QİTƏ

             LENİNQRAD

Taleyin əlindən gileyim ümman,

Gah aşkar dinirəm, gah dodaqaltı.

Tale acıqlıdır əlimdən yaman:

Nə verdi – qaytarıb üstünə atdım…

   

          18.12. 1977

Ərəbqardaşbəyli              

Реклама

DURUB DAYANACAQDA…

Durub dayanacaqda,

Yazıq, balaca ağ it.

Yerdə qar, göydə şaxta,

Donur əli-ayağı.

 

Tez-tez götürüb qoyur,

Zəif pəncələrini.

Titrəyir beli, boynu,
Muncuq gözləri nəmli.

 

Avtobuslar ötüşür,

Sıxlaşır erkən totan.

Adamlar minir-düşür,

Yox itə yaxın duran.

 

Bəlkə azıb zavallı,

Yiyəsini itirib.

Bəlkə yiyəsi zalım,

Özü azdırıb iti.

 

Hamını gözləyən var,

Hamının gedən yeri.

İti ya maşın vurar,

Ya da şaxta kiridər.

 

Küçə yad, küçə soyuq –

Qızmaz it gileyindən.

İndi yaxın heç nə yox,

İtə öz taleyindən.

 

Bərkiyər gecə şaxta –

Quduzların quduzu.

Yanar soyuq səmada,

Donuq əcəl ulduzu…

29 yanvar – 03 fevral 1997, Samara       

ROBERT FROST. QOŞQU ATI

T1520565_05

THE DRAFT HORSE

 

Fənər sönüb, meşədə,

Ağ qaradan seçilmir.

Əfəl arabamızı,

At çəkir, çəkə bilmir.

 

Ağaclıqdan bir nəfər,

Çıxıb yapışdı atdan.

Soxdu yekə bıçağı,

Düz qabırğası altdan.

 

At çökdü, şaqqıltıdan,

Diksindik – sındı dişlə.

Boğuq uğultu dindi,

Zülmətində meşənin.

 

Sən də, mən də taleyə,

Boyun əyib duranıq.

Nə inciyib kin yığar,

Nə dünyanı qınarıq.

 

Ya bu kəs özü, onun,

Tapındığı kəs ya da.

İstəmiş düşüb gedək,

Qalan yolu piyada.

 

       “İN THE CLEARİNG”  toplusundan. Tərc.: 22 aprel 2008, Samara.

 

 

GEDİR TRAMVAYLAR, GEDİR TAKSİLƏR…

 

Gedir tramvaylar, gedir taksilər,

Gedir avtobuslar, trolleybuslar.

Gedirik, gedirik, alnımızda tər –

Taleyin dalınca dabanbasmada.

 

Adamlar cəmləşir hər addımbaşı,

Hey dolub-boşalır dayanacaqlar.

Əzir minən yoldaş düşən yoldaşı  —

“İndi nə hörmət var, nə qanacaq var”.

 

Maşınlar səbrini basıb gözləyir,

Adamlar içəri təpilənəcən.

Gedir ictimai nəqliyyat əhli –

Bilet üç qəpikdən beş qəpiyəcən.

 

Və gözlər alışıb-yanır maraqdan,

Bir tikə boz kağız ələ gəldimi.

Kompütersiz-zadsız elə o anda,

Üç-üç toplayırlar altı rəqəmi.

 

Əgər iki cavab bərabər olsa,

Xoşbəxtsən.

Xoşbəxtsən bu mənzil başına kimi,

Xoşbəxtsən maşından düşənə kimi.

Kimsə dabanını tapdayanadək,

Xoşbəxtsən bir saat, bir gün, bəlkə il.

Bəlkə həmişəlik – tale yar olsa –

Əcəl gözlərini qapayanadək.

 

Baş-ayaq vurursa cavablar əgər,

Onda arxadaşım, özünü gözlə.

Neçə uğursuzluq səni hədələr –

Xatadan-baladan canını gizlə.

 

Xoşbəxt biletlilər ala buludda,

Bədbəxt biletlilər içini yeyir,

Biletsiz dovşanlar əsir qorxudan…

 

Gedir piyadalar, gedir maşınlar,

Gedirik durmadan mənzil başına.

Mən də qoşulmuşam körpə yaşımdan,

Dünyanın aramsız hərəkətinə.

 

Ömür adlı maşın aparır məni,

Bilmirəm haradır axır mənzilim.

Yolun uzaqlığı, mənzili, yönü
Alnıma yazılıb…

 

Gedirəm, hamı tək xəbərsizəm mən,

O sirli yazının rəqəmlərindən.

Hərdən titrəyirəm…

01-02 mart 1984 Moskva

 

 

 

 

Robert FROST. GÜLÜSTAN KOLAZ

                                           

(THE FLOWER BOAT)

 

Başını dəlləyə tapşırıb yenə,

Balıqçı danışır olar-olmazı.

Evinsə ambarla bitən küncünə,

Söykənib nə vaxtdan dəniz kolazı.

 

Haçansa bir aləm balıq içində

Dönərdi, coşanda dənizin yeli.

İndi onun yükü bəhrəli çimdir,

Gül-çiçək ləkinə kolaz çevrilib.

 

Ümdə diləkləri coşqun havadır,

Bunu Eliziya yükü anladır.

Xoşbəxt adaların axtarışına,

Kolazla qocanı tale yolladar.

 

1894 ya 1895

 

 

Robert Frost. HƏMİNƏM, ÖZÜMƏM İNTO MY OWN

 

 

Istərəm bu donuq, bu ulu meşə,

Qaranlıq pərdəyə tutulu meşə,

Olmaya sadəcə zülmətə surət,
Taleyin yoluna yönələ fəqət.

 

Gec-tez bir gün gələr, mən də axırı,

Əvvəli görünməz düzə çıxaram.

Açılmaz qarşımda üfüq ha gedəm,

Qumu təkər izli yol da görmərəm.

 

Axı nədən ötrü geri dönüm mən,

Xiffətimi çəkən, məni dost bilən,

Özü düşər izə, məni haylayar,

Və görər qəlbimdə hələ yeri var.

İndi ağacları bəzəyən bu qar…

İndi ağacları bəzəyən bu qar,

Artar, ağırlaşar, yükə çevrilər.

Bağlarda, parklarda şaqqaşaraqla,

Gecə budaq sınar səhərə qədər.

 

Sabah günəş çıxar, şaxta azalar,

Çox çəkməz, ağaclar cıxar yük altdan.

Hansısa əvvəlki vüqarla durar,

Hansısa duruxar xəcalətindən.

 

Olur ki, beləcə tablamırıq biz,

Taledən çiyinə yazılan yükə.

Əgər sınmasaydı qol-qanadımız,

Uçub ucalardıq göylərə bəlkə…

                                                         30.12.07 Samara