Архив тегов | nəvai

BİR SIXMA TORPAQ

              
Kim deyir ki, Mirzə Əlil vətəni sevmir, başından böyük qələt eləyir. Vətəni məndən çox bircə prezidentin ailəsi sevər, bir də Kəmaləddin Heydərov. Qalan heç kim vətən sevgisində mənə yaxın gələ bilməz. Elə sevgimin artıqlığındandır ki, hər yay vətəndən qayıdanda təkcə ürəyim yox, bütün başqa yerlərim də xarab olur. Bu dəfə görünür eşq başıma elə vurub ki, sentyabr ayının yeddisində kənddən çıxmaq istəyəndə əməlli-başlı qırc olub yıxıldım. Məni ötürməyə gələnlər şivən qopardılar ki, bəs Mirzə indi ölər, bu saat ölər.  Hələ eşitdim pıçıldaşırlar ki, molla dalınca adam göndərmək lazımdır. Molla sözünü eşidən kimi huşum elə bil qayıtdı, dedim a zalım uşağı, mənə hələ molla lazım deyil, Salyan xəstəxanasına zəng vurun, həkim gəlsin. Dedilər, Mirzə, bayaqdan səni istəyənlərin hamısı zəng vurur, ancaq zəng gedib çatmır, çünki, möhtərəm prezidentimiz Salyan xəstəxanasına baxmağa gəlib. Prezident olan yerdə də rabitəni kəsirlər. Dedim ay bala, mən öləndən sonra o xəstəxana mənim nəyimə lazımdır, zəng vurun prezidentin özünə, deyin Mirzə Əlil ölür. Dediər Mirzə, prezident tapşırıb onu bircə Zəlimxan Yaqub öləndə narahat eləsinlər. Dedim a zalım uşağı, onda qoyun məni bir maşına, Bankə yolu aparıb çatdırın Neftçala xəstəxanasına. Dedilər bu yol iyirmi ildir təmir görmür, səni bu yolla aparsaq, sən də ölərsən, özümüz də ölərik…

Hə, camaat yağlıqaradan-zaddan qayırıb məni ölməyə qoymadı, sonra sağollaşıb yola düşdüm. Həmin o Salyan xəstəxanasının yanından keçəndə gördüm ki, düz xəstəxana qapısına qədər asfalt basılıb, ordan o yana yox. Mənə dedilər ki, Azərbaycan alimləri açılıb-yığılan asfalt yaradırlar, rulon şəklində olacaq. Prezident hara getsə, döşəyəcəklər ora, sonra yığıb yumurlayacaqlar. Məni öz dilini Rusiyada guya unudan qurumsaqlara oxşadanların biri belə dedi: “Ekonomiya budet do fiqa, Mirza!”

Bərəkallah! Azərbaycanlıda olan ağıl heç bir millətdə yoxdur. Qeyrətdə də bizə çatan olmaz. Bizim adam hər cür qeyrəti çəkir. Ən çox da ailə qeyrətini. Hara baxırsan, mərhum öndərimizin heykəli, muzeyi, adına salınan bağlar… Hansı millətdə belə ata qeyrəti çəkmək var? Odur ey, özbək prezidenti İslam Kərimov, gəlib Bakıda Əlişir Nəvaiyə heykəl açıb. Mənə çoxdan deyirdlər ki, özbəklər dədələrinə qiymət qoymurlar, inanmırdım, indi daha inandım. A kişi, şair kimdir ki, sən boyda prezident onun heykəlindən ötrü durub Bakıya gəlirsən. Şair lotu-potu tayfasıdır, sən dədən qala-qala Nəvaini niyə ucaldırsan? Başınız haqqı, əgər bizim prezidentimiz Nəvainin əvəzində gedib Daşkənddə dədəsinə heykəl qoymasa, adımı dəyişib Mirzə Təbil qoyaram. Onsuz da sərhəddi keçəndə başıma gələnlərdən sonra adımdan zəhləm gedir. Sərhədçilər məndən rüşvət istəyəndə dedim a bala, nə rüşvət, mən Mirzə Əliləm. Dedilər cəhənnəmə Mirzəsən, gora Əlilsən, pulu ver, yoxsa ənginə elə qoyarıq ki, bu şoğərib adın da yadından çıxar.

Pulu verməyinə verdim, ancaq başa düşmədim ki, niyə mənim adım şoğəribdir.

Vətəndən bir sıxma torpaq götürmüşdüm, ki, birdən məni Samarada basdırsalar, qəbrimə töksünlər. Gömrükçülər buraxmadılar, dedilər hərə bir sıxma aparsa, vətəndə torpaq qalmaz ki. İstədim deyəm a bala, elə gözünüz məni gördü, ermənilər o qədər torpaq götürüblər, niyə onlara dinmirsiniz. Demədim. Düzünə qalsa, üz həmişə özgədən utanır, özünkündən utanmır. İndi erməni olub özgə, bizim prezidentimiz, nazirlərimiz, generallarımız onlara nə desinlər?

Vallah, utanırlar…

Mirzə Əlil