Архив тегов | Məmməd Araz təhlil

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. «BU DÜZLÜKDƏ DÜZLÜK ÖZÜ ƏYDİ DÜZÜ…»

Məmməd Araz

BU MİLLƏTİN DƏRDİ-SƏRİ


“Nəhrləri döndər belə haqqa sarı”

Kim döndərsin? Necə yəni “belə haqqa”? Haqqın eləsi ya beləsi olur?
«Haqq qapısın açmır, atam, haqq açarı.»

Bu, sözü gəvələyib çürüyünü çıxarmaqdır. Qapı da, açar da “haqq”dırsa, niyə açar qapını açmasın?

“Atam”… Ramiz Rözşəndə “atam” balalayıb: “atam balası”…
“İmanınla, gümanınla haqqa sarın”

Kim sarınmalıdır haqqa? Haqq qapısı açılmırsa, necə sarınsın?

Bəndlər bu misra ilə tamamlanır:
Bu millətin dərdi-səri min şaxəli.

Yəni “bu millətin” (Məmməd Araz özü “bu” millətdən deyil, xalis naxçıvanlıdır) başının ağrısının min budağı var. Diaqnoz aydındır?
“Hökmü bircə: yüz niyyətin, min niyyətin,
Asan yolla asan yola çıxmaq çətin;”

Birinci misranı başa düşmədim. İkinci misra Leonid İliç Brejnevin müdrik sözlərinə bənzəyir. Brejnev, məsələn, deyirdi: “İqtisadiyyat iqtisadi olmalıdır”. Axı Məmməd Araz Pitsunda kurortunda Brejnevlə çox qonşuluq edib. Atalar deyib “atı atın yanına bağlasan…”
“Sayğısı çox, qayğısı çox bu millətin”.

Başa düşdünüz nəyimiz çoxdur? Mən başa düşmədim…
“Tanrım, məni tuş eləmə satqına, tuş”

Məmməd Arazın yan-yörəsi alçaqlarla, çaqqallarla, nakişilərlə, xainlərlə, satqınlarla doludur. Əlacı qalıb Allaha.
“O, milləti şöhrətinə girov qoymuş”.

O – kimdir? O satqının adı var?
“Heç görmədim qan tökəni qannan doymuş”

Hara doyur? Öyrəşikli olub… Məsələn, götürək Məmməd Arazın kürəkəni Aqil Abbası. Deputatlıqdan doyurmu? Aldığı ətək-ətək pullar xalqın qanı deyilmi?

“Özü hakim, özü dustaq öz içində”

Özü dustaq” – bunu başa düşmək olar. Ancaq özü haqdan hakim oldu? Desəydin millətin məhkəməsi yoxdur, dilinə yara düşərdi?
“Qızıl sözü itir lilli söz içində;
Milyonları sel ağzında, toz içində…”

A kişi, qızılın, milyonların yerini konkret deyəydin də, niyə eyhamla danışırsan…

Sonra yenə xalq şairinin dəliliyi tutur:
“Gözgörəti taxtdan salır əyri düzü,
Əyri qələm, əyri fikir, əyri düzüm”.

Kimdi dəli, mənəm dəli…
“Bu düzlükdə düzlük özü əydi düzü…”

Rəhmətlik “bu millətlə” doyunca məzələnib. Bəlkə indi də məzələnir…

Bu, beləcə içimizdən gələn səsdi”

Bu – nə?
“Bu, beləcə yolumuza çıxan dərsdi”

Dərsin yola çıxmağı necə olur?
“Düşmən əli əlimizlə bizi kəsdi”

Can…
“Dağ Aranda, Aran dağda olan yerdə”

Qoqolun “dəli”si deyəndir: yer  ayın belinə minir.
“Baş gödəndən aşağıda olan yerdə…”

Bu bəndi mərhimun kürəkəni Aqil Abbas tamamlayıb, deyib, “bu millətə” soğan əkdirmək lazımdır…

Mirzə Əlil

28. 07. 2024, Samara

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. TÖKÜLƏN DOLUR…YER AYIN BELİNƏ MİNİR…

Məmməd Araz

“14 oktyabr — qırx doqquz yaşım…

 «Görüşdük onunla xəstəxanada.”

“Onunla” – elə bildiniz yanıa gələn naməlum xanımla? Yox. Onunla – yəni qırx doqquz yaşıyla.

Şair bir il sonranın hayındadır. Bir ildən sonra əlli yaşı tamam olacaq. Nə baş verəcək? Aksenti Poprişşinin güman etdiyi kimi, yer aya minəcək?

 “İşığın qəfildən dönər kölgəyə,  Od elə donar ki, donu görünməz.”

Yox, bu, Qoqoldan sitat deyil, Məmməd Arazın şeirindəndir. “Dəlinin qeydləri”ndə yer aya minəcəkdi, burda “od elə donacaq ki, donu görünməyəcək”.

Hardan görünər? Odda don olar?

Biri Molla Nəsrəddinin yanın gəlib deyirdi ki, saqqalı ağrıyır…

“Hər səsi eşitmir əsrin qulağı, 

Ozümə yağışam, özümə çətir.”

Bu iki misra arasında hansısa əlaqə varmı?

İnsan özünə bəlkə də yağış ola bilər, məsələn, lənət şeytana, özünü isladar. Ancaq özünə necə çətir ola bilər?

“Fikrimin çəkisi çəkimdən ağır…”

Qırx doqquz yaşında Məmməd Arazın neçə kilo olduğunu bilsək, fikrinin də çəkisini bilərik. Təxminən 70-75 kilo…

Yolumu gözləyir bir donqar yoxuş,

 Arxada uçrum var, qarşıda qala,

Lokasiya kifayət qədər ətraflı təsvir olunub: donqar yoxuş, “uçrum”, qala…Erməni kəşfiyyatı bunu oxumaya…

Dur, daha qələm də, söz də yorulmuş,

 Dur, azca qurdalan, azca xırdalan!..

Bunu kim deyir? Arvadı? Yox, xəstəxanadadır, yəqin həkim deyər. Ancaq aydın deyil: Harda, nədə qurdalansın? Burnunda? “Bir az xırdalan” – yəni çox böyükdür? Yəni Füzuli boydadır? Bu lap İlham Əliyevin “bir az yavaşıyağ”ına bənzəyir…

“Mən açan çiçəyəm, solan yarpağam…”

Şair elə qırx doqquz yaşından, bəlkə əvvəllər də təvazökar olub… Açan çiçək…

“Nə vaxtsa, dünyanın duru dəmində

Yenidən dünyaya qayıdacağam.”

“Duru dəm” nədir? İsrafilin şeypuru çalınmamış qayıdacaqsan?

“Hardasa, nə vaxtsa tökülən dolur”

Bu misranın təhlili üçün mətbəxdə eksperiment keçirdim. Dolu biq qabdan suyu boş bir qaba tökdüm. Məlum oldu ki, tökülən dolmur,  tökülüb qurtarır…

“Qum üstə arzular göyərir onda”

Göyərmə yönlük halda olmaz, yerlik halda olar. “Üstdə”. (Bu adam nəşriyyatlarda, nəşrlərdə ömrü boyu redaktor, ba. Redaktor olub). Yəni tökülən dolanda arzular qum üstdə göyərir…

Yəni, ruslar demişkən, koqda rak svistnet…

«Ömrün öz tufanı ömrümü didir»

Azərbaycanca desək, ömür öz-özünü didir…

«Господа, спасем луну, потому что земля хочет сесть на нее» 

“Cənablar, gəlin ayı xilas edək, çünki yer onun belinə minmək istəyir” – bu “Dəlinin qeydləri”ndəndir…

“Qırx doqquz yaşıma əlvida dedim, 

Bir kimsə bilmədi özümdən özgə.”

“Kəndçilər institutunu”, yəni pedaqoji institutu bitirib bir-iki il Naxçıvanda müəllilmlik edəndən sonra dabanına tüpürüb Bakıya gələn, gəldiyi gündən ədəbi nəşrlərdə, nəşriyyatlarda məsul vəzifələr tutan, 1974-cü ildən ömrünün axırınacan adını indi öyrəndiyim “Azərbaycan təbiəti” jurnalının rəhbəri olan, Azərbaycanda və Azərbaycandan uzaqlarda olan kurortları, parisləri, londonları daim gəzən bu adam həmişə özünü incik göstərir, hamı onun tikəsini ağzından çıxarır, elədiyi yaxşılıqların qədri bilinmir, ətrafında hamı nakişidir, çaqqaldır, əclafdır (öz sözləridir) özü aydan arı, gündən durudur…

Bu şeiri yazanda Brejnevin sevimli kurortu Pitsundadan təzə gəlib…

Necə yəni “bir kimsə bilmədi”? Şeiri yazıb verdin “Kommunist” qəzetinə, bütün Azərbaycan bildi. Gələn il fəxri ad da verəcəklər. Bəs nə istəyirdin? Yer ayın belinə minməliydi?

Mirzə ƏLİL

27. 07. 2024, Samara

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. NAR KOLUNA BƏNZƏYƏN AZƏRİ QIZI…

Məmməd Araz şeirlərinin çoxunun altında yazılma tarixləri və yerləri göstərilib. Məlum olur ki, mərhum şair ilin yarısını Azərbaycanın və SSRİ-nin ən yaxşı kurortlarında və sanatoriyalarında keçirirmiş. Dönə-dönə Pitsundada, Brejnevin iqaməthgahının yerləşdiyi məşhur Abxaziya kurortunda dincəlib və yəqin ki, Heydət Əliyevin “əziz Leonid İliç” dediyi, hər görüşəndə, Dədə Qorqud demişkən, üç öpüb bir dişlədiyi Baş katiblə qonşuluqda yaşayıb. Məmməd Araz parisləri də çox gəzib, indi gəzməsin… Üstəlik bir şeirində deyir ki, ona bir yaxşı mükafat vermətyiblər. Rəhmətliyin oğlu, daha nə verəcəkdilər?

“Azəri qızı” şeiri 1968-ci ildə Yalta ilə Bakı arasında yazılıb. Məndə Məmməd Arazın Yaltada rus ya xoxol qızları ilə eşqbazlıq eləyib kurort romanı yaşadığına əsaslı şübhələr var. O bəlkə bu kurort macərasının doğurduğu günah hissindən təmizlənmək üçün “azəri qızı”na şeir yazır. Və şeiri başlayan kimi kələfin ucunu itirir.

“Mənim qara şanım, mənim ağ duzum”.

Qara şanı – başa düşdük. Bəs niyə ağ duz? Duzun qarası olur? Bozunu görmüşəm, qarasını yox.

Sonra:

 “Mənim nar ağacım — azəri qızı.”

Yadınızdadırsa, Xan Şuşinski bir erotik mahnı oxuyurdu:

“Qoynunda var bir cüt bar,

Biri heyva, biri nar…”

Bizim erotikamız da cəfəng erotikadır: eyni olmalı iki şey (türkün məsəli) niyə müxtəlif meyvələrə oxşadılır? Qızın patalogiyası var?

Bu, ayrı məsələdir. Məmməd Araz bütöv qızı bütöv nar ağacına bənzədir. Məmməd Araz kəndlidir, narı gözüylə görüb, bilir ki, nar ağacdan çox koldur. Və qız kola bənzyirsə, deməli, yumşaq desək, eybəcərdir.

Belə deyil?

 “Qaldı uzaqlarda Naxçıvan, Bakı; 

Sən indi uyuyur, indi yatırsan.”

Yatmaq elə uyunaq deyil? Niyə iki dəfə?

“Sən mənə o qədim nağıllardakı”
“O qədim” – hansı qədim? O – artıqdır, misranı dildurmaq üçün soxuşdurulub.

 “Uzaq işıqları xatırladırsan.”

“Uzaq işıqlar” hansı nağıllardadır?

“Sanıram səyyaham, yorğunam, acam”

Əlbəttə, səyyahsan, ilin yarısını gəzirsən. Ac niyə olursan? Yaltada xirtdəyəcən yedirirdilər… 

“Sən necə yaxınsan, necə uzaqsan.”

Dağıstanlı demişkən, opredelis: yaxındır ya uzaq?

“Nə qədər dərədə, düzdə yol azsam”

Səməd Vurğun kimi girdi dərəyə. Dağdan düşməmiş dərəyə girirlər…

“Bilirəm, itməyə qoymayacaqsan…”

Yol azmaq – itməkdir?

“Məcnun səhralara düşər yollarım,”

“Məcnun” burda sifət yerindədir. Ancaq “Məcnun səhra”nın nə olduğunu bilən var?

“Dönər ilğımlara Leyli bulaqlar.”

Leyli də sifətdir. Ancaq “Leyli bulaq” nə olan şeydir?

Birdən anası yadına düşür. Deyirlır ki, kurortda ana hər adamın yadına düşmür. Bilmirəm, olmamışam.

“Dünya durulaşır ana səsindən, 

Eh, neçə illərdir onsuzam, gülüm.”

Belə çıxır ki, dünya adətən qatı olur…

Sonrakı beytə baxın, diqqətli olsanız, şairin Azəbaycan ədəbi dilini yaxşı bildiyinə şübhəniz olacaq.

“Planet gözlərin cazibəsində

 Yaşayan bir parça ulduzam, gülüm.”

Bir parça ulduz olar? Bunu Məmməd Araz Molla Nəsrəddin lətifəsindən öyrənib? Molla deyirdi ki, təzə ay çıxanda, köhnəni doğrayıb ulduz qayırırlar. Əgər ayı doğrayırlarsa, onda parça ulduz olar…

 “Qaya duruşumu küsü fırtınan 

Bəzən çilikləyib quma döndərər.”

Məmməd Arazın duruşu qaya duruşudur! Necə təvazölü insan olub! Azəri qızının küsüsü fırtınadır və bu fırtına qayanı, yəni Məmməd Arazın duruşunu “muma döndərər”.

Sona nə gələcək? Əlbəttə, “muma döndərər”!

 “Vəfan sərtliyimi salar atından, 

Eşqin qəzəbimi muma döndərər.”

Sonuncu bəndin izahına psixiatrların, linqvistlərin, tarixçilərin birgə konsiliumu lazımdır.

“Gör Azəri qızı düşündüm nəyi”

Aha! Nəyi düşünüb?

 “Sən kişi ömrünün dəyirman pəri”

  Yadınızdadırsa, bu azəri qızı şeirin əvvəlində qara şanı, ağ duz və nar kolu idi.

Son beytdə Məmməd Araz Azərbaycan dilinin qrammatikasını yaradanların anasını söyüb.

“Koroğlu Misrinin Nigar dəstəyi”

Azəri qızı indi dəstək oldu. Nəyin dəstəyi? Misrinin? Bəlkə misri qılıncın?

 “Nəbi Aynalının Həcər səngəri…”

Məmməd Araz demək istəyib “Nəbinin aynalı tüvəngi”. Misraya sığışdıra bilməyib, basməmmədi eləyib. Burda “Aynalı” Nəbinin soyadı kimi səslənir…

Azərbaycan dilinin qrammatikasını yaradanlar son misranı oxusaydılar, dünyaya gəldiklərinə peşman olardılar…

Mirzə ƏLİL

26. 07. 2024, Samara

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -IX

Məmməd Araz şeirləri

“YOXDU

Bu şeir aşıq gəraylısı formasındadır. Məmməd Arza sazı basıb sinəsinə, görək nə deyib.

“Bu ocaqda söz alışqan,

Alışan var, yanan yoxdu.

Hansı ocaqda? İkinci misraya fikir verin: deməli, Həsən keçəl keçəl Həsən deyil? Alışanla yananın fərqi nədir?

Şeir başdan-başa narazılıq, giley, təhqir, alçaltma və aşağılamadır.

“Söz qanmaz ki, şeşələnir,

Söz küllükdə eşələnir.

Söz qanmayanın şeşələnməyi necə olur? Əgər Füzulini kimsə qanmırsa, Füsulinin sözü küllüükdə eşələnməlidir? Məmməd Arazın öz şeirlərinin yeri, hə, küllükdür. Ancaq Füzuli var, Molla Pənah var…

“Min dərdim var — rişələnir,

Bircəsini qanan yoxdu.

Naxçıvandan Bakıya ayaq qoyandan Məmməd  İbarahimin (Arazın) nazı çəkilib, bir kitabxanalıq kitabı dövlətin, yəni xalqın puluyla nəşr edilib, özü ətək-ətək qonorar alıb, kurortlar gəzib. Deyir “dərdimi qanan yoxdu…”

Birdən cəfəngiyyat yazdığını çaşıb etiraf edir:

“Daşdan-kəsəkdən yazıram,

Çəndən-çiçəkdən yazıram,

 İtdən-pişikdən yazıram,

 Heç fərqinə varan yoxdu.

Fərqinə varsaydılar, deyərdilər cənab, sən bizi dolamısan? Get ictimai-faydalı əməklə məşğul ol…

“Sözümü yordum bu yolda,

İzimi yordum bu yolda,

Dözümü yordum bu yolda;

 Dözümə də güman yoxdu.

Bu bəndi kilometrlərlə uzatmaq olar: üzümü, gözümü, ağzımı, bezimi, dizimi…

Görəsən, Məmməd Araz öz yazdığını oxuyub xəcalət çəkirmiş?

“Şeir”1991-ci ilin yazında yazılıb. Məmməd Araz bambılılıq edəndə xalq yeməyə çörək tapmırdı…

DALIMCA GƏLMƏ

Bu, yaxşı şeir olmalıdır. Kimsə şairin dalınca düşüb onu təqib edir. İngiliscə belə adamlara stalker deyirlər. Görək kimdir.

“Ta mənim dalımca gəlmə, əzizim

Deyəsən, dalıycan gələn arvaddır. Sonra:

Bir şöhrət çəhlimi tap, qoşul ona.

Bunu başa düşmədim. “Şöhrət çəhlimi” kimdir ya nədir?

«Çətin cığınmız yollaşa bizim,»

“Yollaşa” – yəni yola çevrilə? Məmməd Arazın neologizm sexi dayanmadan işləyir…

“İz tapaq bir məslək qonşuluğuna.

Deyəsən dalda gələn kişidir. Məslək söhbəti var.

“Sabahın sədası bu gündən gəlir,

Taledir quruda tapdığın qayıq.

Qayıq suda tapılsaydı, tale olmazdı? Qiyamət qopardı? Ya fırtına? Quruda tapılan qayıq niyə taledir?

“Əvvəlin sonu yox, sonun əvvəli.

Bu cəfəng misranı olduğu kimi R. Behrudi salıb öz cızmaqarasına. Baxa bilərsiniz. Məmməd Arazın tökdüyünü R. Behrudi yalayırmış…

“Sən mənim dalımca daş at da, qayıt.

Oho! Bu nə ağır jest oldu!

Məni maraq öldürür: gələn kişidir ya arvad? Heyf ki, dilimizin qrammatikasında cins kateqoriyası yoxdur…

“Yedəkdə nərin də nərliyi itir;

Nər – yəni dəvə. Dəvə kimin yedəyində gedir? Niyə dəvəliyi itir?

“Neçə çubuq yeyir bir tikan üçün.

Məmməd Araz hamını özüylə ölçür. Yadınızdadır pişiklə necə kobud danışırdı? Elə hesab edir ki, dəvə ağzını tikana atanda sahibi onu kötəkləməlidir. Niyə? Dəli olub?

“Əsrin günahları gözümdə bitir,»

Gözdə günah necə bitir?

Yadınızdadırsa, şairin dalınca kimsə gəlir. Bunu dalda gələnə deyir? Bayaq deyirdi məni daşa bas, indi əsrin günahlarından danışır.

Vacib detal: Məmməd Arazın özünün günahı yoxdur, yeganə günahı günahsızlıqdır. Günah — əsrindir.

“Noxtası quşquna bağlı yol gedən…

Sonrası? — Beləcə adət, öyrəniş!

Başa düşdünüz? Mən – yox!

Şeirin son bəndi. Şeir, nəhayət, başa çatır, şairin dalına düşən kim idisə, üçüncü bənddən yoxa çıxıb.

“Yoluna yol verməz duman da, çən də,

 Özün öz yoluna özül olmasan;

“Yoluna yol verməz…”

Suyuna su verməz… işığına işıq verməz…

Mətn 1991-ci ilin iyununda Qubada yazılıb. Xalq çörək tapmayanda xalqın şairi can bəsləyirmiş…Özü də hamıdan narazıdır…

«GÖY ALTINDA, YER ÜSTÜNDƏ»

“Bu dünya ibrətdi, bu dünya dərsdi,

 İtirən uduzur, götürən udur.

Bunu indiyəcən bilən var idi?- “götürən udur…”

İnsanın varlığı quruca səsdi…

Belədə deyirlər ki, sən özündən danış. Üzeyir Hacıbəyov quru səs idi?

“Dağ aşar, çay adlar insan qədəmi

Şair niyə “addım” demir, ərəbcə “qədəm” deyir? Kütləni sarsıtmaq üçün? Şeyx Əhməd Şeyx Nəsrullahın yanını basırdı: “Ərəbcə de, de, ərəbcə…”

Yəqin başa düşənlər oldu: “qədəm” “qələm” sözünə qafiyədir.

“Vaxt olur götürüb kağız-qələmi

Qaçmaq istəyirəm Yer kürəsindən...”

Evdən yox, şəhərdən yox. Yer kürəsindən! Nəsimi miqyası!

Marsa da getsə, kağız-qələmlə getmək istəyir. Vay marsdakıların halına…

“Allahı dananlar Allaha yaxın,

Allahı sevənə gor eşmək düşür.

Bunu Məmməd Araz hardan bilib? Eksperiment, müşahidə? Ya qeybdən qulağına pıçıldayıblar? Allaha yaxınlıq keflə yaşamaqdrsa, Məməd Araz özü Allahı danan olub. Hələ kürəkəni Aqil Abbası demirəm. Yəqin lap yazılı şəkildə danır, notariusda möhür də vurdurur, yoxsa belə naz-nemət içində yaşamazdı… Razılaşın ki, Məmməd Araz gor eşməyib, yəni alın təri ilə çörək qazanıb yamaqlı şalvar geyməyib. Deməli, öz düsturuna görə, yüz faiz Allahı danıb…

“Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,

 Əl tutan bir isə, əl kəsən min-min.

Əkindi, səpindi, biçindi, vərdi,

Torpaqdı mayası mənim şerimin.

Bu bənddən bir şey başa düşürsünüz? Məmməd Araz əl-ələ görüşməyin əleyhinədir, çünki əl kəsənlər var, əlini verərsən, birdən görərsən biləyəcən kəsilib…Belə? Sonra şeirinin mayasından danışır, deyir torpaqdı, əkindi səpindi… Ancaq bunun əl tutmağa, əl kəsməyə nə dəxli?

Əməl muzeyidir insan yaddaşı,

Ad ki həkk olundu — şöhrət daşı var.

İkinci misradan bir şey başa düşdünüz?  “Şöhrət daşı” nədir? Əgər indi az-çox tanınan müəlliflərin əksəriyyəti belə yazırsa, demək olarmı ki, Azərbaycan dəlixanadır?

“Tale bir xoş ömrü çox gördü mənə,

Tikan da əkilməz qəbrimin üstə;

Şeir 1991-ci ildə yazılıb. Qarışıqlıq vaxtı. Məmməd Araz qorxurmuş ki, ölkə ayılıar, bakılılar da ayılarlar, ölsə, deyərlər ki, aparın basdırın harda doğulub, orda…

Məmməd Araz Vətən fikri yox, yaxşı güzəran və Fəxri Xiyaban fikri çəkirmiş…

Baxıb yuxarıdakı misraya:

“Tale bir xoş ömrü çox gördü mənə…

1991-ci ilin martı. Yəqin şair korluq çəkib, qırqovul, kəklik  əvəzinə nifrətamiz toyuq yeməyə məcbur olub…

“Bu gözdən o gözü görmürəm daha,

 Gözümün içi də yaxşı görünmür.

Heç şübhə ola bilməz: yemək qıt olub. Ancaq ikinci misra çox gülməlidir. Şair öz gözünün içini görmək istəyir? Niyə?

“Torpaqsız, bu yurdda min bölgü olur,

 Böyüyən iddiam — bəlkə də sonum!

Başa düşdünüz? Yox? Xalq şairini qınamayın. Həftələrlə hansı xalq şairi qırqovul-plov, kəklik çığırtması yeməsə, sarsaqlayar…

Yadınıza salım ki, 1991-ci ilin martıdır. Azərbaycan torpaqlarında qan su yerinə axır…

X.X.

05. 06. 2024, Samara

ardı var

əvvəli burda:

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -VIII