Архив тегов | peraşki Ağəli Salyan

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 28. TOYLAR. GÖZƏL MEHPARƏ VƏ ABASQULU

Bir neçə günə inşa edilən toyxana çox avaxt toy dağılan kimi sökülürdü, çünki taxta-tuxta, stollar, oturacaqlar yiyələrinə qaytarılmalı idi. Toyxananı örtmək üçün istifadə olunan, hamının “yelkən” dediyi brezent sovxozun idi. Yelkəni gətirəndə və qaytaranda yoxlayırdılar. Bacısı Nisəxanınımın toyundan sonra Böyükkişi yelkənə baxıb cin atına minmiş, gecənin özü kimi qara adam qəzəbindən qızarmışdı. “Borc olsun subay bacılarıyçın!” – deyə Böyükkişi naməlum adamları hədələyirdi. Sovxozun yelkənini bir neçə yerdən kəsmişdilər. Cinayət törətmiş adamları Böyükkişinin necə tapacağı məlum deyildi. İt gətirəcəkdi?

Kişi toylarına qadınlar girmədiyi kimi, qız toylarına da kişilər girmirdilər. Ancaq hava qaralandan sonra kəndin cavanları və hətta başqa kəndlərdən gələnlər, Şeyx Nəsrullah demişkən, toyxana dalına cəm olub içəridə şənlənən qadınlara və qızlara baxırdılar. Gələcək arvadlarını toyda bəyənənlər az olmurdu. Bu toylar həm də üzləri gözlərinəcən bürünmüş halda alaq vuran, pambıq yığan qızları üzü açıq, abırlı paltarda görmək üçün yeganə imkan idi. Ancaq toyxananı kip bürüyən qalın brezent içəridə nazlana-nazlana “Kolxoz” ya da “Heyvagülü” oynayan qızlara baxmağa qoymurdu. Ona görə də bəzi cavanlar toya silahlı gəlirdilər, yəni ciblərində kiçik bıçaq ya da elə üzqırxan tiyə (“lezviye”) olurdu. Qaranlıq sıxlaşan kimi brezentdə deşiklər cənnət qapısı kimi açılır, toyxananın ortasından asılmış beşjüzlük lampanın gözqamaşdırıcı işığında ağarmış, gözəlləmiş, hətta özlərinə oxşamayan qızlar və gəlinlər ekrandakı kino xanımları kimi göz önünə gəlirdilər…

Bəzən toyxana başından qız qaçırılırdı. Yazışma ya vasitəçiylə oğlanla qız vədələşir, qız bir bəhanə ilə toyxanadan çıxır, onu gözləyən adamlara qoşulub “qaçırdı”.

Ancaq kənd yerində subay oğlanlar üçün qızı özlərindən çox anaları, ya bacıları seçirdilər. “Anası bəyənib”, “bacısı bəyənib” – bu sözlər çox deyilərdi. Oğlan qız bəyənə bilərdi, lap dəlicəsinə vurulardı da, ancaq anası bəyənməsəydi, necə alacaqdı? Anasının üzünə duracaqdı? Evdən çıxacaqdı? Lüt? Yox, belə şeylər olmurdu ya da nadir hallarda olurdu… Əlbəttə, oğlanlar eşqə düşürdülər, atılıb-düşüb camaatı özlərinə güldürürdülər, ancaq atası, anası onunla tərbiyəvi söhbət edəndən sonra eşq cinləri başından çıxır, anasının elçilik eləyib aldığı arvada qane olurdu…

Hərçənd Füzuli deyib:

“Eşq imiş hər nə var aləmdə…”

Bizdə kim idi Füzulini oxuyan…

Kişi toylarında da eyni hoqqa çıxırdı. Yəni brezentlə bürünüb bərkidilmiş toyxanaya yalnız kişilər girirdilər. Arvadlar isə, yenə Şeyx Nəsrullahın dediyi kimi, qaranlıq qatılaşandan sonra toyxananın dalına cəm olurdular. Və bəy sağdış-sılduşuyla toyxanaya girib yuxarı başda öz fəxri yerini tutandan sonra simsiz teleqrafla xəbər yayılırdı ki, gəlini gətiriblər toyxananın dalına. Gəlini toyda həmişə gətirirdilər, bunun təxmini vaxtını bilənlər hətta çıxıb evlə toyxana arasındakı yolu güdürdülər ki, gəlini görsünlər. Gəlini, başında örtük, bir neçə qadın evdən çıxarıb gətirirdi. Gəlin hətta bu kənddən olsa da, lap qonşuluqda yaşasa da, gəlinlik elə bil onu tamam başqa adam eləyirdi, nağıllardakı gözəllərə çevirirdi. “Yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə…”

Ancaq kəndə anadangəlmə gözəllər də gəliblər. Abasqulunun toyu yaxşı yadımdadır, birinci və axırıncı dəfə onun toyunda gəlin gətirməyə də getmişdim. Bilmirəm kimin felinə düşdüm və  sovxoz maşıınının kuzovuna dırmaşıb Salyana getdim. Mehparə hələ kəndə gəlməmişdən çox qabaq Salyan küçələrində qutab (“peraşki”, yəi rusca “pirojok”) satan Ağəlinin (Ağəli gəldi, ay bala…) qızından, yəni bu qızın gözəlliyindən çox danışırdılar. Əlbəttə, Abasqulu da gözəl oğlan idi, ancaq deyirdilər Mehparə ayrı cür gözəldir. Nədənsə Xannənə xala Ağəlinin qızını almaq isətmirdi. Buna görə Abasqulu anası ilə qanlı-bıçaqlı olmuşdu. Və bir dəfə hətta məməmlə Tükəzban xalanın həyatına ciddi təhlükə yaranmışdı.

Xannənə xala tez-tez bizə gələrdi. Məməm də ona dəyərdi. Bir dəfə məməm Tükəzban xala ilə Xannənə xalagildə söhbət elədikləri yerdə Abasqulu girib anasına deyib: “Məə di görüm, gedirsən elçi ya gedmirsən?” Xannənə çox balaca arvad idi, ancaq cəsurluğuna söz ola bilməzdi. Və yeganə oğlu Abasqulunun üzünə dik baxaraq deyib: “Mən o …-nin qapısına getmərəm”. Yəni burda yazılması mümkün olmayan söz işlədib. Abasqulu da ləyaqətli, necə deyərlər, qabağından yeməyən (bunun nə olduğunu özüm də başa düşmürəm, ancaq qorxmaz adamlar haqqında işlədirlər) oğlan idi. O da anasının üzünə dik baxaraq deyir: “… sənin qoum-ağrəbündi”. Bunu deyib çıxır, ancaq bir dəqiqə keçməmiş əlində tüfəng içəri girib lüləsini arvadlara uzadır və deyir: “Üçüzü də vuracam”. Məməm deyirdi ki, oturduğumuz yerdə ölmüşdük. Tükəzban xala qorxudan batmış səsini bir təhər bərpa edib deyir: “Abasqulu, bala, sən yaxşı oğlansan, Kamal da ssəən xətüü issiyir, tüəngi apar qoy yerinə, adam məməsin öldürməz, indiyəcən nə Kamal, nə Ərəssun məəm üssümü tüəng çekiblər, xoşduğnan danış, Xannənə gedib issədiyün qızı alar…”

Abasqulu anasını Tükəzban xalaya bağışlayır. Bir müddətdən sonra Xannənə xala qızlarını, bacısı Nənəqızı yanına salıb Ağəlinin qızına elçiliyə getdi və Mehparəni Abasquluya aldı.

Yadımdadır ki, Ağəlinin həyətinə çatanda yük maşınının kuzovunda kənddən gəlmiş gəlinlər oxuyurdular: “Şal almağa gəlmişüy, Mal almağa gəlmişüy, Oğlanın adamıyuğ, Aparmağa gəlçmişüy. Yef, yef urraaa…”

Mehparəni evdən çıxarıb balaca maşına (bəlkə də bu, Kamal dayının maşını olub) mindirməyə gətirəndə kuzovdan nə qədər boylandımsa, yəqin boyumun balacalığından, görə bilmədim. Mehparəni toydan xeyli sonra gördüm. Doğrudan da gözəl idi. Rac Kapurun əfsanəvi “Sanqam” filmindəki Ratha kimi gözəl idi…Ancaq elə bil ki, ona o gözəlliyi verən yaratdığına peşman olmuşdu və onu bizim kənd kimi yerə, Abasqulu kimi kişiyə ərə verməklə verdiyini min cür əziyyət və hətta işgəncə ilə geri almaq qərarına gəlmişdi…

Gəlini götürüb gedəndə də oxuyurdular: “Şal almağa gəlmişüy, mal almağa gəlmişüy… Oğlanın adamıyuğ…”

Oğlanın – yəni Abasqulunun…

Allah Mehparəyə rəhmət eləsin…

24. 01. 2025, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 27. TOYLAR: YEMƏYƏ GÖRƏ QINANMAQDAN OĞURLUQ ÜSTÜNDƏ TUTULMAQ YAXŞIDIR…