Архив тегов | qardash haqqında şeir

ATASI ONU YOLDAN ÇƏKİNDİRƏNDƏ SƏGRƏGİN DEDİYİ

Uşun qoca oğlu Səgrəg boyu

Üç yüz altmış altı ər ova çıxsa,
Qanlı keyik üstdə çəkişmə qalxsa,

Qardaşlı igidlər durar ürəklə,

Vurular qardaşsız igid, təklənər,

Onda dörd yanına baxıb ağlayar,

Ala gözlərindən acı yaş axar,

Gedir, xanım ana, alagöz balan,
Bəy ata, gedirəm, salamat qalın.

21.04. 2021, Samara

SÜLEYMANIN XATİRƏSİNƏ

SÜLEYMANLA

Elə ki xəstədən gələn iylərdən
Dərman iyi olur ən dözüləni,

Ən qısa ay uzun görünür ildən –

Qardaşım, fevralda gəldi ölümün.

 

Şarlatan cərrahın bıçağı bəlkə

Yıxdı səni. Məkrə aldanan igid!

Ev döndü andlılar məhkəməsinə,

Tərəddüd… tələsmə…təsəlli… verdikt…

 

Nə dünya dəyişmək? Bir ağrıdan sən

Kəsildin. Çəkildin neçə adamın

Nə vaxtdan gərilmiş sinirlərindən.

Dərd oldun kiməsə. (Bu, bir gümandır…).

 

Ömür eləmirik. Ana əlləri,

Beşik yelləməkdən yadırğamamış,

Övlad tabutuna gah sığal çəkir,

Gah da qucaqlayır qəbir daşını.

 

Lumu ağacı tək xatirən indi,

Boy atar evində ətir saçaraq.

Nə etmək? Kiminsə pəncərəsində,

Bitən bir çiçəyə torpağıq ancaq…

                                            26-27mart 2007 Samara