏRBİYƏSİ VƏ PROKUROR İTTHAMLARI

Əli Kərim

Totalitar ideoloji sistemin vətəndaşların ruh və mənəviyyatın necə ziyanlar vurduğunun ən əyani sübutu ədəbiyyatdır, hərçənd humanitar həyatın, incəsənətin başqa növ və janrlarında da bu fəlakətli fenomen yaxşı görünür.

Əgər Səməd Vurğun kimi insanlar təbiətən ptinsipsiz v əxlaqsız olaraq hər cür rejimə, hər cür rejimin hər cür rəhbərinə xidmətə və bu xidmətdə hər cür alçaqlıqlara enməyə hazır olubsa, Mikayıl Müşfiq və Əli Kərim kimi fövqəladə istedadla və saf ürəklə doğulmuş insanlar üçün hakim ideopogiyaya, bu ideologiyanın təlimatrlarına əməl etmək sosial mühitin şiddətli təzyiqi ilə baş verir və şəxsi faciəyə və yaradıcılıq dramına çatdırır.

Əli Kərimin “Qaytar ana borcunu” şerindən mən bir neçə il əvvəl yazmışam. İndi şairin başqa bir şeiri haqqında fikirlərimi demək istəyirəm.

Mən özüm  ilk gənclik illərində bu şeiri əzbərləmişdim və onun az qala hər misrası gözümü yaşartmasa da, ürəyimi titrədirdi.

Ancaq çoxdan bu şeir barəsində rəyim başqadır.

“Gözəl qız, sən saf susan…” misrası ilə başlanan şeirin Tanrı vergili şairin qələmindən çıxdığına şübhə yoxdur. Burdakı metaforalar həm təzədir, həm də ilkinliyi, kinematoqrafiq qabarıqlığı  ilə “Dədə Qorqud”dakı bənzətmələri xatırladır.

 “Susuzluğun od vurub köz kimi yandırdığı

Dodaq su sevən kimi…”

Yaxşı deyilib…

“İynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi…”

Bu da yaxşıdır…

Pardon!  Bəs bu prokuror tonu hardandır?

Yaşlı nəsildən olanlar sovet dövrünün yoldaşlıq məhkəmələrini xatırlamalıdırlar. Mən özüm mexaniki sexdə fəhlə işləyəndə belə məhkəməni görmüşəm.

Əli Kərim, yaxud Əli Kərimin lirik qəhrəmanı ittiham edir!

“O isə səni sevir…”

Sonra kabab və sair. Yəqin araq-maraq…

Fransızlar demişkən, pardon! Oxucu bu eşq üçbucağındakı ikinci aşiqi görmür. Rəqiblərin bir-birlərini gözdən salmaqları köhnə əhvalatdır. Yəni Əli Kərim yaxud onun lirik qəhrəmanı var gücü ilə, gözəl sözlər işlədərək öz rəqibini xanımın gözündən salmaq istəyir. Və and içə bilərəm ki, bu şeiri oxuyarkən Əli Kərimin yaxud onun qəhrəmanının tərəfində olanlar özləri kabab həvəskarlarıdır.

Kababı kim sevmir ki…

Kabab üstündən sərin suyu da hamı sevir…

O adam kimdir? Biz o adamı görmürük. Yalnız prokuror çıxış edir və zala gətirilməyən müttəhimin eninə-uzununa döşəyir… Salyanlılar buna «pəl vurmaq» deyirlər…

“Danış, ucalsın səsin…”

Belə çıxır ki, xanım utancaqdır. Təvazölüdür. Əli Kərimə elə gəlir ki, belə xanımın saqqızını “kabab həvəskarı” oğurlaya bilər. Öz namizədliyini irəli sürür və xanımla komsomol işi aparır.

Ah, bu komsomol işi! Komsomol işinin nə olduğunu indiki nəsil bilmir. 14 yaşı olan hər yeniyetmə komsomola girir və cilovunu verirdi komsomol katiblərinin əlinə. Komsomol hər şeyə rəhbərlik edir, hər işə qarışırdı. Bu şeirdə Əli Kərim komsomol fəalıdır. Vurulduğu qızı  Cəfər Cabbarlının Almazı kimi fəal ictimai həyata çağırır. Yalnız ictimaiyyət içində olmaq, komsomolçu yoldaşların çiyni, dəstəyi, ünsiyyəti iki sevgi arasında tərəddüd edən bu qızı qarınqulu kababsevərin caynağından qurtara bilər.

Mən ki səni sevirəm,
Bakıdan, Daşkəsəndən gələn bir səda kimi…”

Yəni Əli Kərimi bu təvazölü, məsum qızı evdən çıxarıb ictimai həyatın burulğanlarına atmaq istəyir. Bakıdakı səsin nə olduğunu biz bilirik.

“Buruqları hayqıraraq,
Nərə salır boz çöllərə…”

Yəni 26-ların nəvəsi Səməd Vurğun Bakının səsini əbədiləşdirib: buruqların hayqırmağı…

Buruq görən hər bir insan bilir ki, buruq hayqırmaz. Ancaq mənim Azəribaycan xalqıma Səməd Vurğun ciddi poeziyadan və həqiqətdən daha əzizdir…

Yəni Əli Kərim qızı buruq səsi kimi sevir.

Pardon, bəs bu Daşkəsən nədir?

Aha! Filiz mədənləri! Ekskavatorlar, buldozerlər… Naçalniklərin anqırmağı, söyüşməyi: “Sənin ananı…”

Əli Kərim bu məsum qızı evdən çıxarmaq, buruqlar arasında, Daşkəsənin filiz mədənlərində görmək istəyir. Almazların vaxtı keçib, kəndlərdə kolxozlar qurulub, ancaq Azəribaycan xalqı ağ günə çıxmayıb…

Cəfər Cabbarlı səhv edirdi…Radikal inqilabçıların səhvləri olur. Bu səhvlər bəzən milyonların məhvinə səbəb olur…

Əli Kərim Stalin-Bağırov dövründə yox, əsasən Xruşşov vaxtı, Axmatovanın “vegeterianlıq” adlandırdığı dövrdə yaşayıb.

Ancaq komsomol ayıq idi. Gənclərin cilovunu əldən buraxmırdı…

Komsomol komitələri də öz məhkəməlrini qururdu. Bəzən “səhv” buraxmış komsomolçuya düzəlmək üçün vaxt verirdi.

Əli Kərim də qıza vaxt verir: get fikirləş. Üç nöqtə…

Əli Kərim ailəli adam olub, arvad, üç uşaq, Bakıda həyat baha… O, şeirlə, “Azərbaycan” jurnalındakı işiylə dolanıb. Bəlkə ona heç kim deməyib ki, Daşkəsəni sox lirik şeirə. Ancaq Əli Kərimin içində qorxu yaşayıb. Həmişə fikirləşib ki, şeirində komsomol tərbiyəsi motivləri olmasa, onun jurnaldakı yerini verərlər başqa şairə. Onun yerini tutmağa hazır o qədər oğraş adamlar vardı ki…

And içərəm ki, bu şeiri sevənlər içində çox az adam (kişi cinsndən) tapılar ki, sevdikləri qızların ictimai həyata atılmağına, Daşkəsəndə filiz mədənində işləməyinə razı olsunlar. Azərbaycan oxucusu hələ də nə oxuduğunu başa düşmür…

Bu şeir Azərbaycanın son 60-70 ildə ən istedadlı adamlarından birinin faciəsini göstərdiyinə görə xüsusi diqqətə layiqdir. Təəssüf ki, Azərbaycanda əslində antiestetika olan sovet estetikasının mənəviyyata vurduğu ziyan barədə geniş və dərin diskussiya mümkün deyil. Çünki bu antiestetikanın yaradıcııq üzərində hakim olduğu dövrün xeyli hissəsində rəhbər olmuş insan ökədə toxunulmaz elan edilib. Antiestetika da onun qoyduğu irsin üzi hissəsi sayılır. Ona görə də “Komsomol poeması” oxunmasa da, komsomol səsi həyatımızda və sənətimizdə hələ uzun müddət səslənəcək…

 14.01. 2021, Samara

VAQNER İSRAİLDƏ İFA OLUNMUR, SƏMƏD VURĞUN DA GƏRƏK AZƏRBAYCANDA OXUNMAYA

“De mortuis aut bene, aut nihil” – Ölənlərdən ya yaxşı, ya da heç nə (danışmaq) – latın məsəli belə deyir.

Yəqin bu məsəl həyatı birdəfəlik tərk edənlər haqqındadır, yəni ölmüş insan yaşayanların həyatında heç bir şəkildə iştirak etmir.

Bəs edirlərsə?

Lenin haqqqında deyirdilər ki, “o bütün canlılardan canlıdır”.

Uzağa getməyək, götürək bizim Səməd Vurğunu. Azərbaycanın ruhi, mənəvi həyatında çox canlıdan artıq iştirak etmirmi? Belədirsə, niyə onun haqqında danışmayaq?

Mən Səməd Vurğunu bir şair kimi sevmirəm, yəni bir şeirindən belə xoşum gəlmir, mənim üçünsə bir yaxşı şeir də kifayətdir ki, müəllifini hörmət etdiyim şairlərin siyahısına salım. Ancaq Azərbaycan ədəbiyyatında dövlət tərəfindən “klassik” statusu almış vecsiz şair və yazıçılar çoxdur, onlar məni heç narahat etmirlər, dəqiq desək, onların çoxu məni narahat etmir. Ancaq Səməd Vurğun məni narahat edir. Çünki ədəbiyyatda dövlətin köməyi ilə bütün canlılardan daha canlı yer tutaraq insanların mənəviyyatını pozmağa, yeni-yeni nəsillərin ədəbi zövqlərini korlamağa davam edir.

“Bəli, bakılıyam, öz şöhrətim var,
Mənim babam olmuş 26-lar”.

1918-ci ildə Səməd Vurğun 12 yaşında idi, realnı məktəbdə oxuyurdu, gözüaçıq, zirək olmağına da şübhə yoxdur, buna görə də Azərbaycanda bolşevik komissarların nə qədər qan axıtdığını da yaxşı bilib, onların neçəsinin erməni olduğunu da bilib. Və minlərlə insanın qanını axıtmış yadelli inqilabçılara Səməd Vurğunu  “baba” deməyə nə vadar edirdi? Bu, məcburi loyallıq da deyil, repressiv rejimdən özünü müdafiə də deyil, bu, patoloji əqidəsizlik, prinsipizlik, satqınlıqdır. Yəni ki, rejim ondan satqınlıq tələb etməyəndə də Səmıəd Vurğun özü rejimə ən rəzil formalarda satqınlıq təklif edib.

Yaxşı, allahsız olmağını başa düşürük, mən özüm də allahsızam. Ancaq bolşevik partiyasına “bəşərin vicdanı, eşqi, ürəyi” deməyə Səməd Vurğunu nə vadar edirdi? Yeni orden almaq ehtirası? Yeni “Zim” almaq ehtirası? Yeni Stalin mükafatı almaq ehtirası?

Mənə mərhum Sabir müəllim Talışinski Səməd Vurğunun müharibədən sonrakı illərdə Salyana ova gəlməyindən danışırdı. Üstüaçıq maşın, maşında iki yekə it. Ov da ki, ceyran ovu olardı yəqin.

Belə keflər üçün Səməıd Vurğun nənəsini Şaumyana siğə eləyirdi? Özü də təkcə Şaumyana yox, 26 komissarın hamısına…

Azərbaycanda kolxoz qurulanda Səməd Vurğun ordenli-medallı şair olub, kəndlilərin, özü də işlək kəndlilərin başına nə “komsomol” oyunu gətirildiyini yaxşı görüb. Minlərlə zəhmətkeş insan qolçomaq adıyla damğalanıb, sürgünə göndərilib, ailələri dağılıb. Minlərlə adam həyatlarını Sibirin, Qazaxstanın yollarında itiriblər.

Səməd Vurğun da bu faciəni “tərənnüm” edən “Komsomol” poemasnı yazıb…

Mənə elə gəlir ki, bu insanın əsərləri Azərbaycanda boykot olunmalıdır. Musiqi dahisi Vaqnerin əsərləri İsraildə ifa olunmur. Rəsmi qadağan yoxdur, ancaq misiqiçilər Vaqneri ifa etmirlər – antisemit olub. Səməd Vurğun da xalqının cəlladlarının şəninə kitab-kitab şeirlər yazıb. Xalq da ona arxa çevirməlidir.

Patoloji əqidəsizlik irsən də keçirmiş – Səməd Vurğunun oğlu Yusif Vəkilov “Yeddi oğu istərəm” filminə ssenari yazıb. Yusif Səmədoğlu da Azərbaycan kəndlilərinin başına nələr gətiriıldiyini, əlbəttə, gözəl bilirdi. “Yeddi oğul istərəm” filmində əqidəsizlik, prinsipsizlik estetik zövqsüzlüklə, ifrat bayağılıqla birləşib biabırçı bir şey ortaya gətirib. Təsadüfi deyil ki, bu film çıxandan “Yanıq Kərəmi” çalınan kimi azərbaycanlı kişilər və arvadla balaqlarını çırmalayb düşürlər ortalığa… Kül bizim başımıza…

Azərbaycanlıların problemi tərbiyə problemidir, ağı qaradan seçə bilməmək də yox, ağı qaraya qarışdırmaq problemidir. Həm soyqırım qurbanlarına yas tutan, həm də bu soyqurumu törətmiş insanlara “babam” deyən Səməd Vurğuna pərəstiş edən azərbaycanlının mənəvi tərbiyəsində əngəl var. Hakimiyyətə gələndən sonra azərbaycanlıların məzlum vəziyyətini daha da ağırlaşdırmış çalmalı cəllad Xomeyniyə pərəstiş edən azərbaycanlının tərbiyəsində əngəl var.

Şübhəsiz ki, fitri ədəbi istedadı olan, lakin ifrat deqradasiyaya uğramış, özünü bütünlüklə ordenə, laureat nişanına, xarici səfərlərə, kef məclislərinə satmış Səməd Vurğun mənəviyyat tariximizin ən böyük ayıblarından biridir və təəssf ki, dövlətin səyi ilə bu ayıb milli fəxrə çevrilib…

31.03. 16

Samara