Архив тегов | qorxu

ÖMRÜN ƏVVƏLİNDƏ YOLA ÇIXANA…

Ömrün əvvəlində yola çıxana,

Barmaq qalınlıqda budaq – körpüdür.

Şığıyıb aşırıq çılğın axını,

Dərə adlayırıq – dibi görünmür.

 

Geri qayıdırıq min ehtiyatla,

Qorxu çəkindirir, ləngidir fikir.

Bir göz qırpımında keçilən yola,

Saat itiririk, gün itiririk.

 

Çılğın axınların hikkəsi yatar,

Körpülər atılar – dayağı dəmir.

Bizdəsə nəinki dönməyə — hətta

Dönüb baxmağa da iradə yetmir.

 

19-iyul 2007 Samara

QOCA

           QOCA.jpg

Döşəmədə çökük, tavanda çatlaq,

Şüşədən açıqdır rəngi pərdənin.

Kağızsız divardan tökülür suvaq –

Yaxşı ki, azalıb gəlib-gedənin.

 

Kranlar axıdır, boru paslanıb,

Qaz sızır deyəsən pilətədən də.

Qorxursan – mənzili su basa bilər,

Yanğın ehtimalı qorxudur həm də.

 

Köhnə soyuducunun narahat səsi,

Qorxursan biryolluq kəsilə, çıxa

Mühərrik sıradan. Toyuq tikəsi

İylənə, azca yağ əriyib axa.

 

Səsi də, rəngi də televizorun,

Səni baxdığından çox düşündürər.

Qorxursan qarala ekranı, pulun

Nə təzəyə çatar, nə də təmirə.

 

Təlaşlı, qayğılı gözlər anbaan,

Zamanın özü tək qədim saatda.

Yorğun əqrəblərin dayanmağından,

Qorxursan. Gedirlər – dərd olur bu da…

 

                                                          22-23.10.08 Samara