Архив тегов | Moskva

XƏLİL RZAYA, MƏHBƏSƏ

 

 

Moskva məhbəsini,

Şərəfləndirib adın.

Salam dar qəfəsinə,

Xəlil Rza, gün aydın!

 

Gün hardan, işıq hardan,

Moskva məhbəsində?-

Gözündə yaş işardı –

Toxta, düşmən görməsim.

 

Dənizlərin buzunda,

Can bərkidən Xəlil bəy!

Titrədin, avazıdın,

Niyə birdən, Xəlil bəy?

 

Qələm qəhət, kağız yox,

Sözün sinədə yandı.

Bura girdin üzü ağ,

Məhbəs ruh sınayandı.

 

Cahana sığmayanlar,

Zindana sığınıblar.

Zindanda sıxılanlar,

Cahana sığınıblar.

 

Moskva ekranında,

Nədir bu tövbə demək.

Bu ekran Qurandımı,

Nəcib kişi, Xəlil bəy?

 

Hanı arxadaşlığın,

Təəsübçəkənliyin?

Hanı qızılbaşlığın,

Hanı döyüşkənliyin?

 

O dalınca gələnlər,

Hayana yönəldilər?

Səni bayraq bilənlər,

Deməli yanıldılar?

 

Sənli, bizli, Xəlil bəy,

Bu gün papaq yerdədi.

Tanrımız ola kömək,

Ruhumuzu bərkidə.

 

09 fevral 1990 Samara

 

 

 

 

 

 

RAFİG TAĞIYA

 

 

Yorulmur, gecəni gatır səhərə,

Dəmir barmaqlığı ölçür hörümçək.

Gözün həlqəsindən kiçik pəncərə,

Baxır dar həyətə — nə quş, nə çiçək –

Müxtəlif pay alır vətəndən hərə…

 

İndi inandın ki, “bura vətəndir”?…

Moskvanın uzaq xatirələri,

Canıma yüz yerdən sancılır indi.

Yoxsa bu ağrılar, ağrı yerləri,

O vaxt sən vurduğun iynələrindir?

 

Bəlkə də rus qışı yuxuna girər,

Qar tək köynəyi də geyərsən daha,

Yuxuda. Kir basmış yaxanla əgər,

Eynəyini silib baxsan ətrafa,

Sarsıdar canını qanlı ləkələr.

 

Hardasa harasa çağırar hərdən,

Müəzzin. Fikirdən çatlayar başın.

Burda, doktor Rafig, kömək istəsən,

Əli dəyənəkli gələr soydaşın –

Daha arxayın ol, vətəndəsən sən.

 

Bura gəlib çıxdın öz ayağınla,

(Qəlbinin hökmüylə? – demək çətindir…)

Bu məhbəs elə bil gözləmə zalı –

Vətənə iyirmi birinci əsrin,

Gəlişi yubanır – səbrini topla…

29-3-noyabr 2007, Samara