Архив тегов | Mirzə Əlil

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «BİLMƏK OLMUR FƏHLƏ KİMDİ, USTA KİM, BU EŞQƏ, SEVGİYƏ TƏKƏRLƏR GÜLÜR…»

Əliağa Vahid

Vahidin gülməli şeirlərindən biri də “Zərbəçilər”dir. Şeir, güman etmək olar ki, keçən əsrin iyirminci illərinin sonunda yazılıb. “Zərbəçilik” hərəkatı SSRİ-də 1920-ci illərin ortalarında yaradılmışı.

“Zərbəçi”  — kalkadır, yəni rusca “udarnik” sözünü yamsılama yolu ilə yaradılmış sözdür. Yüksək əmək məhsuldarlığı göstərən, planı vaxtından əvvəl və normadan artıq yerinə yetirənlərə “zırbəçi” adı verilir, onlar üstündə Leninin və Stalinin təsviri olan döş nişanı ilə təltif olunurdular. Zərbəçilik hərəkatı sosialist yarışının bir forması idi.

Azərbaycanın da öz zərbəçiləri olub. Və bu zərbəçilər çox vaxt süni şəkildə, nümunə üçün yaradılıb. Məsələn, kənd təsərrüfatının ilk zərbəçilərindən sayılan Bəsti Bağrova və ya Qüdrət Səmədovun guya bir gündə 400 kq-dan artıq pambıq topladıqları iddia edilirdi. Bu qədər pambığı əllə yığmaq heç cür mümkün deyildi. Bu cür əldəqayırma qəhrəmanlar tezliklə yüksək vəzifələrə, deputatlığa təyin olunurdular.

Güman etmək olar ki, Əliağa Vahidə partiya rəhbərliyindən zərbəçi fəhlələrə şeir yazmaq tapşırığı verilib və yəqin ki, yaxşı avans da alıb. Bu avansa Vahid o qədər vurub ki, zavoda gedib sexə, fəhlələrin işinə baxmağa da  halı olmayıb. Zərbəçini, onun əməyini, iş yerini gözəlləri təsvir edən kimi təsvir edib: qarə zülf, zülfdə şanə, qarə göz… (Bir qəzəldə alə(!) göz” deyir, çünki “xəyalə” ilə qafiyə olmalıdır).

Vahidin zavod haqqında bildiyi yalnız zavodun fit çalmağı olub. Bunu Bakıda yaşayan hər kəs bilirdi, çünki zavodlar iş növbəsinin başlandığını bildirmək üçün tükürpədən fit çalırdılar.

“Bu gün fitlər gün doğmadan səsləndi.”

Yəqin zavod o gün fitini tez çalıb ki, Vahidi xumarlıqdan oyatsın, şeirin vaxtı keçirmiş…

“Dəniz coşa gəldi, göllər tərpəndi.”

Təsəvvür edirsiniz zavodun fiti nə həngamə törədir? İsrafil şeypurunun da buna gücü çatmaz…

“Təkərlər oxudu, zindan can dedi”.

Aha! Təkərlər! Hansı təkərlər? Avtomobil təkəri? Sexdı nə təkər? Bəlkə dəzgahların çarxları? Onda bəs zindan nədir? Vahid zavoddan yazır ya dəmirçixanadan?

“Qəlbimə zəhmətdən bir fərəh endi.”

İnanan daşa dönsün! Zavod fiti Vahidi fərəhləndirə? Qoy oturmuşuq…

“Anlar keçir, dəqiqələr yürüyür…

Kürələr ağzından atəş püskürür.”

Bəlkə metallurgiya sexidir?

“Seçmək olmaz usta kimdi, fəhlə kim

Bu sevgiyə, eşqə təkərlər gülür.”

Bu iki misradan nə başa düşürsünüz? Sevgi, eşq kimlə kim arasındadır? Fəhlə ilə usta arasında? Təkərlər buna gülür?

Sonra yəqin təkərlər özünə gəlib işinə davam edir.

Təkərlər fırlanır, zindan hayqırır,

Zərbəçi qolları düşməni sıxır… “

Düşmən hardan peyda oldu? Zindanda gizlənibmiş?

“Qabarlı əllərdən, gülər üzlərdən

Bir an keçir yeni bir alət çıxır.”

Ay rəhmətliyin oğlu, deyək ki, əllərdən alət çıxar. Bəs üzlərdən alət necə çıxar? O zəhrmarı az içəydin də…

Şeirin sonundan məlum olur ki, Vahid zavod sexini yox, haçansa uzaqdan-uzağa gördüyü dəmirçixananı təsvir edir.

Çəkicini bərk vur, zərbəçi yoldaş,

Əks-səda versin sənə dağü daş.

Vahid elə izafətlər yaradır ki, oxuyanın gözü kəlləsinə çıxır: “Dağü-daş”! A kişi,  dağ və daş niyə yazmırdın?

“Sosializm tarixinə yazılır sənin

Çəkdiyin zəhmətin, qan-tərin, qardaş!”

Qan-tər necə yazılar?

Hanı o sosializm tarixi?

Hardadırsa, Əliağa Vahidin də adı orda olmalıdır…

Mirzə ƏLİL

  1. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «MOLLALAR SÖNDÜLƏR BÜTÜN-BÜTÜNƏ, ONDA DÖNMÜŞDÜLƏR ÇOBAN İTİNƏ…»

Əliağa Vahid

Bəlkə şübhə edənlər olacaq, ancaq həqiqətən Əliağa Vahid Süleyman Rüstəmə, Səməd Vurğuna şeirlər həsr edib. Bu iki nəfər cəhənnəm, hamısı bir-birinin tayıdır, ancaq Vahidin böyük Sabirə yazdığı şeir milli dühamızın xatirəsi üçün təhqirdir.

Sabir! Ey möhtərəm böyük şair!

Şerdə, nəzm, nəsrdə mahir.

Əliağa Vahidin Sabirə həsr etdiyi şeir o qədər gülməlidir ki, bunu dahi şairimiz sağlığında oxusaydı, bütün xəstəlikləri yadından çıxardı, elə gülməkdən ölərdi…

“Əgər ölsən də, qəm deyil…” zira

Etdiyin fikri xalq edir icra.”

Gülməlidir, eləmi? Necə yəni “ölmüsən, qəm deyil”. Kimə qəm deyil? Sabirin ailəsinə? Dostu Mirzə Cəlilə? Ya Əliağa Vahidə?

İkinci misrada alaverdisi var:

“…zira Etdiyin fikri xalq edir icra”.

Tərcümə eləsək, belə çıxır ki, Sabirin fikrində olanları xalq həyata keçirir, ona görə cavan ölüb getməyinin eybi yoxdur.

İndi görək Sabirin fiki nə imiş.

Dad edərdin həmişə: “Hürriyyət!””

Yəni Sabir azadlıq istəyirmiş. Deyirdi: «Çünki hürriyyət olan yerdə də insanlıq olur». Ancaq bolşeviklər bu azadlığı xalqa verdilərmi? 

“O əsarətdə gördüyün millət

İndi azadə ömr edir, xürrəm”.

Deməli, Vahidin dediyinə görə, Azəribaycan milləti Bağırovun təpiyi altında “azadə” ömr edir, həm də “xürrəm”.

“Bitdi məzlumu ağladan matəm…”

Şükr kərəminə, ya Rəbb, matəm bitib!

“Bəy, xanın qalmamışdır asarı…”

Vahid “əsəri” demək istəyir, qafiyə xatirinə sözün başına pislik gətirib qalın saitlərlə yazır. Yəni bəyin, xanın izi-tozu qalmayıb.

 “Onları məhv qıldıq elçarı.”

İndikilər demişkən: əlinizə sağlıq. (Düzü, mən başa düşmürəm”əlinə sağlıq” nədir. Qurban Məmmədli demişkən, “mən anlamadım…”)

Deməli, bəyləri, xanları bütünlüklə məhv ediblər. Vahid qeyd etməyi unudur ki, bolşeviklər milli ziyalıları da, zirək kəndliləri də məhv ediblər.

“Kəndlinin öz əlindədir torpaq,

Hamının keyfı kök, damağı da çağ.”

Burda Vahid Sabirə ağ yalan deyir. Bolşeviklər kəndlilərə torpaq vermədilər, torpağı olanların da torpağını alıb basdılar kolxoza.

“İşləyirlər həvəslə kolxozda”.

Adamların kolxozda həvəslə işləməkləri də yalandır. “Əməkgününə”, bir qarın çörəyə işləyən adam sevinirsə, deməli, dəli olub.

“Mollalar söndülər bütün-bütünə,

Onda dönmüşdülər çoban itinə.”

Heç bilmirəm mollaların “çoban itinə dönməyinə” nə deyəsən…

“Əridi yağla bəslənən qarını”

Yəqin mollaları qarnı əriyib…

Əliağa Vahidə Allahşükürün qarnını görmək qismət oldu?

“Bir təpik gördü zalımın karını.”

Başa düşmək çəitndir – “zalım” deyəndə Vahid mollaları nəzərdə tutur, ya bolşeviklərdən qabaq var-dövlət sahibi olmuş adamları, məsələn, Hacı Zeynalabdin Tağıyevi. Yəqin Tağıyevi və onun kimilərini.

“Bəzən az-maz görünsə də arabir,

Müztərib halda qorxusundan əsir.

Bizi gördükdə quyruğun bulayır,

Qurd kimi şöngəyib, dumb ulayır.”

İndi bildiniz İlham Əliyev quyruq bulatdırmağı kimdən öyrənib? Bolşeviklərdən!

Görək bolşevik şair Əliağa Vahid daha nə yazır.

“İndi bir dərbədər uşaq yoxdur,

Onların zəhmətin çəkən çoxdur.”

Necə yoxdur, a kişi? Bəs on minlərlə güllələnmiş, sürgünə göndərilmiş insanların uşaqları? Onlar dərbədər deyildimi?

“Bu təfaxir sənə kifayətdir,

Millətin istəyincə rahətdir.”

Yalançının lap…

Öldün, əfsuslar ki, bihörmət,

Vermədi, varlılar sənə qiymət.

Sabirə nə qiymət? Sabir satılmalıydı? Ramiz Rövşən olub mənzil almalıydı? Prezident təqaüdü? Xanəndələrdən Əliağa Vahid kimi qırmızı onluqlar yığmalıydı?

Sabirin vaxtında onlarla qəzet və jurnal çıxırdı. Və kitabı sağlığında çıxmasa da, şeirləri geniş çap olunub yayılırdı. İndi hanı o qəzetlər və jurnallar? Hanı Mirzə Cəlil?

“Gər olaydın Sovet zamanında.”

Sovet zamanında Sabir “gər olsaydı”, səsi Kürdəxanıdan gələrdi və ya heç səsi çıxmazdı..

Necə şairlər indi xoş güzəran

Keçirirlər günəş kimi xəndan.”

Quyruq bulayırlar? Xoş güzəran – bu, yal yeməkdir?

Vahidin məğrur insan olmağı barədə mif necə yaranıb?  Həm rejimlə, həm də lotu-potu ilə çaşqa-lojkalıq eləyib yüzlərlə həm məzmunca, həm dil tələbləri baxımından pozğun mətnlər yazaraq millətin  xeyli hissəsinin zövqünü və mənəviyyatını nəsil-nəsil korlayan adama mığrur deyiriksə, bizim əxlaq barədə təsəvvürlərimiz yanlışdır…

Mirzə ƏLİL

19. 07. 2024, Samara

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -X

«NECƏ YAŞADIMSA…»

1991-ci ilin aprelində Məmməd Araz, yəqin ki, qıtlıqdan əsəbiləşib xalqı yaxın ölümü ilə qorxudur.

Heç nə qalmayacaq, bilirəm, heç nə;

Nə şöhrət çələngi, nə şöhrət tacı.

Şair əlbəttə, bəlkə acığından təvazökarlıq edir. Necə heç nə qalmayacaq? Bəs kürəkən Aqil Abbas?

Sonra ritorik sual:

“Nə əkdi, nə dərdi şair əllərim?”

Yəqin şairin əli də adi əl deyil, xüsusi əldir, xüsusən Azərbaycan xalq şairinin. Hələ sovet tarixindən bildiyimiz kimi, şairin əli əkmir və biçmir, elə rəhbərliyin qarşısında uzanıqlı və açıq vəziyyətdə olur: “Ver!”

Gözləri yumulu getməyim haqdı:

Bəlkə gördüyümə şahid əllərim

Oyub gözlərimi oyadacaqdı.

Soruşmaq ayıb olmasın: ölənlərdən gözü açıq gedən olur?

Gözləri açıq olsaymış – diqqət! – “şahid əlləri gözlərini oyub oyadacaqmış”!

Belə müsibət olarmı?

Necə qan ağlamasın daş bü gün…

“Səhərlə göz açdım, axşamla batdım».

A kişi, ilkaxşamdan hara yatırsan? Bəs ərlik vəzifəsinin icrası?

“Şax durdura qəhrəman heykəli kimi…”

Axşam yatandan sonra şax durdu? Bu necə olur? Bəlkə şair “şax durdu” demək istəyərək ayrı şeyə  işarə edir?

Vallah, çaşıb qalmışam!

 “Dünyaya gözləri yumulu baxdım,

Dünyanı görmədim görməli kimi.”

Burası azərbaycanca deyil, yoxsa ən azı yarısını başa düşərdim. Bu iki misra ayrı dildə yazılıb.

“Sinəmdə od tutdu söz yığın-yığın..»

Bu qədər cəfəngiyatı sinəyə yığanda bilmirdinmi yanğın baş verər?

“Əllərim dil gəzdi bu lallıq üçün.”

Quql bu misranı ingiliscəyə belə çevirdi: «My hands and tongue wandered for this stupidity.» Yəni əllərim və dilim bu sarsaqlıq üçün dolaşırdı”.

“Dünya ocağında bişən nemətin

Tüstüsü mənimdir, hisi mənimdir.”

Yəni kurortlarda Məmməd Arazı tör-töküntü ilə yemləyiblər? İnanmalı deyil…

“Gizlədib gözümdə günahlarımı

Göz yuman olmadım göz yumanlara.”

Nəyə “göz yumanlara”? Göz yuman olmayıb? Bəs neyləyib? Güllə atıb? Piketə çıxıb? Brejnevə məktub yazıb?

“Necə yaşadımsa, elə də ölləm:

Gözləri yumulu, əlləri açıq…”

Gözləri yumulu yaşadığını deyə bilmirəm, bəlkə özünü korдuğa qoyub əlavə pensiya alıqmış? Ancaq əlləri açıq yaşadığını doğru deyir. Bu açıq əllərə çox çox şeylər qoyublar: mükafatlar, ordenlər, kürəkən üçün əbədi deputat mandatı və s.

Rus deyərdi: “Чтобы я так жил…» Yəni kaş mən də belə yaşayaydım…

05.06. 2024, Samara

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «ÇOXUŞAQLI QADIN VARMI BİR ELDƏ, HÖKUMƏTDƏN ALSIN BİR MİN HƏR İLDƏ…»

Əliağa Vahid

“BİZİM YERDƏDİR” şeirini Vahid, çox güman ki, Oktyabr inqilabının növbəti ildönümünə həsr edib. Məsələ burasındadır ki, 25 oktyabr 1917-ci ildə baş vermiş bolşevik çevrilişi təqvim islahatından sonra noyabrın yeddisinə düşürdü. 7 Noyabr – SSRİ-də ən hörmətli bayram idi, hərbi paradıın özü Brejnevə qədər 9 mayda yox, 7 noyabrda keçirilirdi.

Xalq şairləri, akademik şairlər, aşıqlar, qəzəlxanlar hökmən bu bayrama  şeirlər həsr edirdilər. Hələ sentyabrdan manıslar əllərini bir-birinə sürtüb pul gözləyirdilər, bu, bir növ lotuların Məşədi İbadın toyuna hazırlaşmağı kimi olurdu.

Bəli, Əliağa Vahid də bayrama hazırlıq görərək bir aşıq qoşması yazır, özü də aşığa müraciətlə.

“Ay aşıq, söhbət aç güldən, çiçəkdən,

Çəmənlər zinəti bizim yerdədir.”

Vahiddən soruşan olsaydı ki, “çəmənlər zinəti” nədir, çətin ki, cavab verə biləydi. Uzağı deyərdi ki, gözünüz elə məni görür, hamı belə yazır…

Bəli, hamı elə yazırdı…

“Baharın ləzzəti bizim yerdədir.”

Ayrı ölkələrdə baharın ləzzəti olmayıb, ləzzət ancaq SSRi-də

 olub… Xüsusən adamlar qarınlarını quşəppəyi ilə, zəncəfillə, əvələklə doyduranda…

“Çal, oxu şur ilə çoban-bayatı,

Sazında təriflə bu şən həyatı.”

Çobanbayatı sazda çalınır ya tütəkdə?

“Elimdən, arxamdan, qəm uzaqlaşır,

Zövqümüz, nəşəmiz həddindən aşır.”

Əlbəttə, yaxşı vuranların, yaxşı çəkənlərin nəşəsi həddən aşmalıydı, Vahid bunu öz təcrübəsindən bilirdi…

“Xalqımız fərəhlə gülüb, oynaşır”

Yaxşı, deyək ki, xalqın gülməyini təsəvvür etdik. Bəs oynaşmağını necə təsəvvür edək?

Sonra Səməd Vurğun sayağı basməmmədi gəlir.

“Sazın, kamançanın, qarmonun, tarm,

Oxuyub-çalanm, gülün, baharın.”

Adama deyərlər bir qram vicdanın olsun. Sadalanan sözlər, həmcins üzvlər arasında məna oxşarlığı olmalıdır.”Oxuyub-çalan”la gülün, baharın nə yaxınlığı var? Xalqı saymırsan, özünə bir hörmət qoy…

Sonra gələn bənd çox aktualdır. Diqqət, diqqət! Axtunq! Axtunq! Söhbət uşaqpulundan gedir!

“Nə tarixlərdə var, nə başqa dildə,

Çoxuşaqlı qadın varmı bir eldə

Hökumətdən alsın bir min hər ildə?”

Bu bəndi iş tapa bilməyən, ancaq ildə bir uşaq dünyaya gətirən atalara çatdırın! Eşitsələr, oxusalar, gedib yığılarlar prezident administrasiyasının qabağına ki, biz də o mindən istəyirik.

Şeirin neçənci ildə yazıldığı məlum deyil, ona görə deyə bilmərəm ki, çoxuşaqlı ananın aldığı “min” necə min imiş…

Sonrakı bənddən güman etmək olar ki, otuzuncu illərdir, faşistlər Almaniyada hakimiyyətə gəlib, ancaq hələ müharibə başlamayıb.

“Faşistin zülmünə dünyalar baxır”

Necə misradır? Bunu ikinci sinif şagirdi yazmayıb, adlı-sanlı peşəkar, Əməkdar incəsənət xadimi yazıb. Ədəbiyyatı bu dldə olan xalqın mədəni səviyəsi harda olmalıdır?

“Analar bağrına süngülər taxır.”

Kim taxır süngünü? Faşistlər ya faşistlərin zülmünə baxanlar?

Sonra qəzəlxan və qoşmaçı əsas mövzuya qayıdır.

“7 noyabrdan aldıq ilhamı

Dünya yoxsulları sevinir hamı,

Fəhlə hökuməti bizim yerdədir.”

Aha! Dünya yoxsulları sevinir! Yoxsuldurlarsa, niyə və nəyə sevinirlər? Başları xarabdır? Bəs fəhlə hökuməti niyə SSRİ xalqını varlı eləmirdi?

“Bir çox bayramları gördüksə əgər,

Bugünkü bayrammız hamsma dəyər!”

Bu misraları yazanın yazı savadı olub?

“Silinsin dünyadan boş həngamələr”

“Boş həngamələr” nədir?

“Yazılsm rəhbərə təbriknamələr”

Aha! Stalinə təbriknamələr göndərmək istəyir. Səməd Vurğunu qabaqlamaq fikri var. Ay qabaqladın ha… Səməd Vurğun noyabrın şeirini fevralda yazıb hazır eləyirdi…

Dünyalar cənnəti bizim yerdədir.”

Burda mənim yadıma… Oruell düşür. Ağ – qaradır, yalan – düzdür, cəhənnəm – cənnətdir…

Otuzuncu illər…37, 38…

 

Mirzə ƏLİL

18. 07. 2024, Samara

P.S. Baxdım İnternetdə, 1937-39-cu illərdə min rubla bir radioqəbuledici almaq olardı. Kişi kostyumunun qiyməti: 400 — 1, 2 min və s.

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. NİYƏ ZEYNƏB XANLAROVA ONUN QƏZƏLLƏRİNİ OXUMURDU?

Əliağa Vahid

Vahid qəzəllərinin bir çoxunda özünü ölülüyə ya ölmüşlüyə qoyur.

“Bir gün, gözəlim, qəbrimin üstdən ötüşərsən,

Dərdindən ölən aşiqini bir düşünərsən.”

Təəssüflə demək lazımdır ki, bu beytdə qafiyə qüsuru var, “ötüşmək”lə “düşünmək” qafiyə deyil.

«Naz ilə gələrkən qədəmin qoy gözüm üstə”.

Bunu başa düşmƏk çətindir: naz ilə nə vaxt və hara? Qəbrinin üstünə? Yox, yəqin diri vaxtında, qədəmi ölünün gözünün üstünə necə qoymaq olar? Qədəmini diri aşiqin gözünün üstünə qoymaq üçün canan gərək aşiqi dalı üstə yıxa yerə, başqa cür alınmaz…

Beytin ikinci misrası daha maraqlı və daha gülməlidir.

“Qoyma quru yer üstünə, birdən sürüşərsən”.

Və həm də təəccüblüdür. Canan qədəmini aşiqinin gözünün üstünə qiyanda sürüşmədi, quru yerə qoyanda sürüşdü?

“Biganə ilə gəzmə, dedim, qəlbinə dəydi”

Aha! Qəlbinə dəyib! Niyə deyirdin “gəzmə”? Özün dönə-dönə deməmisən ki, gəzmək gözəlin şakəridir? 

“Cana, nə bilim, sən bu qədər dəymədüşərsən?”

Aha! Xasiyyətinə bələd deyilmiş.

Cana!

Sonra gələn beyt qədər bütün dünya ədəbiyyatında gülməli şey yoxdur.

“Əğyar yetir vəslinə, amma mənə dersən:

Sən düşmə bu xülyalara, umsunma, şişərsən.”

Əğyar vəslinə yetir… Vahidin ağzının suyu axır. Deyir ondan mənə də…Canan deyir şişərsən…

Burda mənim yadıma… Yox, Leyli-Məcnun əhvalatı yox, ayrı əhvalat düşdü.

Fikir verən olubmu ki, Zeynəb Xanlarova heç vaxt Vahidin qəzəllərini oxumayıb?

Keçən əsrin 60-cı illərində, mən uşaq olan vaxtlar, xalq içində gedən söhbətlərin baş mövzusu əvvəl gənc, sonra cavan və gözəl müğənni Zeynəb Xanlarova idi. O cümlədən xalqı bir sual maraqlandırırdı: niyə bütün müğənnilər – Bülbül də daxil olmaqla – Vahidin qəzəllərini oxuyur, Zeynəb – yox. O vaxtlar nəinki İnternet yox idi, televizorun özü kənddə iki-üç evdə olardı. Ancaq adamlar müxtəlif yollarla məlumatlanırdılar. Çoxlu şayiələr yayılırdı, sonra şayiələr saf-çürük edilir, içindən doğru bir məlumat çıxırdı.

Və bu şaiyələrdən birinə görə, Zeynəb Vahidin qəzəllərini acıqca oxumur, guya aralarında nəsə olub. Yəni Vahid istəyib ki, bu gözəlçə ilə aralarında nəsə olsun, yuxarıdakı misrasındakı kimi Zeynəbə deyib ki, məni də vəslinə yetir… Zeynəb də buna…”Şişərsən” yaxşı sözdür, “şişərsən” deməyib, Zeynəb Vahidə elə söz deyib ki, təkrar eləsən, İnternetdən qovarlar…

Qəzəlin oxunuşuna davam edək. Vahid ağzının suyunu axıda-axıda düşüb cananın dalına:

“Bir salmadın öz aşiqini yadma, zalim!

Əğyar ilə amma gedib hər gün öpüşərsən.”

Buna deyən yoxdur ki, hər gün başqası ilə öpüşən arvaddan nə istəyirsən?

Sonda şair yenə qoyur özünü ölmüşlüyə.

“Rəhm eyləmədin Vahidə, zalim, dirilikdə,

Öldükdə məzarilə gedərsən, görüşərsən.”

Yəqin canan yaxşı lou-kik nümayiş etdirərək qədəmini də qaldırıb qoyar baş daşına….

Mirzə ƏLİL

17.07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ: «XALQIMIZ XOŞ GÜNƏ ÇIXANDAN BƏRİ, LENİNİN ADIDIR DİLLƏR ƏZBƏRİ…»

Əliağa Vahidin şeirləri gülməli olduğu qədər aktualdır da. Məsələn, “Mənim səsim” şeiri. Bu qoşma hansı seçkilərəsə həsr olunub. Yaşı qırxdan az olanlar SSRİ-də necə gözəl seçkilər keçirildiyini bilmirlər. Heyf, çox heyf! Dünyanın heç yerində o seçkilərdən yox idi. Qərb ölkələrində seçki sistemini yaradıb təkmilləşdirmək üçün əsrlər sərf olunmuşdu. Bolşeviklər 1917-ci ildə hakimiyyətə gələrək bir neçə ayın içində ən kamil seçki sistemi yaradıb hərcmərclyə son qoydular. Sovet seçki sisteminn əsas üstünlüyü onda idi ki, bir yerə bir namizəd olurdu, kommunist partiyası ilə sovet xalqının vahid namizədi, seçici də çaşbaş qalmırdı, seçki məntəqəsində tələyə düşmüş heyvan  kimi həyəcan keçirmirdi ki, necə seçsin, kimi seçsin, bülleteni götürüb rahatca vahid və yeganə namizədə səs verirdi. Nə alternativ, a bala? Deyək ki, Mircəfər Bağırov Quba seçki dairəsindən SSRİ Ali Sovetinə deputatlığa namizəddir. Ona kim aternativ ola bilərdi? Kim onun, türkün məsəli, qabağına çıxa bilərdi? Nə ilə? Bağırovun tapançasının qabağına çıxanın gərək topu olaydı. Hardaydı xalqda top…

Bəli, Əliağa Vahid də yer üzündə ən demokratik seçkilərə hazırlıqda fəal iştirak edir. Əliağa Vahidi sovet demokratiyası elə cuşa gətirib ki, oxumağı gəlir. Aşığa bir “el mahnısı” sifariş verir:

“Çal, aşıq, oxuyum bir el mahnısı,

Sazında dinləsin tellər səsimi”.

Etiraf edək ki, ikinci misra basməmmədidir, buna seçki saxtakarlığı demək olmaz, ancaq basməmmədidir. Tellər səs dinləyir ya tellərindən çıxan səs dinlənilir?

Sonra Vahid  özünü “qocaman bülbül” adlandırır. Düzü, mən ömründə bülbülün qocamanını görməmişəm. Heç bilmirəm ki, qoca bülbül cavan bülbüldən necə seçilir…

“Yurdumun qocaman bir bülbülüyəm”…

“Qoy səsim ən uca dağlara yetsin.

Hava dalğalansın, dumanlar getsin.”

Dumanlar hara getsin? Hava niyə dalğalanmalıdır? Havanın dalğalanmağı Azərbaycan seçkiləri üçün vacibdir?

Dərələr, təpələr hərəkət etsin.

Öyrənsin nəhrlər, sellər səsimi.”

Dərələr, təpələr necə və hansı sımtə hərəkət etməlidirlər? Sellər Əliağa Vahidin səsindən nəyi və necə öyrənməlidirlər?

“İçilsin toylarda sərin qımızlar”

Getdi çıxdı Orta Asiyaya. Yəqin Ümumittifaq seçkiləridir. Əliağa Vahid də Səməd Vurğun kimi bütün sovet xalqının şairidir.

“Qımızları” yaman deyib! Əsl şair belə olur! “Sərin qımızlar”…

“Türkmən elləri, igid qırğızlar,

Qazaxlar, özbəklər dinlər səsimi.”

Vahid dəqiqləşdirmir: rus da qımız içməlidir ya elə öz arağını ya samoqonunu?

Dalı çox maraqlıdır.

“Rus, erməni, gürcü can bir qardaşıq”.

Bunu qəzəlxan yaman deyib. Vardanyana bunu çatdırmaq lazımdır.

“Tacik, tatar, beloruslar yoldaşıq”.

Bu misra da çox aktualdır. Elə bil bu gün üçün yazılıb. Bakının ən əziz qonaqları kimdir? İmaməli Rahmon, Lukaşenko…

 “Səslər Ukraynada çöllər səsimi.”

Bu misranı dəyişmək lazımdır, Birincisi; necə yəni «səsimi səslər»? İkincisi, bu misra Rusiyanı bizdən incik sala bilər. Ramiz Rövşəndən xahiş eləmək lazımdır ki, bunun əvəzinə ayrı misra yazsın. Mənzil vəd eləsən, birinin yerinə ikisini yazar…

“Yalan söz bilmərəm, sözüm gerçəkdir,

Ölkəmiz günəşdən şəndir, göyçəkdir..”

Yalançının lap belə…

“Şairəm, sevgimə uyğundur ölkəm,

Əməkçi xalqımın dostuyam möhkəm”

Zalım oğlu, sənin xalqdan xəbərin var idi? Elə zülf, əğyar, işrət, meyxanə…Xanəndələr qırmızı onluqları basırdılar cibinə, sən də nə bilim, ay zülfün belə əsiriyəm, yar əğyarla belə gəzir, elə gəzir…

“Kəsə bilməz xain əllər səsimi.”

Səs təndir çörəyi deyil ki, əllə kəsilə…

“Budur dilimizin gözəl şüarı,

Sədaqətlə hər bir oğlan, qız, qarı

Seçib-seçilməyə var ixtiyarı. “

Aha! Elə bil İlham Əliyevin dilindən yazılıb. Oğlanın, qızın, qarının seçib-seçilməyə ixtiyarı var. Var!

İxtiyar, əlbəttə, var. Ancaq nəsə çatışmır. O çatışmayan nə şoğəribdirsə, oğlan, qız, qarı seçilmək ixtiyarını həyata keçirə bilmir. Neftçaladan bir qız möcüzə ilə bələdiyyəyə seçilmişdi, başına bir oyun açdılar ki, mandatını təhvil verib dedi ki, poxunuza yiyə durun, məndən əl çəkin…

“Zalımlar seçkidən bütün qovuldu”

Aha! İlham Əliyev deyəndir! Antimilli ünsürlər seçkidən qovulublar!.

“Düşmənin gözləri çıxdı, ovuldu”

Əliağa Vahid necə də uzaqgörən olub! Bu misranı o, Tofiq Yaqubluya həsr edib…

“Xalqımız xoş günə çıxandan bəri,

Leninin adıdır dillər əzbəri,

Heç zaman unutmaz Vahid rəhbəri,

Yazsınlar tarixə illər səsimi.”

Gözəl, çox gözəl. Ancaq mənim alaverdim var. Lenini İlhamla əvəz eləmək. Əminəm ki, Vahid sağ olsaydı, özü əvəz elərdi.

“İlhamın addır dillər əzbəri,

Heç zaman unutmaz Vahid rəhbəri…”

 Mirzə Əlil

16. 07. 2024. Samara

 

VAHİDİN GÜLMƏLİ ŞEİRLƏRİ. «VAR İNDİ TEXNİKADA İXTİSASI ÖLKƏMİZİN…»

Əliağa Vahid

Səməd Vurğun “26-lar”, “Komsomol”  poemalarını, Rəsul Rza “Stalin can”,  şeirini, “Lenin” poemasını yazanda Əliağa Vahid də yatmayıb, şura hökumətini, proletariat diktaturasını, sosializmin nailiyyətlərini, boleviklərin xalqa bəxş etdiyi xoşbəxtliyi tərənnüm edən şeirlər yazıb. Onlardan biri “Ölkəmizin” adlanır. “Ölkəmizin” – rədifdir. Rədif önündə gələn qafiyələr: səfası, binası, sədası, havası, aşinası, qəzası, ixtisası.. Bəli, hətta belə qafiyə də var: “ixtisası”…

Şeir yəqin ki, Stalin-Bağırov dövründə yazılıb.

“Gözəlləşir günü-gündən binası ölkəmizin.”

“Ölkəmizin binası” deyəndə şair konkret olaraq nəyi nəzərdə tutur – demək çətindir. Açılış beytindən sonra gələn dördlüklərdə bəzi şeyləri təxmin ermək olur.

“Baharda çölləri çulğar çiçəklərin qoxusu”.

Kitabda belədir: “çulğar”. Bəlkə “çuğlar” olmalıdır?

“Çəmənlərində bitən dadlı meyvədir çoxusu.”

Burda baş sındırmaq lazımdır. Yəni çəməndə bitən ağacların çoxu meyvə ağacıdır? Beləmi? Hərçənd meyvə ağacı bağda olur, çəməndə ot bitir…

Vallah, qalırsan girinc, bilmirsən kimdən soruşasan…

Dalı:

“Çayı, balı, düyüsü, çəltiyi, gözəl lumusu”

Sayılanlar, əlbəttə, çəməndə bitmir. Bal ümumiyyətlə bitmir…

“Ətirli, güllü, yaşıl dağlarında laləsi var,”

Dağların ətri var? Lalənin ətri var?

“Dirildir aləmi abü havası ölkəmizin.”

Ölkə — yəqin ki, Azərbaycandır. Azərbaycanın suyu, havası alımi dirildirmiş? Kürün lıqqa suyu? Ya Arazın?

“Bəzəkli quşlar olub aşinası ölkəmizin.”

Bəzəkli quşlar hansıdır? Bəzəyi olmayanlar Azərbaycanı bəyənmir? Sərçənin bəzəyi yoxdur, ancaq qışda da köçüb heç yerə getmir…

“Süzər gölündə gözəl dumalar, gözəl qazlar”

Durna göldə süzməz, bəlkə gölün üstündə süzə. Qazların da süzməyi yoxdur, üzməyi var.

“Bəzənmiş ay kimi kolxozda işləyən qızlar.”

A kişi, Allahın olsun, kolxozda işləyən qızlar Osventsim əsirlərinə oxşayırdılar. Qırx dərəcə istidə kətmən vuran qızlar. Bu boyda yalan olar?

“Bir özgə ləzzət alırlar hünərli kolxozlar”…

Kolxozların ləzzət aldığını bilmirdim. O qədər gülmüşəm ki… Nə gizlədim, bu gülməklə elə mən də ləzzət aldım…

“Gözəl vətənmizə fabrik-zavod gözəl yaraşır”

“Vətəminizə” yazanda əruz pozulur, ona görə Vahid “vətənmiz” yazır. Bunu eybi yox.

“Traktoru, maşını hər yeri gəzib dolaşır”

Belə gülməli şeir dünyanın heç bir ədəbiyyatında yoxdur!

Rusiyada traktorlar hərdən gəzib-dolaşırdı, çünki sükan arxasında oturan traktorçu lül-qəmbər olurdu… Mənə danışırdılar ki, bur traktorçu kabinənin açıq qapısından dombalıb yıxılır, traktor keçir onun üstündən… İki dəfə…

“Var indi texnikada ixtisası ölkəmizin.”

Ancaq bu misranı başa düşmədim. Adamın ixtisasl ola bilər. Ölkənin ixtisası olar?

Yüz illər ilə bizi bəy, xan işlədib yordu”…

Vay-vay… İşləyib yorulan xalqım…Can… İngilis, alman yatırdı, bizim babaları xan işlədib yorurdu. Təkcə yorsaydı, nə vardı ki:

“Şərəfli xalqımızı incidib, qanın sordu”

Necə qan ağlamasın daş bu gün…

Sonra optimist beyt, sosializm, apofeoz:

“Vətənmiz indi deyil zülm edənlərin yurdu,

Sovet hökumətidir rəhnüması ölkəmizin.”

Ay Əliağa müəllim, sən Azərbaycanı indi görəydin! Adamlar “zülm” sözünün özünü unudublar. Soruşursan “zülm” nədir, deyirlər bilmirik, bizdə belə şey olmur…

“Vətənmiz indi azad xalqlar vilayətidir.

Leninə — partiyaya ellərin məhəbbətidir

Qızıl çiçəklər açıbdır fəzası ölkəmizin.”

Fəzası qızıl çiçəklər açır! Bəh-bəh!

Sonra Əliağa Vahid fövqəladə təvazökarlığını bir daha Azəribaycan xalqın nümayiş etdirir:

“Bu fəxrdir mənə, Vahid ki, xalq şairiyəm,

Ucaltdı ömrümü nəşvü nüması ölkəmizin!”

 Mirzə ƏLİL

15. 07. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «BİR DƏ SEVSƏM SƏNİ İNSAN DEYİLƏM…»

Əliağa Vahid

Qəzəl janrı üçün təkrarlar xarakterikdir. Ümumi sayı tək olan beytlərin məzmununu poetik fikirdən, bədii surətlərdən, məntiqdən çox qafiyə müəyyən edir. Qəzəllərinin əksəriyətini Vahid, yəqin ki, toylarda oxunmaq üçün müğənnilərin sifarişi ilə yazıb. “Yazıb” sözü bu mənada yersiz görünür, çünki şübəhsiz poetik istedada malik, ancaq bu istedadı könüllü olaraq kütlə zövqünün xidmətinə yönəldərək alçaltmış şair bu mətnləri yazmır, elə bil dönər çubuğunda bişirir.

“Sevmişəm mən səni, ey şux, peşiman deyiləm,

Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.”

Peşiman, xəndan, insan… “Əl çəksəm, insan deyiləm…” Bu, poetik söz deyil, dönər yeyən adamın ağzından çənəsinə axan piy damcılarıdır…

Eybi yox. Şair, ya da onun qəhrəmanı and içdi ki, “əl çəksə, insan deyil”.

Sonrakı beyt xeyli maraqlıdır:

“O vəfasız ki, səninlə belə rəftar elədi,

Mən bu işdən, gözəlim, zərrəcə xəndan deyiləm.”

Burdan nə başa düşmək olar? Belə çıxır ki, canan bir müddət ayrısıyla gəzib, o ayrısı isə aldadıb atıb, canan yenə köhnə aşiqinin yanına qayıdıb…

Vallah, Vahidin vaxtında vur-çatlasın imiş….

İndi başqa bir qəzələ baxaq.

Gözəlim, sən görən ol aşiqi-nalan deyiləm,

O xumar gözlərə bundan sora heyran deyiləm.”

Hansı qəzəlin əvvəl yazıldığını bilmirik, ancaq bu, vacib də deyil. Vahidə necə sifariş veriblər, elə də yazıb. Bəlkə də ikinci qəzəli sifarişi verən cananı ilə küsübmüş, belə qəzəl yazdırıb ona acıq-ucuq vermək istəyirmiş.

“İndi get həsrətini başqa bir aşiq çəksin,

Bir də sevsəm səni, söz vermişəm, insan deyiləm.”

Əliağa Vahid bu qəzəldə bundan əvvəl içdiyi andın indi tərsinə içir. Birində deyir sevməsən insan deyilən, o birində “sevsəm insan deyiləm”…

“Gəz, dolan, seyr elə öz sevdiyin aşiqlər ilə.”

“Öz sevdiyin aşiqlər” – bu, azərbaycancadır? Haranı seyr eləsin?

“Səndə bir azca gözəllik: iki qaş, göz vardır”

İki qaş, göz – bu, “bir azca” gözəllikdir?

“Bivəfasan, demişəm aləmə, qorxan deyiləm.”

Qorxan deyil, ancaq ağzı yırtıqdır… Aləmə car çəkib, xanımı biabır eləyib…

“Könlümü güclə xilas eyləmişəm zülfündən…”

Səhnəni təsəvvür edirsiniz? Canan bunu zülfünə ilişdirib, bu da dartınır, çırpınır, son nəfəsində zülfü qırıb qaçır…

Birinci (şərti) qəzəldə deyir:

«Sevirəm mən səni, biəhd hesab etmə məni,

Səndən özgə gözəlin eşqinə qurban deyiləm.»

İkinci (şərti) qəzəldə:

«Vahidəm, indi sədaqətli gözəllər sevirəm,

Hər vəfasız gözəlin hüsnünə qurban deyiləm.»

Dönər çubuğu fırlanmağındadır…

Mİrzə ƏLİL

13. 07. 2024, Samara

 

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ. «DEDİM ƏĞYAR İLƏ GƏZMƏ, SƏNƏ ÇOX YALVARDIM…»

Əliağa Vahid

Azərbaycan xalq artisti və eyni zamanda milli konservatoriya professoru adını daşıyan müğənnilərin sevə-sevə oxuduğu qəzəllərin biri belə başlanır:

“Dedim, əğyar ilə gəzmə, sənə çox yalvardım”.

Təsəvvür edirsiniz? Bunu yazan Əliağa Vahid və ya bunu boğazından çox burnunun telləri ilə oxuyan İslam Rzayev yalvarır ki, “gəzmə”. Gəzəyən canan da Flora Kərimova kimi deyir ki, gəzirəm, əlimin içindən gəlir. Və sözünü rusca tamamlayır: «Да пошел бы ты на…»

Gəzəyən canana yalvarıb “gəzmə” demək, Məzahir Pənahova “seçkini saxtalaşdırma” deyib yalvarmaq kimidir. Nətəcə — sıfır.

Maraqlıdır ki, Azərbaycan qəzəllərində, xüsusən Vahiddə və Vahiddən sonra vahidanə yazanlarda ancaq qadınlar gəzəyəndirlər. Kişilər – yox! Kişiyə “gəzmə” deyib yalvaran qadın dilindən qəzəl eşitmisiniz? Vahid özü deyir ki, ətrafı gözəllərlə doludur. Ancaq bu, gəzmək sayılmır.

Və daha maraqlı budur ki, Vahid bu qəzəli cananının gəzmək dərdindən öləndən sonra yazır. Özünüz baxın:

“İndi dincəl, gözəlim, mən də ölüb qurtardım.”

Ölüb ya ölmэyib?

“Bir sədaqətli gözəl tapmadım aləmdə, qərəz,

Bu az ömrümdə çox ətrafı gəzib axtardım.”

Şair az ömründə bütün Azəribaycanı ətraflı gəzib, bir “sədaqətli gözəl” tapmayıb, hamısı gəzəyən çıxıb.

“Könlüm aldatdı məni hüsnünə məhparələrin,

Sanmayın, mən bu vəfasızlara bel bağlardım.”

Akademik şair Səməd Vurğun deyirdi ki, ürək candan ayrılmaz. Ancaq Vahid bunu təkzib edir, onun ürəyi canından ayrıdır, öz könlü, yəni ürəyii onu aldadır, o da “vəfasızlara” bel bağlayır.

“Fələkin qəddi bükülmüşsə, mən ondan qocayam,

Onda ki, yoxdu nə dünya, nə fələk, mən vardım!”

Fələyin qəddi niyə bükülür və necə bükülür? Vahidi fələkdən qoca edən nədir? Dünyadan, fələkdən qabaq olmağına Vahidin nə sübutu var? Biz bilirik ki, fələkdən qədim ancaq erməni ola bilər.

Bəlkə bu qəzəl erməni dilindən tərcümədir? Bəlkə bunu erməni yazıb və ona görə bizim gözəllərə gəzəyən deyilir?

“Səni mən istədiyim günlər ölürdüm sənsiz”

Bir şey başa düşdünüz? Aranızda “Tarix-Nadir”i yarısınacan oxuyanlar var? Əvvəldə deyirdi ki, cananın gəzmək dərdi onu öldürüb, indi deyir “sənsiz ölürdüm”.

Axırda məlum olur ki, şair ölməyib, tamamilə sağdır, eşqində də, yarının gəzəyənliyinə baxmayaraq, “sabitqədəmdir”.

“Vahidəm, eşqdə mən indi də sabitqədəməm,

Varam öz yarım ilə mən necə əvvəl vardım.”

Azərbaycanda hər şeydən vacib sabitlikdir. Eyni rəhbərlik, eyni kütlə, eyni Məzahir Pənahov, canan əğyar ilə sabit gəzməyində, yar sabit yalvarmağında və yalvarıb yerində oturmağında…

Akademik şair Səməd Vurğun nə deyirdi? —

“Bundan da gözəl bir daha dövran ola bilməz…”

Mirzə Əlil

12.02. 2024, Samara

VAHİDİN GÜLMƏLİ QƏZƏLLƏRİ: «GECƏ ÖZ  İSTƏDİYİM YAR İLƏ İŞRƏTDƏ İDİM…»

Əliağa Vahid

«Gecə öz istədiyim yar ilə, işrətdə idim»

Bu “öz” əvəzliyi Azərbaycan şairləri üçün kənd bənnalarının barı hörəndə  işlətdiyi para kərpic kimidir, misrada heca çatışmayan kimi “öz”ü pərçim eləyirlər. “Hər aşiqə öz istədiyi yarı gözəldir…”

Necə yəni “öz istədiyi”?

Bu, heç.

Deməli, gecə şair ya da şairin lirik qəhrəmanı “öz” istəditi yarı ilə kef eləyirmiş.

“Sanki bir Adəm idim, guşeyi-cənnətdə idim.”

Pardon, Adəm cənnətdə “işrət” eləmirdi, Adəm və Həvva körpə kimi məsum idilər və utanmadan lüt gəzirdilər.

Sonra Vahid bir saniyə əvvəl dediyini təkrar eidr.

“Mən idim, bir də öz istəkli gözəl yarım idi”.

Həmin “öz istəkli yardır”, ancaq indi gözəlləşib.

“Yoxdu əğyar, əgər olsaydı, müsibətdə idim.”

Ömrü boyu qədəşlərlə oturub-duran şair qurumsaq əğyarın əlində qalıb girinc…Əğyar olaymış, vurub Əliağanın ağız-burnunu qanadacaqmış…

Badə camın mənə canandı verən məclisdə”

Aha! Məclis! Bayaq deyirdi bir özüdür, bir də öz istədiyi yar.

“Bütün ətrafımı almışdı gözəllər səf-səf”.

Gözəllər bir deyil, iki deyil, bir sürüdür, yəni dəstədir, sıra ilə düzülüblər.

“Məst ikən yar ilə bir başqa məhəbbətdə idim.”

Bu misranı hər oxucu ya hər dinləyici öz pozğunluq dırəcəsinə uyğun yoza bilər. Mən Vahidin öz istədiyi yar ilə nə hoqqalar çıxardığını təsəvvür  də eləmək istəmirəm.

Sonra yenə təkrar:

“Həsrətin çəkdiyim öz yarım idi saqi olan”.

Yadınızdadırsa, yuxarıda demişdi ki badəni canan verir. İndi canan saqi statusu alır. Ancaq canan saqilik edirsə, qəzəlxan onunla necə işrətdə olur?

«İndi təsvir elə bax, gör nə qiyamətdə idim!»

Yox, bunu ayıq başla təsəvvür eləmək çətindir…

“Vahidəm, eşqü-məhəbbətlə cahandan getdim…”

Siz bu qəzəldə eşq gördünüz? Gecə yarısı işrət, məclis, badə, saqi… Bu aşiqin dünyadan getmə səbəbini bilmək üçün pataloqoanatom olmaq lazım deyil…

09. 07. 2024, Samara