Архив тегов | Məhəmmədin arvadları

MƏHƏMMƏDİN ON BİRİNCİ ARVADI. BİZƏ CƏNNƏT VƏD EDƏNLƏRİN ÖZÜ CƏNNƏTƏ İNANIRDIMI?

Maymunə

Məhəmmədin on birinci və sonuncu arvadı Maymunə bint əl Hariz əl Hilaliyyahın əsl adı Barrah olub, Məhəmməd ona “yaxşı xəbərlər” mənasında olan Maymunə adını verib, çünki bu qadınla evlənməyi yeddi il ərzində ilk dəfə doğma şəhəri Məkkəyə gedə bilməyi ilə bir baxta düşüb. Hərçənd bu adı “bəxtəvər” kimi izah edənlər də var.

Maymunənin atası əl Hariz Məkkənin Hilali qəbiləsindən, anası  Hind bint Auf Yəmənin Himayari qəbələsindən idi. Layla, Huzayla və Huzza onun atabir ögey bacılarıdır. Anabir bacılarından biri Əsmə bint Üməy Əbu Bəkrin arvadı idi. Məhəmmədin arvadı Zeynəb bint Xuzaymanın da Maymunənin anabir bacısı olduğunu iddia edən ənənə mövcuddur.

Maymuna ilk dəfə Əbu Ruhm ibn əl Üzzəyə ərə gedib və onun ölümündən sonra dul qalıb. Məhəmməd ona 629-cu ildə  Məkkədən on kilometr aralı olan Sarif adlı yerdə Kiçik Həccdən az sonra evlənmişdir. Bu vaxt Məhəmmədin 59, Maymunənin isə təxminən 35 yaşı olub.

Məhəmmədin Maymunəyə necə evləndiyi barədə məlumat çox deyil. Bir mənbədə (https://www.al-islam.org/articles/polygamy-and-marriages-prophet-muhammad-sayyid-muhammad-rizvi)  Maymunanın Məhəmmədə qədər ikinci ərinin də olduğu və onun hicrənin 7-ci ilində öldüyü deyilir. Bundan sonra Maymunə guya dərhal Məhəmmədin yanına gələrək, peyğəmbər qəbul edərsə, özünü “hədiyyə” kimi təklif edib. Və guya onun ən böyük arzusu “peyğəmbər arvadı» olmaq imiş. Peyğəmbər də dərhal yuxarıdan ayə (33:50) gətirdərək onu alır.

Ümumiyyətlə, islam banilərinin həyatı ilə tanışlığı artırdıqca onların axirətə, cənnətə ya cəhənnəmə inaandıqlarına, hüquqşünaslar demişkən, əsaslı şübhələr yaranır. Onların hər biri, əllərində fürsət olduqca, sıravi möminləri təkidlə çəkindirdikləri dünya nemətlərindən bolluca  faydalanmağa çalışıb. Kimin kimi və neçə dəfə  aldığına, kimin kimə və və neçə dəfə ərə getdiyini araşdırdıqca başını itirirsən. Maymunə Məhəmmədin on birinci arvadı, Məhəmməd onun üçüncü əridir. Maymunənin bacısı Zeynəb də peyğəmbərin arvadı olub. Digər bacısı Əsma üç dəfə ərə gedib: 1. Cəfər ibn Abi Talib 2. Əbu Bəkr 3. Əli…

Cənnətin olduğuna və ora düşəcəklərinə şübhəsi olmayan, bu dünyanı fəna sayan insanlar niyə arvadı arvad dalınca ya ikisini birdən alır, qənimət bölüşdürür, qul, əsir alveri edirdilər?

Müsəlman mənbələri Maymunənın də Məhəmmədin başqa arvadları kimi çox dindar, Allaha pərəstişində sədaqətli olduğunu deyir. Guya Məhəmməd son xəstəliyinin əlamətlərini Maymunanın otağında olanda hiss edib. Və arvadlarının razılığını alaraq Aişənin evinə gedib…

“Maymunə geniş bilikli və intellekt sahibi olan qadın idi” – müsəlman məbələrinin birindən oxuyuruq. Görəsən bu bilik hansı sahələrdə olub? Bu sualın cavabı da müsəlman mənbəyində var: O, yəni Maymunə, müsəlmanlara Sünnə və hədisləri öyrədirdi. Təxminən 13 hədis danışıb ki, onlar Səhih Buxariyə və Səhih Müslimə salınıb…

Maymunənin hansı elmləri tədris etdiyi barədə təsəvvür yarandı? Qərb də deyir ki, Mariya Sklovodskaya-Küri-filan…

Miladdan əvvəl ikinci əsrdə yaşamış Aqlaonika qədim Yunanıstanın ilk astronomu sayılır. O, ay tutulmalarını qabaqcadan deyə bilirmiş…

İtaliyada 11-ci əsrdə Salernolu Trotula Salerno tibb məktəbində kafedraya rəhbərlik edib…

Və sair…

Maymunənın 671-ci ilin yanvarında öldüyü deyilir. Bu tarixə şübhə edənlər də var. Əl Təbari Maymunanın 681-ci ildə, 1-ci Yezidin xəlifəliyi dövründə öldüyünü güman edir.

İbn Həcər isə Maymunənin Aişədən əvvəl öldüyünü bildirən rəvayəti sitat gətirir: “Biz Mədinə divarları üstündə dayanıb baxırdıq… Ya Allah! Maymunə daha yoxdur. O bizim hamımızdan dindar və qohumlarına sadiq idi”.

On bir ya on üç arvaddan biri olan Aişə üçün möminliyin, dindarlığn nə olduğunu başa düşə bilmirəm.

Qohumlara sədaqəti başa düşmək olar. O kişilər (arvadlar da) qohumcanlı olublar… İslam aləmi indi də qohumcanlıdır və bəlalarımızın əsas mənbələrindən biri elə budur…

 X.X.

19.11. 2024, Samara

MƏHƏMMƏDİN DOQQUZUNCU ARVADI: MÜAVİYƏNİN BACISI, PEYĞƏMBƏRİN QAYININ ARVADI…

ÜMM HƏBİBƏ

Ümumilikdə Məhəmmədin on bir arvadı olduğu deyilir. İyirnmi beş yaşı olanda Xədicəyə evlənib. Xədicənin Məhəmmədə ərə getdiyi vaxt neçə yaşında olduğu dəqiq bilinmir, 28-dən 41-ə qədər müxtəlif rəqəmlər göstərilir.

Xədicə 519-cu ildə ölüb. Bundan sonra Məhəmməd on arvad alıb. Bunlardan başqa, Reyhanə bint Zeyd və Mariyya bint Şamun da var ki, onların statusu mübahisəlidir, islam ilahiyyatçıları bu iki qadının Məhəmmədin kəbinli arvadı ya onun cariyəsi olduqları barədə vahid fikrə gələ bilmirlər. Ayişəni çıxmaqla, bütün bu arvadlar Məhhəmmədə gedənə qədər ya dul, ya boşanmış olublar. Geniş yayılmış fikir belədir ki, Məhəmmədim yeddi bioloji övladı (üç oğlan, dörd qız) 598-ci ildən 611 ya 615-ci ilə qədər Xədicədən olub. 630-cu ildə Mariyya Məhəmmədə oğlan doğub, ancaq o da Məhəmmədin bütün oğlan övladları kimi körpəliyində ölüb.

Peyğəmbərin məsləkdaşlarından olan Ənas ibn Malik danışırmış ki, Məhəmməd arvadlarının yanına növbə ilə girirmiş. Ondan soruşurlar: “Buna peyğəmbərin gücü çatırdımı?” Ənas cavab verir: “Biz deyə bilərik ki, Məhəmmədə otuz kişinin gücü verilmişdi”. (Səhih əl Buxari).

Ramla bint Əbu Sufyan ibn Hərb Məhəmmədim arvadlarının ümumi siyahısında doqquzuncudur, ancaq buna qədər peyğəmbərini iki arvadının öldüyü nəzərə alınsa, yeddincidir. Doğum tarixi 589 ya 595-ci il kimi göstərilir. Daha çox kunyası ilə, yəni ilk oğlan övladına görə verilən adıyla, yəni Ümm Həbibə kimi tanınır.

Ümm Həbibə Əbu Süfyan ibn Hərb və Səfiyyə bint Abi əl Əsin qızıdır. Abi Süfyan Üməyyə klanının başçısı və 624-630-cu illərdə Məhəmmədin ən güclü opponenti olub. Sonralar İslamı qəbul etmiş və müsəlmanların tərəfində vuruşmuşdur. 1-ci Müaviyə Ramlanın atabir qardaşı, üçüncü səlif Osman xalası oğlu idi.

Ramlanın birinci əri Ubayd  Allah ibn Cəhş, yəni əvvəl Məhəmmədin oğulluğunun, sonra özünün arvadı olmuş  Zeynəb bint Cəhşin qardaşı idi.

(Belə çıxır ki, peyğəmbər həm oğulluğunun arvadını alıb, həm də qaynının arvadını? Bəlkə mən səhv başa düşdüm?)

Ubayd Allah İslamı ilk qəbul edənlərdən olub və Qureyşilərin düşmənçiliyindən qaçaraq Həbəşistana köçüb, burda Həbibə adlı qızı doğulub. Ubayd Həbəşistanda xristianlığı qəbul edir, Ramla isə müsəlmanlığından dönmür. Buna görə onlar ayrılırlar.

Gözləmə müddəti bitən gün Məhəmməd Ramlaya elçi göndərir. Toy mərasimi 628-ci ildə Həbəşistanda olur, ancaq Məhəmməd özü iştirak etmir. Ramla  Məhəmmədə yaxın olan Xalid ibn Səidi mərasim üçün qanuni qəyyum seçir.Həbəşistan kralı Nequs guya özü xütbə oxuyur, Xalid ibn Səid buna cavab olaraq nitq deyir. Nequs Xalidə 400 dinar verir və toydan sonra bayram şənliyi düzəldir…

Məhəmmədin Ramlaya Hicrdən bir sonra evləndiyini iddia edənlər var.

Ümm Həbibə Mədinədə yaşayan vaxtlar atası Əbu Süfyanın ona qonaq gəldiyi barədə rəvayət var. “O, içəri girən girib nəbinin xalçasına sarı gedəndə qızı xalçanı bükür ki, o otura bilməsin.  “Əziz qızım, — o deyir, — çətin ağlıma gələrdi ki, sən fikirləşəsən xalça mənə layiq deyil ya mən xalçaya layiq deyiləm!” Qızı cavab verir: “Bu, nəbinin xalçasıdır, sən isə natəmiz bütpərəstsən. Mən istəmirənm ki, sən nəbinin xalçasında oturasan”. “Allaha and olsun, — atası deyir, — mənim evimdən gedəndən sən xarab olmusan”…

Bütpərəstlik natəmizlikdir? Bəs bir ildə ikisini alıb arvadların sayını ondan aşırmaq yaxşıdır?

Məhəmməd 630-cu ildə Məkkəni ələ keçirın vaxt şəhərin təhvil verilməsində Əbu Süfyanın əsas rol oynadığı deyilir. O, başqa qureşi liderləri ilə birlikdə təhlükəsizlik təminatı alaraq təslim olur. Yəqin ki, o vaxt da islamı qəbul edir. Hunayn döyüşündə o artıq müsəlmanların tərəfində vuruşur . Gözünü itirir və könlünü almaq üçün  qənimətin nisbətən yüksək faizi  ilə mükafatlanır və Nəcranın valisi təyin edilir…

(ingilis Vikipediyasının materialları əsasında)

X.X.

14-15. 11. 2024, Samara

MƏHƏMMƏDİN SƏKKİZİNCİ ARVADI. ZAVALLI CUVAYRİYYƏ…

Cuvayriyyə bint Harith (607/8 — 675/6) rəhbəri olduğu Banu Müstaliq qəbiləsi ilə birlikdə döyüşdə məğlub olmuş Əl Hariz ibn Abi Dirarın qızıdır.

Rəvayətə görə, Dhü Qarad yürüşündən qayıtdıqdan sonra Banu al Müstaliqin ona qarşı hücum hazırladığı barədə şayiələr eşidir. Buraydah ibn əl Hasib əl Əslami adlı casus göndədirir ki, bun təsdiq etsin. Banu əl Müstəliq də inanır ki, Məhəmməd ona qarşı hücum hazırlayır. O qəbilədən də casus göndərilir ki, müsəlmanların mövqelərini öyrənsin. Casus müsəlmanlar tərəfindən tutulub öldürülür.

İki ordu Məkkədən az aralıda, dənizə yaxın Əl Mürəysi adlanan yerdə düşərgə salır. Döyüş bir saata yaxın davam edir, müsəlmanlar tez tüstünlük qazanıb Əl Müstəliqi mühasirəyə alır və bütün qəbiləni ilxılarla, sürülərlə birgə əsir götürürlər. İki yüz ailənin əsir alındığı, iki yüz dəvənin, beş min qoyun və keçinin, böyük miqdarda ev şeylərinin qənimət kimi ələ keçirldiyi deyilir. Ev şeyləri sonra hərracda satılır… (Uilyam Muir).

Ox-yay döyüşündə Müstəliq on adam, müsəlmanlar isə Helpər adlı bir nəfəri itirir. Cüvayriyyə bint əl Hariz əsirlərdən biri idi. Onun əri Mustafa bin Safvan  da bundan qabaq müsəlmanlarla döyüşdə öldürülmüşdü. Cüvayriyyə əvvəlcə Məhəmmədin yaxın tərəfdarı, onun natiqi və katibi olmuş  Zabit ibn Qeys ibn Əl Şammasın əlinə düşür. Bundan narahat olan Cüvəyriyyə Məhəmmədə müraciət edib deyir ki, o, rəhbərin qızıdır, əmr verməyə öyərşib, indi kölə kimi yaşamağa dözə bilmir…Mahmud Əhməd Qəzənfər yazır ki, bu hüznlü yalvarışdan təsirlənən peyğəmbər ona deyir: azad qadın kimi yaşamaq istəyirsə, fidyəsini özü ödəyər. (Özündən qırx yaşlı kişinin arvadı olmaq azadlıqdır, ay Qəzənfər?)

Qəzənfər daha sonra deyir ki, Cüvəyriyyə onun statusunun belə qalxa biləcəyini gözləyə bilməzdi. Və peyğəmbərə deyir ki, onun təklifindən böyük xoşbəxtlik ola bilməz…

Bununla da Cüvəyriyyə  Zabit ibn Qeysin əsirliyindən qurtarır və tayfasının vəziyyəti yaxşılaşır. (Alfred Giyom)

Cüvəyriyyənin o vaxt 18, ən çoxu 19 yaşında olduğunu hesablamaq çətin deyil…

Məhəmmədin isə əlli yeddi ya əlli səkkiz yaşı var idi. Yəni özünü, atasını, tayfasını əsirlikdən qurdarmaq üçün gənc xanım özündən qırx (!) yaş böyük olan kişiyə təslim edir…

Əl Hariz ibn Abi Dirar haqqında məlumat çox azdır. Bir mənbədə kömpüter hesablamalarına görə onun təxminən 571-ci ildə doğulduğu bildirilir. Yəni kürəkəni Məhəmmədddən bir yaş kiçik olub. Hərçənd qırx yaş fərqlə Məhəmməd Cuvayriyyənin babası yerindədir…

Məhəmməd öləndə səkkizinci arvadının 22-23 yaşı olub. Uşaqsız gənc xanım. Peyğəmbər də Allahın adından arvadlarına onun ölümündən sonra ərə getməyi qadağan edib. Sevdiyi kişinin arvadı olmaq, uşaq doğmaq, analıq səadəti dadmaq üçün yaratdığı qadına Allah belə acı taleyi rəva bilərdimi?

Rəvayətə görə, onun müstəsna gözəlliyini görə hər kəs sarsılırmış.

Guya Ayişə onun “pəri kimi gözəl” olduğunu deyirmiş…

Azərbaycan xalqı deyir ki, qız gözəl olmasın, bəxti olsun…

Rəvayətə görə, Məhəmmədin ölümündən sonra Əbu Bəkr və Ömər xəlifəlikləri dövründə “möminlərin analarına” 12 00 dirhəm pensiya təyin edirlər. Guya Ömər Cuvayriyyə ilə Səfiyyə iki dəfə az, 6 min vermək istəyirmiş. Hüquqlarını bilən Cuvayriyyə tələb edib ki, onunla günüləri arasında ayrı-seçkilik edilməsin. Və istədiyinə nail olub…

İslamçəlar Juvayriyyəni də, Məhəmmədin bütün başqa arvadları kimi, qatı dindar kimi təsvir edir və ağlagəlməz rəvayətlər uydururlar. Guya bir dəfə Məhəmməd sübh çağı evdən çıxarkən Cuvayriyyə namaz qılırmış. Evə qayıdanda görür ki, gənc arvadı elə həmin yerdə namazdadır. “Səhərdən burdasan?” – peğyğəmbər soruşur. “Bəli” – Cuvayriyyə cavab verir…

Cuvayriyyə 65 yaşında ölüb.

Yazıq Cuvayriyyə…

12-13. 11. 2024, Samara

MƏHƏMMƏDİN YEDDİNCİ ARVADI. 2. 33-CÜ SURƏNİ QƏBUL EDƏN İNSAN ZƏNCİR OCAĞINA VƏ AYRI HOQQALARA NİYƏ İNANMASIN?

zeynəb bint cəhş

əvvəli burda: https://xeyrulla.com/2024/11/09/mehemmedin-yeddinci-arvadi-zeyneble-zeydin-evlenmeyi/

Zeyd Zeynəbi 626-cı ilin dekabrında boşayıb.

İslama qədərki ərəblərdə oğullun arvadına, boşanmış olsa da, evlənmək düzgün sayılmayıb və bu cür nikaha insest kimi baxılıb. Ona görə Məhəmməd Zeynəbə evlənmək istəyini ürəyində gizlədir. Ancaq Allahdan nə gizlədə bilərsən? Allah Məhəmmədin ürəyindən keçəni bilib ayə göndərir

Adamlardan qorxub qəlbində gizlətdiyini Allah üzə çıxardı, hərçənd Allahdan daha çox qorxmaq lazımdır. Zeyd ona qarşı arzusunu təmin edəndə, biz səni ona evləndirdik ki, möminlər övladlığa götürdüklərinin arvadlarına evlənib istəklərini təmin edəndə, sıxıntı çəkməsinlər…”

Bunu mən mötəbər akademik Kraçkovskinin ruscaya tərcüməsindən çevirmişəm. İngiliscə tərcümə də buna yaxındır:

“…in order that there may be no difficulty to the Believers in (the matter of) marriage with the wives of their adopted sons, when the latter have dissolved with the necessary (formality) (their marriage) with them..»

Yəni:

“Möminlər oğulluğa götürdüklərinin boşadığı arvadlara evlənəndə çətinlik olmasın…”

Bunun Allah tərəfindən göndərildiyinə mən inana bilmərəm, məni buna inandırmağa çalışan ilahiyyatçı ya sadəlöhdür, ya şarlatan və lotudur, ya da Elşad Miri kimi rasional manipulyator və üskükoynadandır.

On minlərlə, yüz minlərlə Sudandakı, Yəməndəki humanitar fəlakəti nəzərə alsaq, milyonlarla müsəlman balası, körpələr, qocalar bombalanırlar, mərmi, güllə yaralarından ya da aclıqdan ölürlər. İllərlə. Və fəlakətin sonu görünmür. Allah qarışmır. Mən Allahın varlığını inkar etmirəm. Ancaq mən faktı nəzərə çatdırıram ki, mənə məlum olmayan səbəblərə görə yer üzündəki həyata, istər siyasət olsun, istər ailə-məişət məsələləri, Allah qarışmır. Milyon körpənin həyatının xilası üçün iradə göstərməyən Allah Məhəmmədi gah bu arvada, gah o arvada evləndirmək üçün ayələr göndərməliydi? Bunu qəbul edənin Allaha inamı şübhəlidir. Buna inananın Allahı yoxdur!

Və Məhəmməd ərəblərə elan edir ki, Allah fikrini dəyişib, oğulluq daha oğul sayılmır.

Yazıq Zeyd…

Zeydin adı da dəyişilir. O daha Zeyd ibn Məhəmməd deyil, əvvəlki kimi Zeyd ibn Harizədir…

Zəncir ocağına sitayiş edənləri niyə qınayırıq? 33-cü surəni qəbul edən hər cür möcüzəyə inanar…

Və bundan sonra bütün oğulluğa götürülmüş uşaqlar varislik hüquqlarını itirirlər. Yəni peyğəmbərin növbəti toyu çox yetim üçün yasa dönür…

27 mart 627-ci ildə, yəni gözləmə müddəti bitən kimi Məhəmməd Zeynəbə evlənir. Ibn Həcər əl-Əsqalani yazır ki, “…o (Məhəmməd), Zeynəb onun gözləməyən vaxt gedib qapını döymədən onun evinə girdi. O (Zeynəb) soruşdu: “Belə görürəm ki, bizim izdivacımza heç bir şahid ya vəli olmayacaq”. Məhəmməd dedi: “Allah şahiddir, Cəbrayıl vəlidir”…

Əbdülməlik əl İslam yazır ki, Məhəmməd Zeynəbə 400 dirhəm məhr verir.

Sonra qoyun kəsinb toy məclisi qurur. Qonaqların sayı yetmişdən çox imiş və Məhəmmədin əvvəlki toylarının heç birində belə böyük məclis olmayıb.

Məhəmmədə on il xidmət etmiş Ənas ibn Malik guya belə deyirmiş: “Sonra (banketdən sonra – X.X.) o (Məhəmməd) adəti üzrə çıxdı və möminlərin analarının (yəni arvadlarının) yaşadıqları yerə gəldi, onlar ona xeyirdua verdilər, o da onlara xeyirdua verdi. Sonra geri döndü və iki adamın hələ də (yəqin toy yerində) oturduğunu gördü. Beləliklə, o yenə getdi. Yadımda deyil, onların (yəni toydan sonra dağılışıb getməyən iki nəfərin) çıxıb getdiyini mən ona çatdırdım ya ayrı adam”.

Yəni Məhəmməd təzə arvadla təklənmək istəyir, iki nəfər üzünə salıb oturub.

Təzəbəy, əlbəttə, darıxır, əsəbiləşir. Allah dərhaı ayə göndərir.

“Ey iman gətirənlər, Peyğəmbərin evinə yalnız siin yeməyinizə razılıq veriləndə gedin… Dəvət olunanda gedin, elə ki, yedinz, söhbətə girişmədən çıxıb gedin.  Həqiqətən bu, Peyğəmbəri naharah edir, o sizdən utanır…Əgər şeyşüy lazımdırsa, pərdə dalından istəyin…”

Və elə burdaca Allah Məhəmmədin arvadlarına onun ölümündən sonra ərə getməyi qadağn edir: “Və sizə yaraşmaz ki, Allahın Elçisini incidəsiniz və ya ondan sonra onun arvadlarına evlənəsiniz, Allahın nəzərində bu, rəzilik olar”.

Niyə rəzillik olur? Məhəmməd özü dörd-beş ərə getmiş arvadlara evlənir, arvadları dul qalandan sonra ərə gedə bilmirlər…

Qayıdaq o toydan sonra çıxıb getməyən o iki sırtığa. Məgər Allah ayə göndərməkdənsə, onların qarnına sancı salıb ordan qova bilməzdimi?

Təzəbəy… Zeynəbə evlənəndə Məhəmmədin 57 yaşı olub…

Yüz ilə yaxın bundan əvvəl, mən uşaq olanda kənd toyları səhərə yaxın dağılardı. Bəy təriflənəndən sonra sağdış-solduşun müşayiəti ilə toyxanadan çıxıb evə aparılırdı. Evin yaxın adamları dağılışb getmək istəməyən beş-on naqqalı təkidlə evin həndəvərindən qovurdular. Başa düşmürdüm niyə…

10. 11. 2024, Samara

(ardı var)