
Əlbəttə. indi “Qarabağ” deyəndə hər bir azərbaycanlı dəsmal götürüb ağlayır, dəsmalı olmayan gözündən sel kimi axan yaşı köynəyinin qoluyla ya ətəyiylə silir. Ancaq Qarabağ bizi İNDİ ağladır. Qarabağın bizi güldürən vaxtları da çox olub. Bizim xalq şairlərimiz Qarabağdan çoxlu gülməli şeirlər yazıblar. Neçəsini xalq şairi Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza yazıb. Birini oxudum, uğunub getdim. Şeirin adı “Sənin Adın”dır. Yəni sizin adınız yox, Qarabağın adı. Burda şair elmlə poeziyanı sintez edib Qarabağın adının mənasını axtarır. Birinci versiya budur ki, Qarabağın adı heç Qarabağ deyil, “Qara bax”dır. Görüblər dağlarındakı qarı, deyiblər “qara bax”. Yəni iki nəfər gedirmiş, ola bilsin səyyah ya inturist, bir başını qaldırıb bağır dağın başına, yanındakını dümsükləyir, deyir oyan xabi-qəflətdən, qara bax… O vaxta qədər Qarabağın adı yox imiş, bu adamlar qarabağlılara deyirlər ki, daha bu gündən buranın adı oldu “Qara bax”…
(Deyirəm o iki nəfər salyanlı olaydı, özü də nəşəli…”Ala, ala, qara bax… ala, mən uydum…”
Sonra xalq şairi ikinci versiyasını açır. Guya bir yolçu, yəni inturist, burdan keçəndə çox susayır. Dodağı cadar-cadar olur. Dağın başındakı qara baxır, həsrətlə deyir: “Qara bax…”
Düzdür, burda bir neçə sual yaranır. Qarabağın hər qarışı bulaqdır. Yolçunun dodaqları niyə cadar-cadar olmalıydı. İkinci sual. Bu yolçu, əgər su tapmırdısa, yəqin inturist olub, yəni əcnəbi. Əcnəbi olubsa, niyə o bizm dilimizdə danışıb, halbuki indinin özündə çox azərbaycanlı z dilində danışmaq istəmir?
Çox gülməlidir…
Hə, o yolçunun deməyi ilə Qarabağın adı qalıb Qarabağ… Ermənilər bu şeiri oxusalar deyəcəklər ki, onların dediyi düz imiş, o yolçu qurumsaqdan qabaq Qarabağ erməni adı daşıyırmış…
Rəsul Rzanın şeiri erməniləri də güldürəcək…
Sonrası maraqlıdır:
“Qarabağ,
Adın qəlbimdir,
Xalqımın mübarizə tarixi kimi…”
Yəni Qarabağ da Rəsul Rzanıın qəlbidir, “xalqımın mübarizə tarixi” də…
Xalqımın mübarizə tarixinin olduğunu bilmirdim… Az-maz eşitmişdim, inanmırdım…
Və guya əsrlər boyu istismara məruz qalan, inciyən nəsillər günlərin bir günü deyirlər:
“Silinsin tarixdən,
Nəsillərin qara baxtı!”
Özü də nida işarəsi ilə. Silinsin!
Necə silinsin qara baxt?
“Babamın çirməkli qolları
Səndə olub”.
Bunu başa düşmədim. Bəs qalan yerləri?
“Qəlbimdəsən, gözümdəsən
hara gedim, hara baxım,
Mənim doğma Qarabağım!
Qarabağım!”
Bunu oxudum, Rəsul Rzanın İndoneziyada yazdığı yağış şeiri yadıma düşdü. Xalq şairimiz oturub Cakartada oteldə, yağış da ara vermir. “Necə yağır, necə yağır…”
Mənim fikrimə gəldi ki, yaxşı ki, Rəsul Rza İndoneziyada deməyib “Yağışa bax!”
Desəydi, İndoneziyanın adını dəyişib qoyacaqdılar Yağışabax!
Fövqəladə Hallar Nazirliyinə and olsun!
09. 12. 2018
Samara
Понравилось это:
Нравится Загрузка...