Архив тегов | Leninin yüz illiyi

AŞIQ PƏNAH KAZUSU. «İSTƏRƏM ÜZÜNDƏN PAY, BU YANDA DUR…»

aşıq pənah

Aşıq Pənah əynində Stalin kostyumu və Stalin çəkmələri, başında Allaşükür papağı çıxır tribunaya və başlayır Kislovodsk xanımlarından öyrəndiyi rus dilində “Lenininana” üzərində necə işlədiyindən və dünya proletariatının ölməz rəhbəri Leninə olan məhəbbətindən danışmağa. Leninin yerliləri isə fikirlərşirlər ki, stalinsayağı geyinmiş, ancaq nədənsə molla papağı qoymuş Azərbaycan sənətkarı öz dilində danışır. Birinci katibin yanında oturan adam, yəqin əmək qəhrəmanı, onun qulağına pıçıldayır: “Azərbaycadn dili bizim rus dilimizə çox oxşayır, qulağım bir neçə tanış söz çaldı…”

Bu cür lətifələrin elə aşıq Pənahın sağlığında yaranması aydın göstərir ki, xalq arasında bu “syasi aşığa” yumorla yanaşanlar çox olub. Toylara od qiymətinə gedən, şax qırmızı onluqları dəstələyib cibinə basan, kurortlar gəzən bu qalınqaş aşığın kommunizmdən, halal əməkdən oxumağı elə o vaxt sağlam düşüncəli adamlarda gülüş doğururdu.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bolşeviklər savadsızlığın ləğv edilməsi proyektini həyata keçiriblər, ibtidai təhsil (birinci mərhələdə) icbari olub. Azərbaycan artıq otuzuncu illərdə hamının yazıb-oxuya bildiyi məkana çevrilib. Ancaq yazıb-oxuya bilmək savad sayılsa da, təhsil deyil. Azərbaycanda təhsil, xüsusən humanitar təhsil çox aşağı səviyyədə olub və belə olaraq qalır. Qüdrətli farsdilli şairlər Xaqanini, Nizamni özününkü sayan xalqın poetik zövqünü qafiyəbazlar, qrafomanlar, Aşıq Pənah kimi qondarma aşıqlar üçün pulla şeir yazan aferistlər formalaşdırırdı. Aşıq Pənahın öz adından oxuduğu bir şeirə baxın.

Bəstə boylu, məstə yeri,

Yerişinə vurulmuşam.

Bunu bəlkə də Pənah üçün dostu Əliağa Kürçaylı yazıb. Və yəqin ki, birinci misrada “asta yeri” olub, Pənah Kürçaylının xəttini başa düşməyib, “məstə oxuyub”. İnanmayanlar qulaq assınlar:

https://www.youtube.com/watch?v=5KZ2OYwhWII

(Bir dəfə, 1976-cı ildə, Aşıq Pənahla Salyanda bir tədbir də olmuşam. Yaxında oturmuşdu. Dəftərini açıb5 çxışına hazırlaşırdı. Mənə elə gəldi ki, o iri-iri çap hərfləri ilə yazırdı…)

Sonra:

Səhər-səhər bizə sarı,
Gəlişinə vurulmuşam.

Gözünüzə köhnə Salyan küçəsini gətirin. Bəstə boylu qız “məstə” yeriyə-yeriyə gedir Aşıq Pənahgil sarı.

Yanağında dağ laləsi,

Baxışında gün şöləsi…

“Yanağında dağ laləsi”. Bu necə yanaqdır? Dağ laləsinin aran aləsindən fərqi nədir? Bu heç, dalı çox maraqlıdır.

Əlində eşq piyaləsi,
Görüşünə vurulmuşam
. (Görüşə nə vurulmaq? Görüşə sevinmək ya sevinməmək olar…)

Təsəvvür edirsiniz? 1940-cı ya 50-ci illər. Salyan. Qız əlində piyalə gedir. “Bizə sarı”. Yəni Pənahgil sarı. Əlində də piyalə. Salyanda. Gənc Pənah gecə xirtdəyəcən vurub. İndi başı ağrıyır. Qızı əlində piyalə gələn görəndə kefi kökəlir, çünki içməkdən ötrü ölür, çünki, ruslar demişkən, “trubı qoryat…”

Pənah deyər xoş iqbalın,
Nə şən keçir  cah-cəlalın..

Cah-cəlalın «şən keçmək» xassəsi var?

Şeir belə bitir:

Başındakı güllü şalın,
Naxışına vurulmuşam… (Şalda gül özü naxışdır, ona görə iki sözdən biri artıqdır)

Şübhə yoxdur ki, bu cəfəngiyatı Əliağa Kürçaylı yazıb. Mərhum cəfəngiyyat ustası idi.

Mən sənin yanına qışda gəlirdim,
Bir əlimdə bahar, bir əlimdə yaz…

Buna deyən olmayıb ki, çöl də bayır kimidir…

İndi buna baxın:

Amandır, rəhm eylə, bir xayşım da var,
İstərəm üzündən pay, bu yanda dur.

“Üzündən pay istərəm” – bu nə dildir? Bunu Qurbani kimi, Vaqif kimi şairləri olan azərbaycanlı yazır?

Bu «şeiri» çox güman ki, Ağacavad Əlizadə yazıb. Yəqin tələsib, pul lazım olanda mərhum yerlim mübtəda-xəbər tanımırdı. .. Mən onun qardaşı mərhum Bahadırla tanış idim. Bir dəfə məmin yanımda Salyan bazarında qoz alırdı… Yox, bu ayrı söhbətdir…

Piar, dövlət səviyyəsində dövlət resursları ilə işlədilən piar möcüzələr yaradır. Orta səsli, hətta primitiv vokal texnikasına düz-əməlli yiyələnməmiş Pənahı böyük sənətkara dövlət piarı çevirib. Sovet dövrünün aşıqlıq sənəti – mən saz ifaçılarını demirəm. mən qalife, frenç geyib Allahşükür papağı qoyaraq pənahi oxuyanları deyirəm – təbliğaqt və təəşviqat proyekti olub. Və yaxşı heç nə yaratmayıb. Bəylər kimi çox istedadlı, nadir səsli müğənniyə isə ziyan vurub, onu da kolxozdan, sağıcıdan, kommunizmin qələbəsindən oxumağa vadar edib.

(60-cı illərdə buraxılmış «Aşıqlar» məcmuəsindəki şeirlərindən bir «aşıq» sağıcıya təlim veiridi ki, malın əmcəyini necə vaxtlı-vaxtənda yumaq lazımdır…)

Salyanda 1 nomrəli məktəb var. Sovet vaxtı, o. beynəlmiləl statusli idi, bu məktəbdəki siniflərin əksəriyətində təhsil rus dilində idi..

 (ardı var)

30. 08. 2023, Samara

«GEDİR KOMMUNİZMƏ AZƏRBAYCANIM». AŞIQ PƏNAH KAZUSU

aşıq pənah

«Səadət eşqiylə qaynayır qanım,
Çalır, nəğmə deyir, gülür dörd yanım,

Gedir kommunizmə Azərbaycanım,

Gələcək yolunun düzü məndədir».

Bunu salyanı aşıq Pənah oxuyub. Videosu da qalıb. Yəqin ki, 60-cı illərin əvvəllərində studiyada çəkilib. Üçüncü misranı oxuyanda aşıq sağ əlini sazdan çəkib göyə qaldırır, yəni əslində deyir ki, Azərbaycan göyə necə çıxa bilirsə, kommunizmə də elə gedib çıxacaq…

Bu mahnının son bəndi lap maraqlıdır.

“Məndədir azadlıq, məndədir əmək”

Yəni azadlıq, əmək aşıq Pənahdadır.

“Dostluq, bərabərlik, halal duz-çörək”.

Bu lap fransız burjua inqilabının şüarlarına bənzəyir.  “Liberté, égalité, fraternité” – azadlıq, bərabərlik, qardaşlıq. Halal duz-çörək Azərbaycan əlavəsidir. Bizim millət ancaq halal yeyər, halal olmasa, acından ölər, yeməz…. Aşıq Pənah həmişə halal çörək yeyib. Təkcə “Leniniana”dan bəlkə tonlarla “halal” çörək qazanıb. Toylara da müqavilə ilə gedib. Qonorarının vergisini qəpiyinəcən ödəyib.

İnandınız?

Sonra:

“Pənaham, məndədir alovlu ürək”.

Bu heç, bu, anatomiya məsələsidir.

İllərin pozulmaz yazı məndədir”.

İllərin pozulmaz yazı ancaq Azərbaycanda olur, bunu ilk dəfə ədəbiyyata akademik şair Səməd Vurğun gətirib. Bizdə adamların günü qara olsa da, payızda dizəcən palçığa batsalar da, qışda ayaqları qaz pəncələri kimi qızarsa da, “illərin yazı” pozulmur”. Səməd Vurğundan sonra onun şagirdləri “illərin pozulmaz yazını” öz ölməz əsərlərində yaşadrlar.

Deyilənlər aşıq Pənaha aid deyil, çünki Pənah öz adıyla oxuduğu qoşmaların, gəraylıların heç birini yazmayıb. Aşıq Pənah ümuiyyətlə şeir yazmayıb. Bunu köhnə salyanlılar yaxşı bilirdilər…

Şirvan və Salyan aşıqları – bu, əslində sovet Azərbaycanında yaranmış fenomendir. Köhnə videolarda, köhnə şəkillərdə aşıqların paltarlarına fikir verin – bu, musiqiçi, xüsusən xalq musiqiçisi paltarı deyil. Bu, bolşevik inqilabından sonra komissarların, orqan işçilərinin geydiyi kostyum və uzunboğaz çəkmədir. Elə Stalin də belə geyinirdi. Niyə Şura hökuməti gələndən sonra aşıqlara bu paltarı geydiriblər – bilmirəm.  Ancaq Aşıq Pənahın, aşıq Şakirin, Aşıq Bəylərin paltarı qırmızı zabitlərin, komissarların paltarıdır. Aşıq Pənahın bir mauzeri çatışmırdı. Bəlkə də pistoleti olub, anca belində yox, cibində, ya sazının futlyarında gəzdirirmiş…

Aşıqların paltarı cəhənnəm, elə özləri də bir bolşevik proyekti kimi ortaya çıxıb. Aşıq – Qurbanidir, Ələsgərdir, bunlar söz yazıblar, yəni xalq şairi olublar. Ancaq sovet vaxtı populyarlıq qazanmış aşıqların heç biri şeir yazmırdı, onların adına şeir yazırdılar. Hər aşığın müəllifləri olub, pul verib şeir yazdırıblar. Aşıq Pənahın öz adına oxuduğu şeirlərin əsas müəlliflərindən biri uzun illər “Azərbaycan” jurnalında məsul katib işləmiş salyanlı Ağacavad Əlizadədir.  Əliağa Kürçaylı da Aşıq Pənah üçün şeirlər yazıb. Mənim mərhum dayım Arbatanlı Sabir də Salyan aşıqları üçün şeirlər yazıb, ancaq əlyazmaları qalmadığı üçün hansı şeirlərin ona məxsus olduğunu deyə bilmərəm.

Lenin deyib ki, incəsənətlərdən xalqa ən yaxını kinodur. Və düz deyib. Min adamı yığ bir yerə, heç klub da lazım deyil, mal damının divarından ağ mələfə as və kolxozu, bolşevikləri, sovet quruluşunu mədh edən bir film göstər – bir saatın içində gör nə qədər adamda yoldaş Leninə, yoldaş Stalinə, yoldaş Şaumyana, Kirova məhəbbət yaranırdı! Gör nə qədər adam beş-altı ilə kommunizmin qurululacağına, doyunca yeyib-içə biləcəklərinə inanırdı!

Aşıqlıqda da, xüsusən sovetin uydurduğu aşıqlıqda, belə bir təbliğat və təşviqat resursu var idi. Bəzi toylara minəcən adam yığılırdı. Və xalqın sevilmlisi Aşıq Pənah onlara Azərbaycanın kommunizmə getdiyini elan edirdi. Pənahdan fərqli olaraq doyunca nə halal, nə haram çörək yeyə bilən kənd adamlarında ruh yüksəkliyi yaranırdı, onlarda hətta kolxoz sədrinə, raykom katibinə də məhəbbət yaranırdı. Hərçənd əksəriyyəti bilirdi ki, kolxoz sədri də, raykom katibi də oğrudur, rüşvətxordur, bir sözlə hər ikisi oğraşın yekəsidir…

Mən 60-cı illərin əvvəllərindən xanəndələri aşıqları tanımışam. O vaxt Aşıq Pənahın plyus-minus qırx yaşı vardı və radiodan lent yazıları səslənirdi: “Gedir kommunizmə Azərbaycanım”. Onun necə populyarlaşdığını, sontra niyə və necə  əsl siyasi aşığa çevrildiyini bilmirəm. Artıq 60-cı illərin axırına yaxın Aşıq Pənah  Leninə “həsr etdiyi” qoşmaları lentə yazdırmağa başladı. Leninin yüz illik yubileyinə hazırlıq bir neçə il qabaqcadan başlanmışdı. Yubiley ərəfəsində Pənah Leninə bir kitablıq şeiur həsr etmişdi və bu məcmuə rəsmi şəkildə “Aşıq Pənah Lninianası “ adlanırdı. Şübhəsiz ki, bu şeirləri də yuxarıda adlarını çəkdiyim müəlliflər yazmışdılar. Leninçi şeirlərin böyük hissəsi, yəqin ki, Ağacavad Əlizaədə tərəfindən yazılıb, bunu Ağacavadla yaxın ünsyyətdə olmuş adamdan da eşitmişəm.

28.08. 2023, Samara