Архив тегов | Mədət Quliyev

YA MƏDƏT!

MADAT.jpg

General Mədət Quliyev deyir ki, məmə deyəndən pəpə yeyənə qədər bütün Azırbaycan xalqı çox yox, bircə həftə bu vəziyətdə oturub meditasiya eləsə, ermənilər özləri Qarabağı boşaldıb gedərlər.

HƏLƏ MƏDƏT GƏLƏCƏK…MƏLƏDƏCƏKLƏR…

Çoxdan ürəyimə dammışdı ki, bu “Turan” agentliyi vergidən yayınır. Bu agentliyi yaxşı axtarsalar, çox şey taparlar: ağ, qara, skelet, bomba…

Mənim fikrimcə, dövlətdə bir agentlik olar. Sən dövlətin, möhtəşəm prezidentin agentliyi deyilsənsə, bəs kimin agentliyisən? Trampın? Kim Çen Inın? Merkelin? Mən özüm hər dəfə çaşıb bu agentliyin saytına girəndə elə bilirdim ki, vətənə xəyanət edirəm, neçə dəfə Eldar Mahmudovun adına məktub yazıb günahımı səmimiyyətlə boynuma almışdım. Sonra bildim ki, Eldar Mahmudovu çoxdan işdən çıxarıblar. İndi gərək Mədət Quliyevin adına yazam, ancaq deyirlər onun məktub oxumağa boş vaxtı yoxdur, ayaqmaşın sürür…

Möhtəşəm prezident bu yaxınlarda şimal rayonlara səfər eləyəndə “Turan” agentliyinin iç üzü açıldı. Bütün Azərbaycan xalqı bu səfərin nəticələrini alqışlayanda “Turan” yazdı ki, belə səfərlərin xeyrindən çox ziyanı var, guya bir ətək pul gedir səfərin təşkiılinə, nə qədər adam işdən gücdən avara olur, prezident isə getdiyi yerlərdə saədə insanlarla görüşmür, onların dərdini soruşmur, atasının heykəlini ziyarət edib qayıdır…

Yalançının lap…

Bəs möhtəşəm prezident rayonların rəhbərləriylə görüşmədi? Bəs rayon rəhbərləri sadə adam deyillər? Azərbaycan vətəndaşlarının nə dərdi var ki, prezidentə deyələr? Prezident bilir ki, vətəndaşların dərdi yoxdur, onlarla görüşə, ona ancaq minnətdarlıq edəcəklər, onu ancaq tərifləyəcəklər. Prezident isə minnətdarlığı sevmir, tərifi sevmir. Prezident təvazökarıdr! Ona görə vətəndaşlarla görüşdən qaçır!

“Turan” agentliyi paxıllığından hətta prezidenti qarşılayıb yola salan məmurların paltarına da sataşdı. Yazdı ki, bu cırhacır istidə kostyum geyib boğazacan düymələniblər.

Məlum məsələdir ki, bununla “Turan” agentləri özlərinin rusiyapərəst, putinpərəst olduqlarını göstərirlər. Onların fikrincə, Azərbaycanın möhtəşəm prezidenti də, onun məmurları da Putin kimi qurşağacan lüt gəzməlidirlər! Bu, Azərbarycan xalqının müqəddəs ənənələrinə, adətlərinə tüpürməkdir! Bunlar bilmirdilər ki, vergi nazirliyi möhtəşəm prezidentin köynəyini çıxarmaq istəyənlərin şalvarını çıxarar!

“Turan” agentliyi möhtəşəm prezidenti zəif bilməsin, Yəqin vergi nazirliyinin dalınca Mədət müəllim velosipedini minib gələcək, nazir Ramil Usubov general oğluyla gələcək, Kəmaləddin Heydərov zurnasını çala-çala gələcək, axı hal adi hal deyil, fövqəladə haldır! Bir sözlə, “Turan”ın agentlərini mələdəcəklər!

Əsil tamaşa, türkün məsəli, qabaqdadır!

17.08.17

Mirzə ƏLİL

 

 

 

 

 

MÖHTƏRƏM PREZİDENT ƏLİYEVƏ CASUSLUQLA BAĞLI MƏKTUB

Möhtərəm prezident İlham Əliyev! Sizə miskin və həqir Mirzə Əlildən salam olsun!

Azərbaycan ordusunda casusların tutulduğunu eşidib çox məyus oldum. Yəni casusların tutulmağına yox, birdən məni səhv başa düşərsiniz. Mənim məyusluğum belə gözəl orduda, Sizin ali baş komandan olduğunuz orduda bəzi hərbçilərin casusluq etməyindədir. O ki qaldı tutulmaqlarına, buna çox sevinirəm, tutulanlardan birinin məhkməsiz-zadsız öldürülməyinə isə həddindən artıq şadam. Belə satqınlara görə möhtərəm hakimləri vacib işlərdən yayındaırmaq olmzaz Hakimlərimizin də vacib işləri o qədərdir ki! Hələ nə qədər sayt, qəzet, radio bağlamaq lazımdır! 

Bu casusluq əhvalatını eşidəndə məyus olsam da, təəccüblənmədim. Mən elə bilirdim ki, əsgərlər və zabitlər arasında vətəni satmağa hazır insanlar çoxdur. Çünki bu insanlar vətənin qədrini bilmirlər. Çünki bu hərbçilərin çoxu kəndçi-küdçü ailəsindəndir, kasıb-kusub ailəsindəndir. Kəndçi-küdçü, kasıb-kusub vətən qədri nə bilir? Vətənin qədrini Mədət Quliyev, Kəmaləddin Heydərov, Arif  Paşayev, Ramil Usubov, Zakir Qaralov kimi adamlar bilərlər. Ona görə də orduya belə adamların uşaqları getməlidirlər. Vətəni Leyla Əliyevadan kim artıq sevə bilər? Ona görə də siz neft fondunun pullarını Leylaya tapşıdığınız kimi, vətənin müdafiəsini də ona tapşırmalısınız. Qoy getsin otursun Tərtərdə, görüm onun gözünün qabağında kim Vətəni ermənilərə sata bilər. Götürək Nərgiz Paşayevanı. Həftə səkkiz mən doqquz Londondadır. Yəqin bezib Londondan. Bəlkə elə London və londonlular da ondan beziblər. Getsin Nərgiz Paşayeva otursun Marquşavanda səngərdə, bir köpəkoğlu da casusluq edə bilmıəsin. Kəmaləddin Heydərovun oğlanları cəbhə bölgəsində əsgərlik eləsələr, siz ordu sarıdan arxayın olardınız. Mənim fikrimcə, bütün Azərbaycan ordusunu buraxmaq, onu yenidən, məmur, oliqarx balalarından yığmaq lazımdır. Gör Azərbaycanda nə qədər rayon var və nə qədər rayon başçıları, onların müavinləri var. Onların uşaqlarından bir diviziya yığılsa, ermənilər şalvarlarına işəyərlər. Nazirlərin, onlarının müavinlərnin övladlarından, qohumlarından böyük briqada yığmaq olar. Ordu komandanlığını isə Mehriban xanıma vermək lazımdır. Çünki ən etibarlı adam odur. İndi ki, siz neft fondunu, bu fonddakı pulları etibar edib Mehriban xanıma vermisiniz, ordunu da ona etibar etmək olar. Qoy gedib otursun Tərtərdə ya Horadizdə. Oralarda gözəl hava var, xanımın rəngi açılar, həm də sərhədlərimizdən, yəni torpaqlarımızın olub-qalanından arxayın olardıq.

Möhtərəm prezident! Kasıb-kusubdan ordu olmaz! Biri elə mən. Nə gizlədim, əslim salyanlıdır, cavan olsaydım və məni orduya aparsaydılar, vətəni bir baş nəşəyə satardım…

Zat-aliləri! Bilirəm ki, siz yazılan bütün məktubları diqqətlə oxuyursunuz. Mənim də məktubumu oxuyacağınıza şübhəm yoxdur. Məsləhətimi nəzərə alıb ordunu yenidən qursanız, tezliklə işqala son qoyular.

Hörmətlə

Mirzə ƏLİL

 

MARAFONÇULAR

İLHAM ƏLİYEV: Qızım, belə tezdən hara gedirsən?

ARZU ƏLİYEVA: Papa, bu gün marafon qaçırıq. Leyla da qaçır, Mədət dayı da qaçır, Elçin dayı da qaçır.

İLHAM ƏLİYEV: Qızım, qaçanda üzünüzü ya Salyan tərəfə tutun, ya Şamaxı tərəfə, Qarabağ tərəfə qaçmayın, birdən çıxarsınız ermənilərin üstünə, tutb mələdərlər…

 

Mirzə ƏLİL

MƏDƏT MÜƏLLİMİN MƏSƏLƏSİ

Milli təhlükəsizlik naziri vəzifəsini ifa edən general Mədət Quliyev deyib ki, nazirlik əməkdaşlarının doxsan doqquz faizi ləyaqətli və namuslu insanlardır.

Düzü, bunu oxuyanda çox sevindim. Çünki mənim hesablamalarımla generalın rəqəmi az fərqlənir – cəmi bir faiz. Mən fikirləşirdim ki, bu nazirlikdəkilərir yüz faizi ləyaqətli və namusludur.

İndi qalır ləyaqətsiz və namussuz əməkdaşların sayını tapmaq. Mənə elə gəlir ki, sadə tənlik qurma yoluyla bu məsələni həll etmək olar, ancaq bunun üçün gərək nazirlikdə işçilərin ümumi sayını biləsən. Bu say da yəqin dövlət sirridir. Belə çıxır ki, Mədət müəllimin məsələsini biz həll edə bilmərik.

Ancaq fikir eləməyə dəyməz. Doxsan doqquzla yüzün fərqi nədir ki. Heç nə. Ona görə də mən belə fikirləşirəm ki, bizim millətin təhlükəsizliyi tam təmin olunur və buna görə də millət yorğanı başına çəkib rahat yata bilər. İndi də qış girir, yuxunun şirin vaxtıdır…

Ay Mədət müəllim, elə siz özünüz də yatıb dincəlin. Özünüzü çox yormayın. Sizin kimi insanlar dövlətimizə, millətimizə çox lazımdırlar. Yəni siz özünüz elə lazımsınız, indi gəlib çıxmısınız…

Ancaq gələndə, Mədət müəllim, gərək damın qapısını açıb Xədicə xanımı, Leyla xanımı, İlqar bəyi, Anar bəyi, Hilal müəllimi, cənab Mirqədirovu, gözəl talış balası və Azərbaycan şairi Tofiq Həsənlimi buraxaydınız…Hamıının adını yazmıram, bəlkə bu da dövlət sirridir, sonra məndən inciyərsiniz..

İçirəm sağlığınıza!

Mirzə Əlil