Архив тегов | müəllim haqqında şeir

“CÜMLƏNİN ƏN SADƏSİNƏ SIĞDI ÖLÜM XƏBƏRİN…”

AĞASI müəl

Ağası müəllimin xatirəsinə

Uzun ola necə ömür,
Bitməyi var dərs kimi.

Zəngsiz ancaq gələr ölüm,
Həmişə də tərs kimi…

 

 

Haçanıydı? Dünəniydi

Başlanğıcı həyatın?

Təmiz, ilıq yay günüydü,
Dolu məktəb həyəti.

 

Artırmada dayanırdın,
Köynək qardan ağ, təmiz.

Düppədüzdü şalvarında,
Çuqun ütü salan iz.

 

On səkkizdi yaşın onda,
Yaşın uşaq yaşıydı.

Bütün həyat hələ öndə,

Gözəl günlər qarşıda…

 

 

Gedir ancaq ayın, ilin —
Xəzəl kimi sovrulur.

Öz ömrü də müəllimin,

Təbaşir tək ovulur.

 

 

Nə əlifba sırası var,

Boy sırası var nə də.

Kimi əvvəl, kimi sonra,

Hər birimiz növbədə.

 

Cümlənin ən sadəsinə,

Sığdı ölüm xəbəri.

Nə qədər göz gəzdirəsən,
Heyf, yoxdur səhv yeri…

 

 

14. 02. 2020, Samara

QİYAMƏT

2

Kitaba hörmətim fövqəladədir,
Şübhə doğursa da Kitabdakılar.

Məndə Qiyamətə nəsə inam var,

Səbəbi özüm də bilmirəm nədir.

 

 

Hamı tək durmaram bəlkə Hüzurda,
Ləyaqətim də yox görəm Çöhrəni,

Duraram önündə sadə lövhənin —

Beləsinin üstdə yazıb-pozardıq.

 

 

Sinif otağana bənzəyir bura,
Uşaq da oturub on beş-iyirmi –

Bir vaxt dərs dediyim uşaqlar kimi,

Onlardır, ya da ki, oxşar onlara.

 

 

Görürəm gileyli baxışlarını,
Məni qınayırlar, dinməsələr də.

Mən də dayanmışam nəfəs dərmədən,

Sanki boğazıma qurğuşun axır…

 

 

Lövhə önündədir yerim nə vaxtdan,

Çəkər bu qiyamət Qiyamətəcən,
Çətin dərsə dönür bəzən hər gecəm,
Qabaqda gözləyir ağır imtahan…

 

24.01. 2020, Samara

ƏRƏBQARDAŞBƏYLİ, 1963-64-CÜ DƏRS İLİ

                    unudulmaz insan, unudulmaz Leyla müəllimin 

                     əziz xatirəsinə

Qəfildən baş verdi həmin dərs ili,

Kiçik kəndimizdə böyük hadisə.

İlk dəfə xarici dil müəllimi,

Bizə təyinatla gəldi nədənsə.

+

Viyonu, Balzakı yaradan bu dil,

Heç kimə, əlbəttə, tanış deyildi.

Görəndə necə bir müəllim gəlir,

Dedilər dillərin ən gözəlidir

+

Bu fransız dili… Əsmər bənizli
Yaşı iyirmidən bir az çox gözəl.

Qapqara saçları dalğalı, nazlı,

Gözləri dumanlı, tayı yox gözəl.

+

Bakı ləhcəsiylə, məlahətiylə,

Müəlim salmışdı ovsuna kəndi

Kötük tək oturub dinməyən belə,

Ötür bülbül kimi firəngcə indi…

+

Mən hələ dörddəyəm. Xarici dilsə,

Beşdən başlayaraq keçilir o vaxt.

Yox daha həvəsim məktəbə, dərsə,
Nə boyum uzanır, nə gətirir bəxt…

+

Axşamçağılarsa Kür qırağında,

Oturub tar çalır maştağalı qız.

“Bakı gecələri” kəndi ağladır,

Hamı qəlbi incə, hamı fransız…

+

Tənəffüsdə bizim sinfə də hərdən

Girərdi. Başımı sığallayaraq
Deyərdi: “Bilirəm, böyüyüb hökmən,

“Alim olacaqsan!” (Olmadım ancaq…)

+

Qayıtdı Bakıya ilin başında,
Demə nişanlıymış Leyla müəllim.

Sonralar eşitdim cavan yaşında,

Xərçəngə tutulub… Amansız ölüm…

+

Səsi indiyəcən qulağımdadır,

Sığalı başımda nə yaşa yetsəm.

“Bakı gecələri” yenə ağladır.

Harda o mahnını, haçan eşitsəm…

21.09 2016, Samara

YAZ GƏLƏNƏ YAXIN KÖÇ HƏVƏSİYLƏ…

Yaz gələnə yaxın köç həvəsiylə,

Hər il həşrə düşən qaraçı sayaq.

Məktəb həvəsiylə ürəyim əsər,

Gəlib sentyabr qapını alcaq.

 

 

Qarışan, sıxlaşan, tündləşən hətta,

Uşaq nəfəsləri, uşaq səsləri,

Çatışmır havada, qoxuda, dadda,

Çatışmır havası keçən dərslərin.

 

 

Bəlkə barmağımın ucu da göynər,

Bu vaxtlar təbaşir tozundan ötrü.

Lövhə qabağında durub göz döyən,
Şagirdlərim bir-bir gözümdən ötür…

 

 

Zirək danışanlar, dil-dil ötənlər,
Tutulub-qalanlar, yaş axıdanlar.

Yaddaşı zəiflər, işi çətinlər,

Danlağı, töhməti nahaq alanlar…

 

 

Gözəl obalar var, qaraçı ancaq

Qaçaq düşür ordan qəbahətiylə…

Hər il məktəb arzum bitir sadəcə,

Fikrimin keçmişə səyahətiylə…

03.09.2016

Samara