
Çoxlu azar var ki, həkimlik deyil,
Dərmanla, iynəylə sağaltmaq olmaz.
Neçə cür bahalı aparata gir —
Deyəcək sağlamsan, hər yerin taraz.
+
Hər kəs özü bilir diaqnozunu,
Təzə heç nə deməz konsiliumlar.
Bəlkə yaranışdan, ömrü uzunu,
Belə azarların girincləri var.
+
Tutmaları olur bu azarların,
«Təcili yardım”lıq deyil iş ancaq.
Ağrıyan nə ürək, nə baş, nə qarın,
Qəlbinə qurd salır həmişə, tutcaq.
+
“Özgə torpağına, özgə mülkünə,
Özgə arvadına, özgə malına,
Həsəd aparma və gözünü dikmə” –
Musa qadağası səsləyir buna.
+
Rəngin kül kimidir, a dost, xəstəsən?
Yenə halın çaşıb kimin nəyindən?
Yenə yenilmisən həsədinə sən?
Kimdir ötüb səni qabağa gedən?
+
Musa öyüdünü pozana qarşı,
Vardı peyğəmbərin iti qılıncı.
Tiyə ayırırdı bədəndən başı —
Gedirdi azar və azar girinci…
+
Dostum, iradəni qılınca döndər,
Özün azarının get sən üstünə.
Qılınc çal təmizə çıxana qədər,
Rəngin kül kimidir həsəddən yenə….
19.07. 2023, Samara