Архив тегов | Nəsimi baleti

“NƏSİMİ” KİNOKOMEDİYASI HAQQINDA QEYDLƏR. MÜDHİŞ SİMVOLİZİM – NƏSİMİNİN YUBİLEYİ VƏ HEYDƏR ƏLİYEVİN GƏLİŞI

 

Bu yaxınlarda əlli illik fasilədən sonra “Nəsimi” filminə baxıb o qədər güldüm ki, az qalmışdı özümdən gedəm. Başa düşdüm ki, bu film əslində nəinki tarixi dram deyil, o hətta melodram da deyil. “Nəsimi” filmi komediyadır və bəlkə Azərbaycanın ən gülməli komediyasıdır.

Gənc nəslə xatırladıram ki, Nəsiminin 600 illik yubileyi 1969-cu ilə planlaşdırılmışdı, çünki şairin 1369-cu ildə doğulduğu təxmin edilir. 1969-cu ilə qədər Azərbaycana tibb doktoru Vəli Axundov rəhbərlik edirdi və yubiley tədbirlərinə hazırlıq  onun vaxtında başlanmışdı. 1969-cu iin iyununda Moskva Axundovu vəzifəsindən azad edərək, onun yerinə KQB sədri Heydər Əliyevi qoydu. Heydər Əliyev Nəsimi yubileyinə hazırlıq müddətini dörd il uzatdı və təntənələr 1973-cü ildə keçirildi. Azərbaycanın mədəniyyət “xadimləri” üçün bu tədbir  lotuların Məşədi İbadın toyuna hazırlğı kimi idi, yəni ki, toy olacaq, ciblər pulla olacaq. Qabil poema yazırdı, Fikrət Əmirov balet, İsa Hüsüynosv ssenari… Yəni bu adamlar rəsmi sifariş almışdılar… Sonra poema çıxdı, kino göstərildi, balet də tamaşaya qoyuldu. “Nəsimi” baleti! Nəsimi rolunda, səhv etmirəmsə, Pletnyov soyadlı balerun  Fikrət Əmirovun özünü gücə salıb qondardığı musiqinin müşayiətiylə səhnədə lüt-madarzat o baş-bu başa qaçırdı – bürmələyib bağladığı “təsərrüfatını” yellədə-yellədə…Kəndlərdə televizoru olan evlərdə arvadlar üzlərini yana çevirib deyirdilər: “Əndamın yansın!”

O ki qaldı Qabilin poemasına, bu poemada bədii sayıla bilən bircə misra da yoxdur, şəxsən oxumuşam, hətta Salyan qəzetində tərifləmişəm də — gənc olmuşam, cahil olmuşam, hürufi Allahı günahımdan keçsin..  Qabilin Nəsiminin şeirlərini oxuduğuna da şübhəm var. Ancaq Fikrət Əmirov kimi ona da Əliyev Dövlət mükafatı verdi. “Nəsimi” filmini çəkənlərə də…

Bu komediyanın təhlilinə keçməzdən əvvəl deməliyəm ki, Nəsimi yubileyi ilə Əliyevin Azərbaycana eyni ildə rəhbər təyin olunmağında dərin bir simvolizm vardı. Azərbaycan xalqı, kütlüyünə baxmayaraq, şüuru ilə olmasa da, dərisinin hissiyatı ilə başa düşürdü ki, bu, təsadüfi deyil. Yəni Azərbaycanda dərilər soyulacaq, hökmən soyulacaq. Məsələ əslində aydın idi. Xalq birinci katibin, KQB generalının dərisini soya bilməzdi. Ancaq birinci katib, KQB generalı xalqın dərisini soya bilərdi və soydu da.

“Soymağ”ı, əlbəttə hürufi…pardon, hərfi mənada başa düşmək lazım deyil. “Soymaq” daha çox “yağmalamaq”, “qartət eləmək” mənasında başa düşülürdü. Elə də oldu. Əliyev rəhbərliyə gələn kimi rüşvətlər çoxaldı. Xəstəxanalarda əməliyyatların qiyməti iki dəfə artdı. Mağazalarda satıcılar malın qiymətini faizlə yox, dəfələrlə artırırdılar. İnstituta girmək, əsgərlikdən qurtarmaq, işə götürülmək – bunların hamısının məzənnəsi Əliyev gələn kimi qalxdı kəllə—çarxa. Məktəblərdə direktorlar müəllimlərin maaşını kəsirdilər, deyirdilər “Bakıya gedir”. Avtobazalar, tikinti trestləri, neft kəşfiyyatı idarələri, pambıq zavodları, kolxozlar, sovxozlar  – bunlar hamısı korrupsiya yuvasına çevrildi. Dövlət talan edilir, əhalinn dərisi soyulurdu…

Xalq bütövlükdə kollektiv Nəsimiyə çevrilmişdi…

Demək lazımdlr ki, xalq Nəsimi yaradıcılığından heç nə qanmırdı, bildiyi o idi ki, Nəsimi də Rasim Balayev kimi yaraşıqlı oğlan olub, Rəşad Dağlı kimi meyxana deyib, ona görə dərisini soyublar, çünki o vaxt Azərbaycann indiki məhkəmələri kimi humanist məhkəmələr olmayıb…

Əslində Nəsimi filmdə daha çox gənc Leninə, Şaumyana bənzəyir.

Xalqımın soyulan dərisinə and olsun!

(Ardı var)

 12.08. 2023, Samara