Архив тегов | qadın qətlləri

HÜSEYN ARİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «ANALAR»

hqdefault

Azərbaycan xalqı toylarda ana haqqında “segaha” qulaq asmağı çox sevir. Bir vaxt “Ana ürəyi” adlı dastana oxunan “segah” kənd toylarının repertuarında hit idi. Xanəndə ananın ürəyini sevgilisinin buyruğu ilə oğulun necə çıxartığıbnı zəngulə vura-vura danışdıqca toydakılar hönkür-hönkür ağlayır, elə ağlaya-ağlaya ciblərindən sovetin əzik göy üçklüklərini çıxarıb xanəndənin qabağna atırdılar….

Ancaq analardan şən şeirlər də var imiş. Məsələn, Hüseyn Arifin 5-ci nifdə keçilən “Analar” şeiri. Çox gülməlidir.

 “Elə ki, balalar gəlir dünyaya,

O gündən hey ölçüb, biçir analar”.

“Bala dünyaya gələn gündən” analar nəyi ölçür və biçirlər? Körpənin boyunu? Özü də HEY! Yəni gecə-gündüz! Bu nə işdir?

“Mahnı da oxuyur, şeir də deyir

Bəstəkar analar, şair analar”. 

Yəni təzə azad olmuş, yəni zahı qadın şeir deyir, mahnı oxuyur?

“Dözür hər əzaba o bilə-bilə…”

Şeir deyib mahnı oxuyan ananının nə əzabı? Nec yəni “bilə-bilə” dözür? Kim ona əzab verir? Əri? Qayınaansı? Bəlkə mahnı oxuyub şeir dediyinə görə?

“Yaşayır, sirrini salmadan dilə”.

Hansı sirri? Uşaq doğmağını gizlədir? Uşaq başqa kişidəndir? Sirri dilə salarlar ya gətirərlər?

Sonrası lap zəlzələdir:

“Vaxt olur, qaldırıb ağını belə

Şərbət əvəzinə içir analar”.

Ağı, yəni zəhər. Hüseyn Arif özü vuran olduğuna görə belə yazıb. Ancaq zəhər araq ya konyak deyil ki, içən onu qaldıra. Oxucunun başı burda çatlamalıdır: deməli, ana şərbət içməlidir, ancaq “qaldırıb zəhər içir”. Niyə? Niyə ana özünü öldürür? Bayaq mahnı oxuyub şeir demirdimi?

 “Unudub illərin yorğunluğunu,

Həyatda dincliyi, evdə yuxunu…”

Fikir verin: yuxu – evdədir, dinclik – həyatda. Deməli, evdəki yaşayış həyat deyil. Hə?

Bunu ona görə vurğulayıram ki, Azərbaycnın xalq şairi adını daşıyan adam Azərbaycan dilində düz-əməlli yaza bilmir.İndi bütün Azərbaycan belə yazır…

“Sevincin azını, qəmin çoxunu,

Yükün ağırını seçir analar…”

Əgər seçim varsa, niyə “qəmin çoxunu” seçir? Uşaq doğan kimi qadın mazoxistə çevrilir?

 “Alnında zamanın açdığı qırış,

Başına qar tökür, qar ələyir qış”

Başı, yəni saçı, ağardan qışdır? Qış – qocalıq mənasındadırsa, ananın, eləcə də atanın saçı qocalıqdan ağarır. Cəmi iki bənd qabaqda uşaq doğub, indi başına qar tökülür?

“Odun istisindən aralanmamış,

Suyun soyuğundan keçir analar”.

Burda yəqin mətbəxdən söhbət gedir. Qaz pilətəsi ilə su kranı, əlbəttə, yaxın olur. Ancaq suyun soyuğundan ana necə keçir?

“Özüm də bilmirəm, Hüseyn, niyə 

Başımın tüstüsü çəkilir göyə?”

Analardan şeir yazan adamın başından niyə tüstü çıxır? Bəlkə, üzr istəyirəm, araqdandır? Azərbaycanda saf araq olmur, yəqin şairin içdiyi arağa benzin qatıblar, tüstü də ondandır.

“Torpaqmı anasız qalmasın deyə, 

Torpağın qoynuna köçür analar?”

Azərbaycan şairləri, xüsusən xalq şairləri, ordenli şairlər şeiri şah beytlə qurtarmalıydılr. Şeir “Kommunist” qəztində çıxan kimi görən  alqışlayırdı: “Səməd müəllim, nə demisən!” Rəsul müəllim, nə demisən!” “Hüseyn müəllim, nə demisən!” Ancaq diqqətlə oxuyanda görürsən ki, bu beytdə nökərlik ləyaqəti də yoxdur. “Torpaqmı anasız qalmasın deyə …” Yəni ana ölüb torpağın altına girir ki, torpağa ana olsun. Bəs bizim xalq şairlərimiz həmişə torpağın özünə ana demirdimi? Bəs atalar ölmürlər? Atalar niyə ölürlər? Torpaq atasız qalmasın?

Mən bu şeiri öyrənməli olan 5-ci sinif şagirdlərinin halına yanıram. Yəqin bu cəfəng mətni tədris edən müəllim ya müəllimə bir xaral arası və ya bir furalıq cəfəng söz danışıb onu tərifləyir.

Nə tərif, ay məllim? Bu mətndə nəinki şeirlik heç nə yoxdur, onun dili bərbaddır, belə mətnlərlə Azərbaycan dilinə yiyələnən insanın fikri də, fikrinin ifadəsi də dolaşıq olacaq.

Hüseyn Arif haqqında. Bu şair hələ mən uşaq və yeniyetmə olan vaxtlarda Hüseyn Hüseynzadə kimi tanınmışdı, kitabları da bu adla çıxırdı. Arif adında gənc oğlu qəzada həlak olandan sonra “Arif” təxəllüsünü götürür. Yaımdadır, keçən əsrin 70-ci illərində onun yekə bir kitabını almışdım. Onu nə qədər ələk-vələk elədimsə, bir yaxşı şeir tapa bilmədim və çox məyus oldum…. Onun “ Meşəbəyi” adlı bir gəraylısını aşıq melodiyası ilə Teymur Mustafayev oxuyandan sonra dəbə düşmüşdü və kənd toylarında hökmən “Meşəbəyi” sifariş verib düşürdülər ortalığa – sındır ki, sındırasan…  Poetik hünəri “Ağrın alım, meşəbəyi” səviyyəsində olan şair xüsusən oğlunun ölümündən sonra dərin, ya da dərin saydığı, hətta fəlsəfi mövzulara girişir. Gənc oğlunu faciəvi itirmiş atanın şeirlərinə kim tənqidi bir söz deyərdi? Qalın kitabları dalbadal çıxırdı, adlar, ordenlər…

Bu da onun irsi…

Ana haqqında şeir yazmaq istəyənə bəlkə də bir-iki aylıq kurs keçilməlidir. Şair ananın hamiləlik vaxtı, doğuşdan sonrakı vəziyyətini həkimlərdən öyrənməli, bir neçə imtahan, o cümlədən Cəfər Cabbarlının “Ana” şeirindən imtahan verməlidir…

Ya da “Ana” haqqında şeir yazmağa yarım əsrlik moratoriya qoyulmalıdır…

Ya da hər kəs öz anası haqqında yazmalıdır. Ana – müqəddəs deyil, ana — insandır, qadındır, anaların da hər cürü var. Gəlinə zülm edib onu intihar həddinə çatdıran qayınana da anadır. Rüşvətxor qadın həkimlər də, rüşvətxor qadın məmurlar da, hakimlər, prokurorlar, cəmiyyətin xeyli hissəsində dəhşət doğuran televiziya aparıcıları da anadırlar. Və onlarda heç bir müqəddəslik-zad yoxdur… Bəlkə cinayət məcəlləsinin beş-altı maddəsi onların həsrətindədir…Analara həsr edilən saysız-hesabsız sağlıqlar, təriflər, şeirlər nə ümumiyyətlə qadına və o cümlədən ana olan qadına əsl münasibəti əks etdirmir. Azərbaycanda az qala hər gün qadın başı kəsilir, o qadınların əksəriyyəti bir və ya bir neçə uşaq anasıdır. Və o başları kəsənlər isə atadırlar – ara şairlərinin toylarda oxunan şeirlərində müqəddəsliyə qaldırılan atalar…İnsanın cinsi, onun sosial statusu, ailə vəziyyəti, subaylığı və ya evliliyi onun xarakteri, əxlaqı haqqında heç nə demir. İnsanın əxlaqını, yaxşılığını ya pisliyini  onun davranışı, başqalarına münasibəti,gördüşü işlər müəyyən edir…

X.X.

04. 05. 2024, Samara