Архив тегов | kolaz

KOLAZ

U LENİ. KİNO

Hər il yay gələndə kolazı lələm,

Çəkib çevirərdi tərsə qıraqda.

Yeyilən yerləri söküb təzələr,
Vedrədə qaynadıb çəkərdi qır da.

 

Bir-bir taxtaların aralarını,
Səylə, tələsmədən kəpitkələrdi.

Qaba barmaqları gəzsə haranı,
Dəyişər, baxana təzə gələrdi.

 

 

Kürün qırağında kolaz dincəlir
Canına çəkilən qır quruyurdu.

Kişi hazırlardı təzə çəpləri,
Oturaq yerləri təmiz yuyurdı.

 

 

Kolaz köməkləşmə  salınır suya,
Yenə dayanırdı səfərə hazır.

Bu taydan də o taya, sonra bu taya —
Tale yazısıydı bu da kolazın.

 

 

Fikirli o taya baxardı kişi,
Əlini üstünə qoyub alnının.

Axı çay keçilmir adi yol kimi,
Hücumla elə bil sahil alınır…

 

 

Dünyanın möhtəşəm dənizlərini,
Nə kolaz görmüşdü, kolazçı nə də.

Göylərsə üstündə həmin və eyni,
Xırda qayıqların, gəmilərin də.

 

 

Heraklit dediyi düzsə də, ancaq,

Heç nə dəyişmirdi, Kür da həmindir.

Yaxın səfərə çıx, ya da ki, uzaq —
Sonuncu mənzilin həmişə birdir…

 

15-17.05. 2020, Samara

“AĞRIYLA HƏMİŞƏ ATAM DEYİRDİ…”

U LENİ. KİNO

Ağrıyla həmişə atam deyirdi:

“Uşaqlarım mənə oxşamadılar!…”

Biz onun özü tək zirək deyildik,

Həvəssizdik işə, çalışmağa da.

 

 

Güzgü qabağında dayansam haçan,
Atamı görürəm hər dəfə sanki.

Bir azca fərqqlidir, uzundur saçım,
Saqqal sarıdan da bir az fərqliyik.

 

“Qolçomaq” damğası adında vardı,
Əngəli çıxardı saqqalın hökmən.

Dəlləyi üzünü elə vurardı
Ki, saqqal həm vardı, yoxdu saqqal həm…

 

 

Saqqallı…saqqalsız… Atam, oxşarıq,
Tale oxşarlığı aramızda var.

Hərçənd tək yaşadım, yox uşaqlarım,

Qınayam onları, ya məni onlar…

 

 

Dağıldı yığıdğın, ya dağıtdılar,
Ödə, zəhrmara döndü daddığın.

Bunu sənin üçün demişdi Tövrat:

“Ev adamlarıdır insana yağı”.

 

 

Mən də sənin kimi çalışdım hədər,
Düşünüb nə yazdım – yellər apardı.

Zirək olmasam da, axıtmışam tər,

Kimə nə yetişər? Haçan və harda?

 

 

Keçələt kolazın donanma idi,
Sükanı saxlardın sərt, yorulmadan.

Okean gəmisi ya qayıq adi –

Bizi sularında qərq edər zaman.

 

18. 04. 2020, Samara

KOLAZÇI

Kolazçı zənciri ovuclayaraq

Tullayır kolaza. Onun yerini

Tutub çəpləyirəm, gedir yararaq,

Qoca kolaz Kürün ləpələrini.

 

Beləcə düz qırx il lələmin əli,

Çəpdən ayrılmadı gün batanacan.

Varını verəndən bolşeviklərə,

Keçid kolazıydı çörək ağacı.

 

Firqədən aralı, cərgədən uzaq –

Bilindi cərgəyə qoşulan deyil.

Kolazında nə gerb, nə də ki bayraq,

Amma tanınırdı suverenliyi.

 

Yolunu, yönünü dəyişdi Kür də,

Bağını, evini yudu, apardı.

İndi lal suların axdığı yerdə,

Axşamlar heç nədən dava qopardı.

 

Axara qarşıydı. Əlləri çəpdən
Qopmadı kimsəni alqışlamağa.

Axarla qovulan balıq görəndə,

Zəhmi çoxalardı qaş-qabağının…

                                                 21may 2007, Samara

 

Robert FROST. GÜLÜSTAN KOLAZ

                                           

(THE FLOWER BOAT)

 

Başını dəlləyə tapşırıb yenə,

Balıqçı danışır olar-olmazı.

Evinsə ambarla bitən küncünə,

Söykənib nə vaxtdan dəniz kolazı.

 

Haçansa bir aləm balıq içində

Dönərdi, coşanda dənizin yeli.

İndi onun yükü bəhrəli çimdir,

Gül-çiçək ləkinə kolaz çevrilib.

 

Ümdə diləkləri coşqun havadır,

Bunu Eliziya yükü anladır.

Xoşbəxt adaların axtarışına,

Kolazla qocanı tale yolladar.

 

1894 ya 1895

ingiliscədən tərcümə

2000-ci illərin əvvəli, Samara

+++++++++++++

Robert FROST

The Flower Boat

The fisherman’s swapping a yarn for a yarn
Under the hand of the village barber,
And her in the angle of house and barn
His deep-sea dory has found a harbor.

At anchor she rides the sunny sod
As full to the gunnel of flowers growing
As ever she turned her home with cod
From George’s bank when winds were blowing.

And I judge from that elysian freight
That all they ask is rougher weather,
And dory and master will sail by fate
To seek the Happy Isles together.