Архив тегов | lələ

KÖTÜK ÜSTDƏ, QULABANDA…

Kötük üstdə qulabanda,

Söykənib əlağacına,

Qoca atam, xəstə atam,

Ağlayırdı acı-acı.

 

Dişsiz damağında hələ,

Sevinc, kədər dadı vardı.

Ölmək istəmirdi lələm,

Darıxır, zar-zar ağlardı.

 

O dünyadan danışanda,

Deyərdin ki, görüb gəlib.

Söz deyəydin – qan düşərdi
Əsərdi-coşardı lələm.

 

“Ha din belə, iman belə,

Kitab belə, Quran belə.

Huri belə, qılman belə”, —
Əqidəsi daş-dəmirdi,

Ancaq ölmək istəmirdi.

 

Öz ömrünün peşmanıydı,

Oğul-uşaq düşmanıydı.

Can xəstə, yaş doxsanıydı,
Ancaq ölmək istəmirdi.

 

Ağrılardan qovrulanda,

Çağırardı yaradanı.

Bəlkə də qulaqlarında

Tanrı səsi cingildərdi:

“Cahangir, hey!…”

 

İncidilmiş uşaq kimi,

Atam getmək istəmirdi.

Lələm ölmək istəmirdi…

                                                                       21 may 2002, Samara

 

 

KOLAZÇI

Kolazçı zənciri ovuclayaraq

Tullayır kolaza. Onun yerini

Tutub çəpləyirəm, gedir yararaq,

Qoca kolaz Kürün ləpələrini.

 

Beləcə düz qırx il lələmin əli,

Çəpdən ayrılmadı gün batanacan.

Varını verəndən bolşeviklərə,

Keçid kolazıydı çörək ağacı.

 

Firqədən aralı, cərgədən uzaq –

Bilindi cərgəyə qoşulan deyil.

Kolazında nə gerb, nə də ki bayraq,

Amma tanınırdı suverenliyi.

 

Yolunu, yönünü dəyişdi Kür də,

Bağını, evini yudu, apardı.

İndi lal suların axdığı yerdə,

Axşamlar heç nədən dava qopardı.

 

Axara qarşıydı. Əlləri çəpdən
Qopmadı kimsəni alqışlamağa.

Axarla qovulan balıq görəndə,

Zəhmi çoxalardı qaş-qabağının…

                                                 21may 2007, Samara