Архив тегов | Nuh

QLOBAL İSTİLƏŞMƏ

Leysan yanvar yağışı,

Döyəcləyir çətrimi.

Bu küləyə qarışan
Yoxsa Muğan ətridir?

 

Hava gəlib deyəsən,

Ağacların başına.

Qışın günü bəs nədən,

Tumurcuqlar irişir?

 

Elə dəyişib iqlim,-

Qütbləri çaş salır

Quşlar – ayıra bilmir,

Baharları, qışları.

 

Çəkilmir başağrısı,

Avropanın haçandır.

Dağların başı qarsız,

Kurortlarsa ziyanda.

 

Şimalda ayıların,

Qış yuxusu pozulub.

Deyirlər haray vurur,

Gəzirlər başılovlu.

 

Hələ bunlar nədir ki –

Guya bütün Arktika

Bir cam dondurma kimi,

Gec-tez əriyib axar.

 

Peşmandır yenə tanrı,

Bəlkə yaratdığına?

Yenəmi adamların,

Planlayır qərqini?

 

Bəs niyə başlayan yox,
Gəminin inşasına?

Gecə-gündüz bəlkə Nuh,

Şitillikdə çalışır?…

Yanvar 2007, Samara

 

ANA

Bu da zirvə, bu da doxsan –

Yaşın kimi sevindirir?

Halsız, üzgün uzanmısan,

Tükənib gəlib-gedənin.

 

Yayın ölüb, yazın ölüb,

Gedən  — payız, gələn — payız.

Oğlun ölüb, qızın ölüb.

Nə zəng gələr, nə də kağız…

 

Bilinmir evin yaşı da,

Əfəlləyib daşı-damı.

Əynin yaş, otağın yaşdı, —

Damır, otağına, damır…

 

Neçə gündür yağış yağır,

Yol yuyulub, cığır itib.

Sönüb kəndin işıqıarı,

Pəncərəni duman tutub.

 

Sular qarışır sulara,

Dolur evə vahiməsi.

Bu sel tanrı qarğışısa,

Bəs hanı Nuhun gəmisi?…

 

16-17 okt. 2012, Samara