QİTƏ

             LENİNQRAD

Taleyin əlindən gileyim ümman,

Gah aşkar dinirəm, gah dodaqaltı.

Tale acıqlıdır əlimdən yaman:

Nə verdi – qaytarıb üstünə atdım…

   

          18.12. 1977

Ərəbqardaşbəyli              

Реклама

DURUB DAYANACAQDA…

Durub dayanacaqda,

Yazıq, balaca ağ it.

Yerdə qar, göydə şaxta,

Donur əli-ayağı.

 

Tez-tez götürüb qoyur,

Zəif pəncələrini.

Titrəyir beli, boynu,
Muncuq gözləri nəmli.

 

Avtobuslar ötüşür,

Sıxlaşır erkən totan.

Adamlar minir-düşür,

Yox itə yaxın duran.

 

Bəlkə azıb zavallı,

Yiyəsini itirib.

Bəlkə yiyəsi zalım,

Özü azdırıb iti.

 

Hamını gözləyən var,

Hamının gedən yeri.

İti ya maşın vurar,

Ya da şaxta kiridər.

 

Küçə yad, küçə soyuq –

Qızmaz it gileyindən.

İndi yaxın heç nə yox,

İtə öz taleyindən.

 

Bərkiyər gecə şaxta –

Quduzların quduzu.

Yanar soyuq səmada,

Donuq əcəl ulduzu…

29 yanvar – 03 fevral 1997, Samara