
…”Kral Lir” Lenfilmdə çəkilib, Gerdt isə Moskvada yaşayır, Obraztsovun məşhur kukla teatrında işləyirdi. Kozintsev çox tələbkar olduğuna görə filmin səsləndirilməyi xeyli çəkib. Gerdt tez-tez işindən ayrılıb Leninqrada gedirmiş ki, bu da Obraztsovu narahat edirmiş. “Bir səslənmədən ötrü teatrı atıb gedirsən”, — deyə aktyoru məzəmmət edirmiş… İndi Kozintsevin filmində Yuri Yarvetin oynadığı Liri başqa səslə təsəvvür etmək çətindir…
Səməndər Rzayevin də səsi Yuri Yarvetin Kral Lirinə elə “yapışıb”. Mən o vaxtlar eşitmişdim ki, “Kral Lir” filmlərinin müxtəlif dillərdə dublyajlarının müsabiqəsi keçirilib və Azərbaycan dublyajı ikinci yeri tutub…
Lətifədə deyildiyi kimi: mən birinci yeri verərdim…
İndiyəcən Kral Lirin bəzi replikalarını Səməndərin səsiylə eşidirəm…
Və 1980-ci ilin iyununda mən Bakı kafelərinin birində Kral Lirin səsiylə yanaşı oturmuşdum. Tahir Tahirov məni aktyora göstərib dedi ki, “Xeyrulla Salyandan gəlib diplom müdafiə eləməyə, özü də professor olacaq”. Səməndərdə bu professorluq məsələsi yəqin ki, əsaslı şübhələr doğurdu, ancaq Salyanın adı gələndə həyəcanlanan kimi oldu. “Biz bu yaxınlarda Salyana gəlmişdik, ordan da Neftçalaya getdik. Katib bizə çox hörmət elədi, yaxşı yola da saldı. Bax, bu boyda ağbalığı maşına qoydu” – bunu deyib aktyor iri və uzun qollarını üfqi vəziyyət alana qədər geniş açdı…
O vaxtlar Kürdən o boyda və ondan da böyük ağbalıqlar çıxırdı…
Süfrəyə araq gəlmişdi. Mən o vaxtlar hərdənbir içirdim. Yəqin həm içkidən, həm də harda gecələməyin fikrindən Tahir Tahirovla Səməndər Rzayevin söhbətindən yayınmışdım. Birdən mənə çatdı ki, bunların sözü çəp gəlib və ucadan bir-birlərinə məzəmmətli sözlər deyirlər. “Səməndər, mənim elə çörəyimin duzu yoxur”, — Tahir Tahirovun bu ağır tənəli sözləri Səməndəri bıçaq kimi yaraladı. “Ə, Tahir, sən mənlə çörək söhbəti eləyirsən? Mən heç burda oturmaram”, — deyib yarıyacan dikəldi. Tahir Tahirov boydan kiçik olduğundan tam qalxıb Səməndəri qucaqladı və deyəsən öpüşdülər də…
Davaları nəyin üstündə düşmüşdü – bilmirəm. Ancaq çörək söhbəti doğrudan da qəribə idi. Hesabı mən verməliydim, bunu Tahir Tahirov yaxşı bilirdi. Mən özünü rejissordan qaçırtmış kolxoz sədrini əvəz etməliydim. Elə bil ki, əsas rolun ifaçısı tamaşa başlayanda sancılanr, təcili, basməmmədi birini onun yerinə çıxarırlar səhnəyə…
Sonra kafedən çıxdıq. Tahir Tahirovla Səməndər danışa-danışa qabaqda gedirdilər, mən də dalda onları izləyirdim. İndi Səməndəri ilk dəfə bütöv, başdan ayağa qədər görürdüm. Akyorun qıçları məni dəhşətə gətirdi. Qıçlar elə yoğunlamışdılar ki, pivə çəlləyinə bənzəyirdilər. Yəqin ki, ciddi azarı vardı. O vaxt Səməndər Rzayevin yaşı qırxdan da az idi…
Aktyordan harda ayrıldığımız yadımda deyil. Bir də gördüm ki, bulvardayıq. Hələ axşam düşməmişdi, adam az idi. Ucaboy bir cavan oğlan qucağında azyaşlı uşaqla gəzinirdi. Yaxınlıqdakı boş uşaq arabası da yəqin onların idi. Oğlan üzü bizə dönən kimi Tahir Tahirov mənə “burda dur” deyib ona tərəf getdi. Rejissorla cavan oğlan çıx hərarətli görüşdülər, qucaqdakı uşaq olmasaydı, yəqin ki, qol-boyun olacaqdılar. Məndən çox aralı olmasalar da, söhbətlərini eşitmirdim, içki məni tutmuşdu, üstəlik dənizdən gələn mazut iyi də vururdu…Birdən oğlanın bütün həndəvərə yayılan səsini eşitdim: “Tahir, sən mənimlə danışmaq istəyirsən? Gəl danışaq!” Oğlan uşağı tələsik arabada yerbəyer elədi və Tahir Tahirovun üstünə yeridi. Məni dəhşət bürümüşdü. Atlet görkəmli ucaboy cavanın bir yumruğu çəlimsiz Tahir Tahirovu öldürə də bilərdi. Tahir Tahirov isə Pompey əsgəri kimi ya da Çarli Çaplinin qəhrəmanı kimi yerindən tərpənmirdi. Ancaq oğlan ona çatanda Thair Tahir nə dedisə, oğlanın nəinki hirsi soyudu, o hətta Tahir Tahirovu qucaqladı da…
İndi bunları yadıma salanda fikirləşirəm ki, Tahir Tahirov əsl ekstremal imiş. Məsələn, göydələnlərə dırmaşanlar kimi. Yəni daim adrenalini qaldırmaq istəyirmiş. Bəlkə də bu, yaradıcılıq fantaziyasını qidalandımaq üçün zəruri olub…
Tahir Tahirov mənim yanıma qayıdanda astadan dedi: “Birincinin (yəni Heydər Əliyevin – X.X,) ailəsindəndir”. Tahir Tahirov bu cavanın Heydər Əliyevin nəyi olduğunu da dedi: bacıoğlumu, kürəkənmi, baldızoğlumu… Yadımda deyil…
(ardı var)
24.10. 2023, Samara