Архив тегов | Neftçalada deputat seçkiləri

NAMİZƏD VƏFA NAĞI İLƏ GÖRÜŞ YA QOQOLUN «EVLƏNMƏ» KOMEDİYASI?

Son vaxtlar dünyada çox mühüm hadisələr baş verir: ABŞ-da prezident seçkiləri, Ukraynanın Rusiya ərazisinə girməyi və s. Ancaq məni ən çox maraqlandıran Neftçalada Vəfa Nağı adlı xanımın seçki kampaniyasıdır. Hər səhər yuxudan ayılan kimi Rusiyada qadağan edilmiş Faysbuku oğurluqca açıb bu xanımın səhifəsinə baxır, baxdıqca həyəcanlanır, təəccüblənir, heyrətlənirəm.

Şəkillərin birində Bankəni görüb çox kövrəldim. Səkkiz ya doqquz yaşım olanda mərhum bacım məni Bankəyə aparmışdı. Kiçik kənddən başqa ayrı yer görmədiyimdən Bankə mənə böyük şəhər kimi görünmüşdü. Orda kitab mağazası vardı, bacım pul verdi, üç kitab aldım, biri Puşkinin nağılları idi…

Allah sənə rəhmət eləsin, ay bacı…

Vəfa xanım Neftçalanın ayrı yerlərini də gəzir və çəkdirdiyi şəkilləri qoyur Rusiyada qadağan edilmiş Feysbuka. Mən də oğurluqca baxıram.

Füzuli demişdi: Heyrət ey büt! Halımın surətini görən elə bilər ki, bütəm. Yəni heyrətdən heykələ dönürəm..

Mən də Vəfa Nağının kampaniya şəkillərinə baxdıqca çox heyrətlənirəm. Heykələ dönüb-dönmədiyimi deyə bilmirəm, bunu məni bu halda görən adam deyə bilər. Görənim, baxanım isə yoxdur…

Allah heç bəndəsini tək qoymasın…

Bəlkə bu yazdığımı oxuyan ola və soruşa ki, Mirzə, soruşmaq ayıb olmasın, niyə heyrətlənirsən? Mən də cavab verərdim ki, ay bala, necə heyrətlənməyim? Özün bu şəkillərə bax. Vəfa Naği ilə görüşə gələnlərin içində bir arvad da yoxdur, hamısı kişidir. Bu, deputalığa namizədin seçicilərlə görüşünə qətiyyən bənzəmir. Vəfa Nağı ilə görüşə gələnlər elə bil ki, subay ya dul kişilərdir, arvad bəyənməyə gəliblər…

Məzahir Pənahovun başına and olsun!

Vəfa Nağının şəkilləri mənə Qoqolun “Evlənmə” komediyasını xatırladır. Aqafya İvanovnaya elçiliyə gələn kişiləri xatırlayırsınız?

Əlbəttə, xatrlayırsınız! Dünya ədəbuyyatını gözəl bildiyinizə şübhəm yoxdur…

Çox qəribədir… Yəni kəndlərdəki kişilərin hamısının arvadl ölüb? Hamısı birdən? Seçki ərəfəsində? Heç sağ qalanı yoxdur? Bəs niyə yaylığını başına atıb Vəfa bacıları ilə görüşə gəlmir?

Bəlkə bu kişilərin arvadları ölməyiblər? Namizədlə görüşə ərlərinin qeyrəti yol vermir?

Hə?

Arvadları qırx dərəcədə alaq vurdurmağa, pambıq yığdırmağa, bostanda, dirrikdə torpaqda eşələtdirməyə, bazarda alverə göndərməyə qeyrət yol verir, qadın namizədlə görüşə yol vermir? Bu necə qeyrətdir?

Belə qeyrətlə demokratiya bir araya sığmaz. Belə qeyrətin yiyələrinə Vafa Nağı kimi əqidə mücahidi yox, minüzlü harın ərinin kölgəsində yeyib-içib harınlamış, enlənmiş, yağlanmış Tənzilə Rüstəmxanlı lazımdır. Əlbəttə, Tənzilə Rüstəmxanlının deputatlığa təyinatı onların səsindən asılı deyil, ancaq asılı olsaydı da, ona səs verərdilər. Özlərinə deputat yox, arvad da seçsəydilər, ona səs verərdilər, çünki, “Qayınana”da deyilən kimi, camış kimi arvaddır, hərçənd yaşı keçib…

Yadınıza salıram ki, aprel döyüşləri zamanı, meyitlər döyüş meydanından yığılmamış Sabir Rüstəmxanlı və arvadı qızlaırna toy çaldırıb selfi yayırdılar. Şəhid anaları, ataları, bacıları qardaşları! Əzizlərinizin ruhunu təhqir etmiş arvadı qapınızdan qovun!

tünzalə rüstəmxanlı

Mən seçkilərin nəticəsinin xalqın səsindən asılı olmadığını deyib mürtəce rejimi daha da ürəkləndirmək istəmirəm. Asılıdır! Ancaq biz xalqıqmı? Qəhrəman xanım Vəfa Nağı ilə görüşə anasız, bacısız, arvadsız, özü də üst-başları nimdaş, üzləri tüklü, gözləri yuxulu gələn bu kişilər xalqdırmı? Yox! Xalq olan yerdə seçkilərin nəticəsi seçicilərdən asılıdır. Təkcə Avropada yox, hətta Banqladeşdə, Nigeriyada, Qanada seçkilər bunu sübut edir. Qeyrəti ananın, bacının, arvadın yerinə bülleten atmaqla yox, Tənzilə kimi …ləri it kimi qovmaqla göstərmək lazımdır…

Rusiyada qadağan edilmiş Feysbuka and olsun!

Mirzə ƏLİL

24. 08. 2024, Samara