Архив тегов | Məhərrəm Qasımlı

AŞIQ PƏNAH KAZUSU. «OĞLUN MƏHSUL YIĞIR, QIZIN SÜD SAĞIR…»

aşıq pənah

Aşıq Ələsgəri Aşıqlar Birliyində təsəvvür edirsiniz? Gəlin təsəvvür edək. Aşıq Ələsgər Aşıqlar birliyinin üzvüdür, birliyə üzvlük haqqı verir, birlik də ona Stalin köynəyi, Allahşükür papağı… Günlərin bir günü akademik Məhərrəm Qasımlı Aşıq Ələsgəri çağırtdırır birliyə, Aşıq  Ələsgər girir rəhbərin kabinetinə, təzim edib soruşur:

— Nə mıəsələdir, qadan alım?

— Ələsgər, mən səni birlikdən çıxarıram.

— Niyə çıxarırsan, ağren alım?

— Sən sazı qılçalarının arasından keçirmisən.

— Ay ağademiy, hansı qurumsaq onu sənə deyib?

— Ələsgər, mənim təhlükəsizlik xidmətim var, hər toyda üç-dörd adamım oturur…

Və s.

Dal gərdənə tökülübdür hörmələr,

Qızıl kəmər incə beli bürmələr,
Atlas köynək üstdə qızıl düymələr,
Düzülübdür yaxasına Pərimin…

Yeddi qata işləyən bu misraların müəllifi Abbas Tufarqanlınını Məhərrəm Qasımlının kənd təsərrüfatı nazirliyi kimi idarə olunan birliuyində təsəvvür etmək mümkündürmü?

Sovet hakimiyyətinin “xalq aşığı” proyekti öz missiyasını həyata keçirdi. Saz çala bilməyən, söz qoşa bilməyən onlarla, yüzlərlə aşıq toy yola verməkdən çox ideoloji iş aparırdılar, xalqda bəd zövq yaradır, onun əxlaq və mənəviyyatını pozurdular. “Aşıq” proyekti güclü bir yalan industriyası yaradırdı: Pənahın, Şakirin adından “şeir” qoşanlar, melodiya qondaranlar, onların səslərini yazanlar, səfərlərini təşkil edənlər…

Hər qarış torpaqdan  bərəkət yağır,

Oğlun məhsul yığır qızın süd sağır

Bunu aşıq Şakir üçün hansı aferist yazıb? Mən Azərbaycanda yaşayan vaxtlar “Kəndimz” mahnısı hər həftə radio ilə səslənirdi.

Bərəkət torpaqdan yağar ya göydən?

Yəni guya belə əmək bölgüsü vardı – oğlan məhsul yığırdı, qız süd sağırdı? Hanı o qurumsaq, bunu yazanı deyirəm, qaldırın onu yatdığı yerdən, tüpürək gözünün içinə.

50-ci illərdə azərbaycanlı qızın, arvadın topuğacan zımrığa bataraq mal sağmağında tərifli, şairanə nə var? 50-ci, 60-cı, elə lap 70-ci illərin kənd fermaları hünər meydan deyildi, işgəncə məkanı idi.

Sovet hökuməti vaxtaşırı bu sağıcılardan birini, yəqin ki, adamı olanı ya da gözəgəlimlisini, qəhrəmana çevirir, döşünə orden taxırdı.

Döşünə orden taxılan sağcı bir də malın altına girərdimi? Bu sağıcı ordn alan kimi olurdu rayon partiya komitəsinin plenum üzvü, deputat. Ondan daha zımrıq iyi yox, “Krasnaya Moskva” ətri gəlirdi…

Salyanlı mərhum feldşer Məhərrəm qonşuda televizora baxır. Xəbər verirlər ki, hansı sağacıyasa orden verilib. Feldşer Məhərrəm yarm litr vurandan sonra həyata tənqidi baxırdı və sosializm gerçəkliyinin qüsurlarına gözü açılırd, əsl dissidentə çevrilirdi. Mərhum ətrafına baxaraq deyir: “Balam, arvadın qaydasıdır mal sağmaq, buna görə nə orden?…”

“Zimistanın dönür yaza kəndimiz”.

Şakirin vətəni Kürdəmirdə qışa “zimistan” deyirlər…

“Saz götürüb dastan yazım hüsnünə…”

Dastan yazmaq istəyən saz götürər ya qələm? Üstəlik Şakir də Pənah kimi sazı ancaq zınqıldada bilir…

 “Güllü yaylaqların, meyvə bağların,

Hər şeydən əzizdir bizə kəndimiz…”

Kürdəmirdə güllü yaylaqlar? Cəhənnəm kimi yanan yerdə? Bəlkə qışlaqlar? Salyan kəndləri, məsələn, gədəbəylilər, kəlbəcərlilər üçün qışlaq idi, sürüləri vaqonlarda gətirib boşaldırdılar Salyan stansiyasına, ordan da aparırdılar örüşlərə. dağlılar yazacan bizim kəndlərdə qalırdılar.

İyirimi il ya da daha əvvəl Tümen-Bakı qatarıyla Azərbaycana gedirdim.Kürdəmirdli orta yaşlı bir arvadla qonşu idik. Salyanlı olduğumu bilb istidən söz saldı və mənə güclü arqumentlərlə sübut elədi ki, Kürdəmir Salyandan min qat istidir. “Ədə nə Salyan, yanırıq, tüstümüz çıxır, İmam Hüseyn haqqı..”

Arvad deyirdi ki, sünnü olsalar da, imamları sayırlar…

Arvadın gözəl metaforik nitq var idi, təəssüf edirəm ki, onun danışığındakı gözlənilməz və hətta sarsıdıcı bənzətmələrin yalnız biri yadımda qalıb. Arvadın kiminləsə, deyəsən, gəliniylə sözü olmuşdu. Dedirdi ki, “incidim” Belə deyirdi: “Qəlbim eşşək qanqalı kimi sınıb axı!”

Vallah, bu arvad bədii dildən Səməd Vurğuna dərs deyə bilərdi…

Kürdəmirli aşıq Şakir isə oxuyur:

“Çəkirsən ağ günə, neçə yol, cığır…”.

Yaxşı, deyək ki, kürdəmirlilər ağ günə yol çəkirlər. Yaxşı, yol çəkilirsə, cığır niyə çəkilir, hə?

Bu, ölməz misra İlham Əliyevin jol proyektini xatırlatdı. Məlumdur ki, yol məsələsində İlham Əliyev heç kimə ümid olmir, nə parlamentə, nə hökumətə, nə yerli orqanlara etibar edir. Hər kəndin yoluna özü pul ayırır. Yolun pulunu saxlayır cibində, harda yol yoxsa, bir dəstə pul çıxarıb verir etibar elədiyi adamlara. Etibar elədiyi aamlar isə ya yol əvəzinə cığır çəkirlər, ya da heç nə çəkmirlər…

Bunlar ayrı şeydir, mən siyasətə qarışmıram. Siyasətə qarışanın lap… Mən aşıq sənətindən yazırzm.

Hə, Şakirin adından yazılmış “Kəndimiz” qoşmasına fikir verin, You Tube-da qulaq asın. Görərsiniz ki, o, dilyllə, üslubuyla Pənahın adından yazılan “şeirlər”lə eynidir. Yən “xalq aşığı” proyekti yalan industriyası ilə bərtabər mafioz korporasiya da yaradır ki, o da bu siyasi proyektin söz və musiqi kontentini qayırıb düzəldir…

(ardı var)

09.09. 2023, Samara

 

AŞIQ PƏNAH KAZUSU. MƏHƏRRƏM QASIMLI: «SAZI QIÇLARIN ARASINDAN KEÇİRMƏK OLMAZ…»

aşıq pənah

“Şöhrət” ordenli akademik Məhərrəm Qasımlının belə misraları da var, ən azı tortun üzəinə həkk olunmağa layiqdir:

“Ürəksizdə ürək olmaz”, “Çörəksizdə çörək olmaz”, “Kim tanımır yaş söyüdü, Əyiləndi, dirək olmaz”…

Aşıqlar birliyinin sədri deyir: “Biliyin nizamnaməsində qoyulan tələblər var ki, aşıqlar hansı ədəb-ərkan qaydalarına riayət etməlidirlər… Olur ki, efirdə, məclisdə saza yaraşmayan qeyri-etik hərəkətlər edirlər.”. Jurnalist soruşur: “ Məsələn, sazı başa qaldırmaq?”. Akademik: “ Bəli. Təkcə başa qaldırmaq yox, ayaqlarının arasından keçirmək, akrobatik hərəkətlər etmək… Bunlara yol verən adamlar bizim sıralarımızda yer ala bilməzlər”.

Yəqin akademik “qıçların arasından” deyib, ancaq jurnalist sukin sın dəyişib, heyvan başa düşmür ki, sazı və ya ayrı şeyi ancaq qıçların arasından keçirmək olar, ayaqların arasından yox. Heyvərə o mərhum salyanlı zurnaçı Əlməhəmməd kimi “qiryəti” yaxşı başa düşmür…

İndi qayıdaq Aşıq Pənahın 90 illik yubileyinə. Akademik Qasımlının tarixi və unudulmaz çıxışından sonra səhnəyə gənc aşıqlar çıxırlar ki, bunda da dərin simvolizm var, çünki bu, Pənah sənətinin yaşadığını və daim yaşayacağını göstərir.

Aşıqlar və aşıqçılar səhnədə yarımdairə şəklində dururlar: sağdan və soldan uclarda aşıqlar, arada isə balabançılar, nağaraçılar və qarmonçu. Tula qarmonunun aşıq sənətində nə qədər mühüm yer tutduğunu akademik Qasımlı yaxşı bilir… Aşıqlar dəstəsini sağdan sumo güləşçisinə bənzəyən bir bədheybət qapayır. Birdən bu “sazçı oğlanlar ansamblı” hərəkətə gəlir və iyirtminci əsrin böyük aşığı və şairi Pənahın “Gözəllərin” gəraylısını oxuyur. İfanı sumoçu başlayır

Bir od olub yaxır məni

Şəhla gözü gözəllərim

Bizim Nəsimi, Füzuli kimi şairləriimiz eyni zamanda bir gözəlin eşqindəydilər, Pənah  isə btün gözəllərin eşqindədir. Vudi Allenin bir qəhrəmanı psixi-psixoloji problem yaşaryıdı, deyirdi ki, qadınların hamısını istəyir, hansı qadını görürsə, istəyir ki, onu zad eləsin…

Rəhmətlik xalam da yadıma düşür. Bir dəfə mənim yanımda subay oğluna dedi: “Köpüyoğlu, eşitmişəm medşkoladan (Salyanda tibb məktəbi vardı) qız istəyirsən. Hansını?” Xaloğlum da hazaırcavab idi, gülüb dedi: “Hamısını…”

Sonra:

Alır başımdan ağlımı

Şirin sözlü gözəllərin.

Bir şey başa düşdünüz? Gözəllərin şirin sözündən Pənahın ağlı başından çıxır…

Yeri gəlmişkən: Salyanda dəlixana var idi. İndi də var…

Ancaq bu bənd dinləyicini, oxucunu daha ciddi diskursa hazırlayır.  Pənah, yəni Pənah üçün bu hoqqanı yazan aferist bir an da unutmur ki, o, partiya şairidir, leninçi şairdir, hər misrası ilə sovet adamına kommunist əxlaqı aşılamalı, onu kommuizm quruculuğuna səsləməlidir.

Safdır eşqi, məhəbbəti,
Yaratmaqdır saf niyyəti.

Demək lazımdır ki, eşqin safı, çürüyü olmur. Saf olmayan duyğu eşq deyil ayrı şeydir.

Yaratmaq – yəni pambıq, tütün planını yerinə yetirmək, yeni öhdəliklər götürmək. Ancaq burda kolliziya yaranırdı: pambıqla, tütünlə, fermada mal-qara ilə əlləşən qızlarda gözəllik qalardı? Gözəl — əllərini ağdan-qaraya vurmayan raykom arvadlarıydı, prokurorların, hakimlərin qızlarıydı, məşuqələriydi…

Dünya quran mətanəti

Vardır bizim gözəllərin

Bu da kommunizm qurucusunun əxlaq kodeksindəndir, leninizmdir, leninizm deyirdi ki, kommunistlər SSRİ-də kommunmz qurandan sonra onu bütün dünyada quracaqlar. Dünya kommunizmi – leninçi aşıq bunu deyir.

Son bənddə marksizm-leninzm olsa da, xalturadır, bunu yazan Pənahdan balığı, kürünü alıb, şeiri başdansovdu bitirib. Hərçənd son beytdə həyat həqiqəti var..

Mənim bacım yeddilliyi qurtarandan sonra sovxozda işləyirdi – özü kimi 14 yaşlı və bir az böyük qızlarla. 60-cı illərin əvvəli. Sovxozda texnika yoxdur ya da qıtdır. Kilometrlərlə pambıq arxlarını qızlar əllə qazırdılar. Suvarma arxı dərin idi, uşaqlara boy vermirdi. Və yeniyetmə qızlar və arvadlar bellə bu arxları elə qazırdılar ki, divarları gün düşəndə parıldayırdı…

Sonralar o qızlar ailləlik vaxtı xəstə olurdular. Əksəriyyəti çox yaşamadı…

Pənah deyər hər zəfəri,

Arzuları, əməlləri,

Bəzəyir qadir əlləri
Ölkəmizi gözəlləri...

Hər halda bu bəndi oxuyun. Mübtədanın, xəbərin harda, nəyin nəyə aid olduğunu müəyyən etmək mümkün deyil…

İndi də minlərlə, on minlərlə adam belə yazır.

Bu, Azərbaycan ədəbiyyatıdır.

Bunun Nizami Gəncəviyə dəxli yoxdur, çinki Nizamif arsdilli şairdir və onun şeirlərində yəqin ki, mübtəda xəbərlə uzlaşır. Kommunizm təbliğatı da, əlbəttə, yoxdur…

Hər bənd bitdikcə coşqunluq dərəcəsi artır, balabançı keçir zurnaya, sumoçu ən azı iki sentnerlik piyli bədənini yellədə-yellədə atılıb-düşür…

Hamısı xaric oxuyur…
Operator zalda əsaya söykənmiş, alt çənəsi sallanmış, eynək dalından hara baxdığı bilinməyən Arif Məlikovu göstərir. Qocanın miskin görkəmi ürək parçalaylr…

Doğrudanmı bu adam 27 yaşında “Məhəbbət əfsanəsi”ni yazmış Arif Məlikovdur? Odursa, onun bu yavaxanada nə işi var? Kim onu utandırıb, üzdən salıb gətirib? Bəıkə Pənah ailəsindən evinə yenə  kürü payı gəlir?

Demək lazımdır ki, Pənah ailəsinin üzvləri savadları, intellektləri ilə fərqlənməsələr də, kommersiya məsələsində zirəkdirlər. Görünür ki, Aşıq Pənah proyekti uğurla davan etdirilir və Pənag öləndən çox sonralar da onun adına şeirlər yazdırılır…

(ardı var)

08. 09. 2023, Samara