Beşik gəmirən bala,
Məhbəs oldu beşiyin.
Generalın əmri var –
Çıxmaq olmaz eşiyə.
Vahimələnib şəhər,
Küçələr təlaşlanıb.
Qapını kəsib əsgər,
Əlində Kalaşnikov.
Boylanır, hədəf gəzir,
Qara lüləsi tankın.
Tırtılında qan izi –
Əzib indicə haqqı.
Qərənfillər qızarır,
Asfaltın qurumunda.
Şəhid qanı sızan yer,
Əbədilik durandı.
Hava yolları tutqun,
Bağlı dəmir yolları.
Çata bu xəbər çətin,
Cənab de Kuelyara.
Zorun, gücün qurbanı,
Beşiyi məhbəs bala.
Dil açmağın yubanır –
Danışmaq yasaqlanıb.
Ayaq qoysan beşikdən,
Bir qara gecəninsən.
Generallar keşikdə —
State of Emergency!
28 yanvar 1990 Samara