Архив тегов | Mİrzı Əlil

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 9. MƏHƏRRƏM

20230721_135628

Dəyişik salmıramsa, 1978-ci ilin yazında, bəlkə də bu, aprel ayında olub, Bakıdan Salyana qaıyldlrdım. (Mənə kənddən dedilər ki, dəyişik salmışam: hadisə 1980-ci ildə olub — X.X.) Yarıyacan boş avtobusda yolun çoxunu məni yuxu basırdı. Birdən qışqırığa ayılıb qabaqda oturan arvadların yolun soluna baxdıqlarını gördüm. Avtobus ya yavaşımış ya da bir anlığa dayanmışdı. Arvadın biri deyirdi: “O, Böyükkişinin maşınıdır”.

Dünəndən yağan yağış günortadan sonra da dayanmaq bilmirdi. Hava tutqun olsa da, asfalt yoldan aşğıda, on-on beş metr aralı bir-birindən təxminən əlli metrlik məsafədə iki yük maşını üz-üzə dayanmışdılar. Arvadların həyəcanlı danışığından başa düşmək olardı ki, qəza olub, kimsə ölüb. Ancaq maşınlarda zahirən qəza əlaməti yox idi. Elə bil ki, sürücülər avtomobilləri saxlayıb hardasa yaxında çay içirlər.

Qəza yerində heç kim görünmürdü.

Salyana çatan kimi elə avtovağzalda öyrəndim ki, kəndçimiz Səməd kişinin iki oğlunun maşınları Bakı yolunda üz-üzə gəlib toqquşub. Böyük qardaş Böyükkişi hadisə yerində ölmüşdü. Məhərrəm heç bir xəsarət almamışdı.

Ərəbqardaşbəylidə (keçmiş Komsomol) qəbiristanlığın yanında maşından düşəndə Böyükkişini basdırırdılar…

Yağış daayanmış, gün çıxmışdı…

Məhərrəm Səməd kişinin üçüncü oğludur. Bildiyimə görə, bir müddət kəndin yuxarı başında olan nənəsi ilə qalırdı. Bir dəfə qardaşım Süleymanla o arvadın həyətinə getmişəm. Yadımdadır ki, arvad elə bizim yanımızda Məhərrəmi nəyə görəsə tənbeh edir, Məhərrəm isə zarafata basırdı. Sonralar Süleyman danışardı ki, Məhərrəm nənəsini vaxtaşrı tovlayıb ondan pul çəkirmiş. Sürücülük oxuyanda deyirmiş müəllimlərə pul lazımdır, vəsiqəyə pul lazımdır. Sonra deyirmiş, maşın götürürəm, maşın götürəndən sonra maşının təkərləri partlayırmış, gah sükan sınırmış, deyirmiş maşını sağa-sola döndərə bilmirəm…

Əslində Məhərrəm heç vəsiqə də ala bilməmişdi…

Читать далее