
“Babəkin qılıncı” şeiri 1970-ci ildə yazılıb. Yadımdadır, televizorun tək-tük evdə olduğu o vaxtlar ki, gözəgörünməz sosial şəbəkələr fasiləsiz fəaliyyət göstərir, vaxtaşırı müxtəlif şayiələr yayılırdı. Məsələn, deyirdilər ki Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyev paltarını dəyişərək minib Bakıda KAMAZa, sürdürüb Lənkərana, yolda bir neçə dəfə saxlatdırıb, mağazalara girib ayın-oyun alıb, satıcı, adəti üzrə, onu qiymətdə, çəkidə aldadıb, Əliyev də elə mağazada satıcını qandallayıb atlb KAMAZın kuzovuna, Lənkərana çatınca bir kuzov “zammağ” ( xalqımız mağaza müdirlərinə “zammağ” deirdi, yəni “zavmaq”) yığıb, qayıdanbaş gətirib Bakıda basıb hamısını dama…
Heydər Əliyevin korrupsionerləri görməyə gözü yox idi, onlarla çox amansız mübarizə aparırdı. Rəhmətlik həmişə deyirdi ki, iti görüm, qurdu görüm, korrupsioneri görməyim…
Şayiələrin ikinci populyar qəhrəmanı Zeynəb Xanlarova idi. Bir də gördün Salyan bazarında kişilər arvadlara dəyib, arvadlar kişilərə: kimsə xəbər yayıb ki, Zeynəb Xanlarova yenı “iksus”(uksus – sirkə turşusu) içib özünü öldürüb…
“Babəkin qılıncı” da yəqin belə şayiələrdən olub. Ancaq Məmməd Araz bunu mötəbər mənbədən eşidib.
“Bir alim dilindən qopdu qığılcım”
Bu, doğrudur. Azərbaycan alimin ağzından qığılcım tökülür, özüm görmüşəm.
“Oyandı hövlnak daş qərinələr!”
Niyə “əsrlər” yoox, “qərinələr”? Cavab: heca sayına görə.
“Deyirlər tapılıb Babək qılıncı”.
Məmməd Araz bir misra əvvəl yazdığını unutdu, demişdi ki, xəbər alimin ağzından qığılcım kimi çıxıb. İndi oldu “deyirlər”. Yəni şayiə.
“Muştuluq paylayın, qarı nənələr!”
Qarı nənələr niyə muştuluq paylamalıdırlar? Hansı qarı nənə Babəkin kim olduğunu bilirdi ki, qılıncının tapılmağına muştuluq verə? Nənələrin nəyi var idi ki, nə də verə? 1970-ci ildə çayını yavan içən o qədər “qarı nənə” var idi ki…
“Bayram edəsiyəm bu günü, bayram
Ox-qılınc nəvəsi silahlar ilə.”
Ox-qılıncın nəvəsi nə ola bilər? Top? Minaatan? Məmməd Araz top atacaqmış?
“Bir yaraq önündə bütpərəst ollam,
Vuruşa-vuruşa allahlar ilə.”
Bunu oxuyanda “əstəğfurullah” deyin…
Sonra cəfəngiyat baş alıb gedir, Araz deyir ki, zirvələrlə qol-boyun olub yallı gedəsidir, özü də adi yallı yox, dəli yallı…
“Araz dəsmalımdı,Kür şallağımdı.”
Kürün harası, nəyi şallağa bənzəyir? Yallı gedəndə şallaq olur ya qamçı?
Sonra yenə “əstəğfurullah” demək lazımdır, çünki Məmməd Araz minbərləri hədələyir:
“Riyalar, xülyalar bazarı açan
Minbərlər şəninə vay salmağım var”
Məmməd Araz iddia edir ki, hansa “nər”sə bu qılıncı “qanlar daşqınından” (?!) götürüb, “özünə ərköyün övlad elədi Babəkin yaralı qılınc oğlunu”.
Necə deyib? Yazan dəlidir ya millət?
“Neçə il qaldılar mağaralarda”
Yəni həmin “nər”lə Babəkin qılıncı qalıblar mağaralarda. Bir neçə il.
“Bir qoca daşların yeminə döndü.”
Yəni həmin “nər” mağaralarda qocalıb? Bəs daşların yeminə niyə və necə dönür? Bəlkə qurd-quşun?
“Qılınc qəzəbindən daş zağalarda
Qayalar əriyib dəmirə döndü.”
Bunu necə başa düşək? Qılıncın atalığı, yəni nər, ölüb, qılınc qəzəblənib, bu qəzəbdən qayalar əriyib dəmirə dönür. Hə?
Bunu da ağzından qığılcım tökülən alim deyib? Bu nə metallurgiyadır?
Sonrası vurçatlasındır.
“Babək, qılıncını yerə atanda
Min igid qolunu torpağa atdı.”
Bu necə olur? Min igid qolunu bədəndən ayırıb torpağa atıb? A kişi, özünə gəl, bizi dolamısan?
“Bəlkə də bu torpaq bir od qatında
Onları əridib, qılınc yaratdı.”
Deyirlər bəlkəni əkiblər, bitməyib. Məmməd Arazın bəlkəsi insan qolundan qılınc yaradıb. Babəkin öz qılıncı hara getdi?
Sonra Məmməd Araz özünü Şopenhauerin ərköyün oğulluğu elan edərək filosofluğa başlayır.
“Yaşamaq istəyən bu torpaq üçün
Qol-ağıl, ağıl da qol olmalıydı.”
Başa düşdünüz? Mən – yox… Şopenhaure rəhmət, başa düşmək olur…
“Babək harayının nidalarını
Top kimi çiynimdə saxlayasıyam”
Çiyində haray saxlamaq olar? Haray uqalsa-qalsa qulaqda qalar. Vallah, dəli əlində girinc qalmışıq…
“Babək qılıncının şüarlarını
Raketlər burnuna bağlayasıyam.”
Bunu oxuyanda o qədər gülmüşəm ki… Məmməd Araz oğurluqca girib sovetin hərbi kosmodromuna, Babək qılıncınnın şüarlarını (bu nə olan şeydir?) bağlayır raketin burnuna (burnuna!)
“Deyirlər tapılıb Babək qılıncı,
Bu, yalan olsa da doğrulmalıdır!
Onun döyüşdüyü dağ xıncım-xıncım,
Dərə qıyma-qıyma doğranmalıdır!”
Dağ niyə doğranmalııdır? Deyək ki, dağı doğradın. Bəs dərəni necə doğrayırsan?
Babəkin məzarı düzəndi, dağdı,
Bu dağlar, düzənlər qazılsın gərək.
Dağ, düzən məzardırsa, niyə qazılmalıdır? Əvvəlki beytdə “yazılsın gərək” var, ona görə qafiyə üçün deyir “qazılsın”.
Nə tarix, nə tarix elmi, nə məntiq, nə Azərabaycan dilinun qanunları?
Təki qafiyəsi düz gəlsin…
Mirzə ƏLİL
25. 07. 2024

