“Biz” deyib öyünən bir ya beş deyil,
Seyrəlmir sıralar keçsə də illər.
Qara a yanvardakı hüznlü hünər,
Çoxdan yağmalanır, mənimsənilir.
+
“Rusu qarşıladıq biz yalın əllə,
Qorxmadıq, qaçmadıq tank qabağından”.
Bunu qürrə ilə söyləyən insan,
Qoşunu görməyib uzaqdan belə.
+
Meydan kürsüsündən saatlar öncə,
Nitq söyləyənlər, şeir deyənlər,
Döyüşə hazırlar, kəfən geyənlər,
Qaçıb soxuldular hara o gecə?
+
Öldülər sadələr və sadəlövhlər,
İnanıb getdilər “biz” deyənlərə,
Evində yatmağa gedən rəhbərə.
Öldülər…Kİm deyir bu qətlə hünər?
+
Öldülər adsızlar, tanınmamışlar,
Az ölən olmadı təsadüfən də,
Onların hüznlü siyahısında,
Alovlu nitqlər demiş kimsə var?
+
Kim boş əllə gedib ölür güllədən,
Qurbandır, əlbəttə, şəhiddən artıq.
Onlar getməmişdi getməmişdi ölümə axı!
Göndərilmişdilər ölümə hərçənd.
+
“Tankı qarşıladıq biz yalın əllə”, —
Bu gün də öyünən var utanmadan.
O gecə gizləndi, bu gün qəhrəman,
Qanı qurbanınsa yerdədir hələ…
21. 01. 2026, Samara
