Архив тегов | Mehman Hüseynov Alyona Əliyeva

MEHMAN, AUDİTORİYAN BƏLKƏ DƏ «MAL»DIR, ANCAQ SƏN FİKİRLƏŞƏN QƏDƏR YOX…

…Dəniz sahili, hansı dəniz olduğunu demək çətindir. Gəzinti qayığına adamlar minirlər, onların arasında yalnız arxadan görünən tünd boz paltarlı kişi də var. Mehman Hüseynov iddia edir ki, bu kişi İlham Əliyevin oğlu Heydərdir, guya əsgərliyini qoyub qaçıb Fransaya, orda kef edirmiş.

Qayığa minən tünd boz paltarlı kişinin Heydər Əliyev olduğuna heç bir sübut yoxdur, video uzaqdan çəkilib, kişinin üzü görünmür, çəkilişin vaxtı, dəqiq yeri məlum deyil. Digər tərəfdən, əsgərlərin məzuniyyəti olur və Heydər Əliyev də məzuniyyət vaxtə Bakıda ya ayrı yerdə dənizdə istirahət edə bilərdi – yəni mən bunu Heydər Əliyevin vəkili kimi deyirəm, Mehman Əliyev qanunuçuluq uğrunda və qanunsuzluğa qarşı mübarizə aparırsa, öz işində və mübarizəsində qanunu rəhbər tutmalı deyilmi? Gözə kül üfürmək, auditoriyanın “mallığına” arxayın olub ona vəd edilmiş sensasiya əvəzinə rusların dediyi kimi “pşik” sırımaq mübarizlik deyil və əsl jurnalistika ilə heç bir əlaqəsi yoxdur.

Mehman Hüseynov “təhqiqatı”nın əsas hissəsini İlham Əliyevin gəlininin ifşasına həsr edib. Ancaq ifşa yoxdur, çünki Mehman Hüseynovun Alyona Əliyeva haqqında dediklərində heç bir fakt yoxdur. Sosial şəbəkələrdən götürülmüş və Alyona Əlieva məxsusluğu şübhə doğuran iki-üç fotonu göstərib deyir ki, xanım gecə-gündüz gecə klublarında olub. Gecə klubuna getmək, mən bilən, ayıb iş deyil. İndiki şəhərli gənclərin çoxu gecə klublarına gedir. Alyona Əliyeva niyə getməmliydi. Məsələ burasındadır ki, getməyinin də sübutu yoxdur. Mehman Əlieyevin əlində heç nə yoxdur. Səsinin yoğun yerinə salır, turp kimi qızarır, auditoriyaya Mehmanın (özü haqqında üçüncü şəxs kimi danışır) necə oğlan olduğunu tez-tez xatırladır.

Alyona Əliyevanın etnik mənsubiyyətinin ləkələyici fakt kimi qələmə verilməsi, mənə elə gəlir ki, özünü tərbiyəli sayan hər kəsi pərt eləməlidir. Qardaşı, özü Avropa ölkəsində yaşayan adama tayfaçılıq, irqçilik, millətçilik yaraşmaz. İndiki vaxtda məgər Ukrayna vətəndaşlığı  qürur mənbəyi olmalı deyil?

Mehman Hüseynova fövqəladə zərbə vurulub. Onun yatağına hökumət kamera qoyub. Ancaq özünü jurnalistikaya, siyasi mübarizəyə həsr edən adam zərbəni qarşılamağı bacarmalıdır. Qisas hissi Mehman Hüseynovun beynini dumanlandırıb. Acığını çıxmaq üçün hər vasitəyə əl atır. O cümlədən uydurmaya, qondarmaya, manipulyasiyaya – yəni Azərbaycanda polis, məhkəmə necə işləyirsə, Mehman da o cür işləyir. Azərbaycanda qondarma ittihamlar ağır hökmlərlə nəticələnir – gülməli deyil. Ancaq Mehman Hüseynovun həm peşakarlıq baxımından son dərəcə keyfiyyətsiz, heç bir fakta, sənədə əsaslanmayan “ifşa”ları onun özünü etibardan salar. Auditoriyanın xeyli hissəsi bəlkə doğrudan da maldır. Ancaq hamısı yox, Mehman Hüseynov, hamısı yox. Özünü ələ al…

 

X.X.

27. 01. 2026, Samara