Архив тегов | qış

YÜZ İLİN QIŞIDIR ELƏ BİL GEDƏN…

Yüz ilin qışıdır elə bil gedən,

Elə bil əriyir yüz ilin qarı.

Sanki fəsil deyil, əsrdir gedən,

Bədəndə yorğunluq, ürəkdə ağrı.

 

Yer çılpaq, səmada tanış boz örpək,

Yüz illik qatlardan cücərir çəmən.

Yarpağı, çiçəyi görməyə gərək,

Yüz ilin səbrini basıb dözəsən.

 

Oyatmır ürəkdə təntənə, bayram,

Qürbətin növbəti fəsildönümü.

Bu qara sulardır yalnız ayıran,

Keçən günlərimdən gələn günümü.

 

                                mart – 05 aprel 1997, Samara

 

SAMARADA MART SƏHƏRİ

Martın sonu. Həyatdan

Ötürdük bir qışı da.

Ancaq iz yox həyətdə,

Fəsil dəyişimindən.

 

Ağaclar donub qalıb,

Həyat əlaməti yox.

Ağardan budaqları

Qarmı belə ya qırov?

 

Səkilərin buzuna,

Külüng çalır dalandar.

Doğrudanmı yazdı bu,

Yoxsa təqvim aldadır?

 

Əllərimdə iynəsi –

Şaxta yenə qovğada.

Üfürürəm – nəfəsim,

Dumanlanır havada.

 

Qar yerişi ləngidir,

Gözdən getmir yuxu da.

Büdrəyirəm. Döngədə

Odur, kimsə yıxıldı.

 

Qucub çuqun qapağı,

İki pişik qızınır.

Sevgi çağı – yaz çağı,

Soyuqlarsa uzanır.

Qışsayağı hava sərt,

 

Bəli, bura şimaldır.

Burda qışdır həqiqət,

Burda yaz ehtimaldır…

21-29 mart 1993, Samara