Архив тегов | qaçqınlar

AVROPANIN QAPISINDA

Döydü yağış bizi, döydü qar bizi,

Açın qapıları, buraxın gələk.

Acın, üzür həm də min azar bizi,
Buraxın yuyunaq, yeyək, dincələk.

+

Qaçmışıq əlindən müstəbidlərin,

Zülmdən, zalımdan qaçıb gəlmişik.

Yarımız yollarda qırıldı qaldı,

Bizsə cəhənnəmdən keçib gəlmişik.

+

Sizin ölkələrdə gözəldir həyat,

Nə çox soyuq olur, nə də çox isti.

İnsanın gedişi-gəlişi rahat,

Küçələr, meydanlar abad, təmizdi.

+

Qaydalı sürülür sizdə maşınlar,

Cədvəl əsasında qatarlar gedir.

Alır cəzasını həddi aşanlar,

Sizdə hökm verən məhkəmələrdir.

+

Mətbəxdə, hamamda, əlüzyuyanda,
Soyuq, həm isti su axır həmişə.

Sizdə çox ev var ki, ayaqyolunda,

Aftafa özü də avtomatlaşıb.

+

Açın qapıları, buraxın girək,

Bilirik tünlükdür, sıxlaşın azca.

Bizə də bir tikə tapılar çörək,

Tapılar ev-eşik, tapılar ocaq.

+

Burda uşaq-muşaq gün görər. Gedər,

Biri top dalınca, biri məktəbə.

Ya da tanrınızı göydən endirər,

Çarmıxa çəkərlər ikinci dəfə…

27-28 noyabr 2015 Samara

BAYRAMINIZ MÜBARƏK!

nar

Ah, Vətən! Bu gün Azərbaycanda bayramdır… Dirçəliş günü…
Ah, Vətən!
Muğamat, Aşura, şor…
Sünnət toyu, İmam ehsanı, Az TV…
Bu Dirçəliş günündə Vətənin necə dirçəldiyini görüb sevinməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz!
Azərbaycan məşədilərin sayına görə dünyada birinci, kərbalayıların sayına görə ikinci, hacıların sayına görə üçünncü yerə çıxıb!
Azərbaycan dünyaya verdiyi töhfələrlə millətin başını ucaldıb: Azərbaycan Ermənistana Qarabağ və üstündə də yeddi rayion, Gürcünstana neft, qaz və Heydər babanını heykəlini, Rusiyaya iki milyon qastarbayter, Avropa diplomatiyasına tonlarla qara kürü verib!
Ah. Vətən!
Palçıq, yağış, qarğış, anaşa, bıçaqlaşma…
Bəy tərifi, qeybət, rüşvət, molla kəbini…
Əliyevlər Paşayevlər, Heydərovlar, Mehriban xanım, Mehriban xanıma ərizə…
Borc, kredit, faiz, infarkt, insult, türmə…
Qaçqınlar, köçkünlər, kefxanalar, hamamxanalar, yavaxanalar, Bayraq meydanı…
Heç bir ölkədə Allahın adı Azərbaycanda olduğu qədər çəkilmir. Bir gündə azərbaycanlıların neçə dəfə “Allah” dediyini saya bilən kompüteri hələ yahudilər və xaçpərəstlər yarada bilməyiblər, çünki qeyrətləri yoxdur…
İndi bu yazını oxuyan hər millət övladı deyəcək: “Mirzə Əlil, Allah sənin…”
Ah, Vətən!
Muğamat, bulvar, baobab, Aygün Kazımova…
Aşura, şor, dərd, göz yaşları…
Bayramınız mübarək…

Mirzə Əlil
17.11. 2013 Samara

QAÇQINLARLA KEÇƏN GÜNLƏR

İlham Əliyev bu gün məmurları təvazölü, həqir həyat keçirməyə çağırıb və özünü nümunə göstərib, deyib ki, “mən əlli yaşımı qaçqınlarla keçirdim”.

Yaxşı, sadə, təvazölü həyatı başa düşdük, bəs ağ yalan danışmaq necə? İlham Əliyevin onun əlli yaşına Sumqayıtda bişirilmiş 50 metr uzunluqda tortdan zəbəri yoxdur? Bu tortun xəbəri ya qoxusu qaçqın düşərgəsinə gedib çatmayıb? Bəs sonuncu 51 metrlik Sumqayıt tortu?

Arvadıyla qızı bir neçə milyardlıq fonda yiyəlik edən adam necə başıaşağılıqdan, həqirlikdən, təvazödən danışa bilər?

O ki qaldı qaçqınlarla keçirilən doğum günlərinə, burda kədərli bir həqiqət var: Əliyev yetmiş illiyini də qaçqınlarla keçirə bilər. Çünki, belə getsə, iyirmi ildən sonra da o, bu faciə yaşayan xalqa yiyəlik edəcək və iyirmi ildən sonra da qaçqınlar elə qaçqın olacaqlar…

Təki sayları artmasın…