Beş il əvvəl Kəramətin kim olduğunu bilmək üçün oxuduğum mətnlərdən, baxdığım videolardan ən çox yadımda qalan onun ev tələbidir. “Millətin yazıçısının evi yoxdur!” – deyə fəryad edən Kəramət şübhəsiz ki, “millətin yazıçısı” statusuna özünü tam layiq bilir və evinin yoxluğunu ekzistensial problem kimi səsləndirir. Və çox da sadəlövh olmayan hər kəs başa düşməliydi ki, problem əslində boranı qabığı kimi səthidir və qarşımızda duran Sartr ya Kamyu deyil, yorulmaz və məhsuldar qrafomandır və ekzistensiya onun üçün Bakıda komfort həyatdır ki, bunun əsas komponenti evdir. Kəramət demir ki, niyə müəllimin evi yoxdur, niyə Bakı göydələnlərini qul əməyi ilə ucaldanların çoxunun evi yoxdur. Kəramət dövlətdən mətbuatın azad fəaliyyətinin təminatını tələb etmir, Kəramət iqtisadi azadlıq, biznes azadlığı tələb etmir ki, qəzet, jurnal, kitab nəşri rəqabətli iqtisadiyyat seqmentinə çevrilsin, niyə reklam üzərində dövlət (rejim) inhisarının götürülməsini tələb etmir? Bütün bunlar Kəramətə lazım deyil. Bütün bu azadlıqlar olsa, yəni sağlam siyasi-iqtisadi şərait yaransa, yəni hava və su təmizlənsə, Kəramət zəhmət çəkməli, oxumalı, öyrənməli, bəlkə üç ilə beş ilə bir kitab üzə çıxarmalı olardı – və yarmarkalarda qaraçı hoqqalarına bənzəyən aqressiv reklam kampaniyasının olmayacağı halda o kitabın da taleyini demək çətindir…İndiki bulanıq hava və su Kəramət üçün əsl yaşama mühitidir. Adaptasiya, bunu demək vacibdir, qarşılıqlı prosesdir. Kəramət mühitə uyğunlaşdığı kimi, mühit də (bu kontekstdə “mühit” “siyasi rejim” kimi anlaşılmalıdır) Kəramətin özünün üzvi, yəni orqanik hissəciyi kimi onun komfort dolanışığına şərait yaradır.
Prezident adminstrasiyası Kəramətlə müqavilə bağlayıbmı? Yəqin ki, yox. Mühit öz hissəciyi, öz ünsürü ilə niyə müqavilə bağlamalıdır? Belə işlər daha incə şəkildə görülür və Bakıda da Makiavellinin layiqli şagirdləri sayıla biləcək adamların olduğu şübhəsizdir. Kəramət ev istəyirdi? İstəyirdi! Verdilər? Verdilər? Verdilər! Niyə şəxsən özünə yox, atasına verildiyini də başa düşmək ola bilər. Birincisi, evin birbaşa Kəramətə verilməyi ona söz gətirərdi. İkincisi, Kəramət, yumşaq desək, içməyə meylli adamdır, içən adam da bir də gördün nəyi varsa, satdı… Yəni Makiavellinin azərbaycanlı şagirdləri hər şeyi yerli-yerində edirlər…
Və evi alandan sonra Kəramətin prezidentə məktub yazıb əl-ayağına düşməyinə ehtiyac qalmır: ev formal olaraq ona verilməyib… Ancaq Kəramət minnətdarlığını eləyir: gah Əli Kərimlini qapır, gah İlqar Məmmədlini. Və hakimiyyət üçün Kəramətin müxalifətə qarşı bir ağız hürüşü üç-dörd min trolun fəaliyyətindən effektlidir – bunu Makiavellinin azərbaycanlı şagirdləri yaxşı başa düşürlər. Trollara sadəlövh adamlar etibar eləyərlər, hərçənd trol aqressiyası reklam aqressiyası kimi İnternet izləyicilərinin bir qismini ən azı çaşdıra bilir. Ancaq Kəramətə inam var, səhifəsində hər asqırığına iki-üç min layk qoyulur. Düzdür, bu inamın keyfiyyəti şübhəlidir, bu inam sahibləri zəncir ocağına inananlardan çox da fərqlənmirlər – indi Kəramət kultu, Kəramətə pərəstiş azərbaycansayağı subkulturadır və ölkədə Kultura nə səviyyədədirsə, subkultura da o səviyyədə olmalıdır. Özüm də kəndçiyəm və ona görə kimisə təhqir edə biləcəyimdən qorxmuram: Kəramətin hər asqırığına iki-üç min layq qoyanlar qismən Bakıda, əslində şərti Bakı sayılan ərazidə cəmlənmiş kəndçi-küdçüdür. Bu kütlə Kəraməti özünün tribunu kimi, özünün istəklərinin ifadəçisi kimi görür. Bu kütlədə dərin intellekt sahiblərini, müasir düşüncə sahiblərini təsəvvür etmək çətindir… Bu kütlədə çoxluğu fəaliyyətə, öyrənməyə əzmi olmayan, həyatın birdən-birə hansı sehr və möcüzəyləsə dəyişəcəyinə ümib bəsləyənlər təşkil edirlər. Və yazdıqları şərhləri oxuyanda görürsən ki, bu adamların əksəriyyətinin peşəsi naqqallıq, qeybətdir. Və ona görə bunları haçansa doğrudan da riskli mübarizələri ilə cəmiyyətdə nüfuz qazanmış insanların hər büdrəyişi və ya onlara düşmənliklə aid edilən büdrəyişi sevindirir, sanki kiminsə büdrəməyi, yıxılmağı onları qaldıra bilər.
Qaldıra bilməz!
Bu mənada Kəramətin İlqar Məmmədovla davası əlamətdardır. Kəramət İlqar Məmmdovun qabağında elə atılıb-düşür ki, guya özü ya dədəsi İlqar Məmmədovdan beş-altı dəfə artıq türmədə olublar, yəni Nelson Mendela qədər… İki-üç min zəvzək və naqqal da laykla bu saqqallı sırtıq uşağı dəstəkləyir…
Bu iki-üç min nəfərin ikisində ya üçündə əzm və qeyrət yoxdur ki, türmədə çürüdülən azərbaycanı qızların azadlığını tələb eləsin…
Kəramət videolardan birində — yəqin müsahibədir – hakimiyyəti zorla devirmək istəyənlərə qarşı olduğunu deyir.
Maraqlıdır, ölkədə hakimiyyəti zorla devirmək istəyənlər kimlərdir? Yəqin Kəramət bu məlumatı konfidensial şəraitdə lazımı adamlara çatdırır. Onun asqırığına üç-dörd min layk qoyanlar isə fitlərini duyurlar, söhbətin kimdən getdiyini başa düşürlər…Əli Kərimli və başqaları…
(Yeri gəlmişkən: Azərbaycanda hakimiyyəti dəyişməyin hansı legitim üsulları var?)
Kəramətə deyən yoxdur ki, sən Baklnın mərkəzində kitab alveri eləyirsən, cəhənnəmə elə, gora elə. Sənin müxalifətlə nə işin var?
Deyən olsa, bəlkə də Kəramət bozarıb deyərdi: Necə nə işim var? Dədəmə o boyda ev veriblər, bəs mən borcdan çıxmayım? Bəs deməzlər ki, mən Qəşəmin oğlu deyiləm, qonşu kişidənəm?
27. 10. 2025, Samara
P.S.
İlqar Məmmədov haqqında elə Kəramətlə qiyabi tanış olduğum vaxt yazdığım şeir.
PUŞKİN DEMİŞKƏN
siyasətçi İlqar Məmmədova
Fikirli, qayğılı gəzib haçandan,
Gah dili dolaşır, gah da yerişi.
Gözü də qızarır həyəcanından –
Malına samballı müştəri düşüb.
+
Otuz gümüşdüsə təklifi əvvəl,
Qaıxıb otuz dəfə otuza indi
Çaşıb mal yiyəsi, qalıb məəttəl,
Bilir ki, sifariş müstəbidindir.
+
Reputasiyadır malının adı,
“Təmiz ad” həm sadə, həm də təbii.
Doğma ölkəsində həmişə nadir,
Minlərdən seçilir onun sahibi.
+
Ata çörəyi var, ana südü var,
Bəlkə mayasında təmiz adın da.
Bəlkə müəllimlər, yaxşı kitablar,
Adın, rol oynayıb yaranmağında.
+
Özü öz içiylə girişib hərbə,
Olub bayırıyla ixtilafları.
Ölkəni hərləyən, xalqı hərləyən,
Yeriyib üstünə, silah çıxarıb.
+
Qoruyub adını canından artıq,
Keçəndə zindanın sınaqlarından.
Keçilən sınaqlar nə qədər ağır
Olursa, qiyməti qalxır adın da.
+
Polis yumruğu da, dəyənəyi də,
Dəyibsə, adın da dəyəri şişib
İndi sülənirlər həndəvərində,
Adına ən yağlı müştəri düşüb.
+
Qəhrəman şübhədə, tərəddüddədir,
Otuz gümüş idi qiymət haçansa.
Otuz dəfə otuz verirlər indi,
Fitnə qabağında dayanıb insan…
+
İzləyir həvəslə sövdəni kütlə,
Sürtür əlini də əlinə hətta.
Deyir: “o da bizə bənzəyir elə,
O da miskin imiş, rəzilmiş o da…”
+
Alçaqlar! Bilin ki, yanıılrsınız.
Sizdəki bu sevinc, təntənə nahaq.
Bəlkə o, miskindir, üstəlik rəzil,
Ancaq siz kimi yox, ayrı cür ancaq…
19.05. 2020, Samara
++++++++++++++++++
əvvəli burda:

