Архив тегов | rejissor Əjdər İbrahimov

«NƏSİMİ» KİNOKOMEDİYASI HAQQINDA QEYDLƏR. HACININ KOMİK SURƏTİNİ YARADANDA İSA HÜSEYNOV ELƏ BİL SOSİALİST ÖHDƏLİYİ YERİNƏ YETİRİRMİŞ…

26 BAKI KOMİSSARI FİLMİ

«26 Bakı komissarı” fimində Şahbazov-Tağıyev xeyriyyəçi, maarifçi deyil, yuxarıda dediyimiz kimi, fəhlələrin qanını içən istismarçıdır. Bunlar azmış kimi, Şahbazov-Tağıyev filmdə erməni-müsəlman qırğınının əsas baislərindən biri kimi göstərilir. Guya zəhmətkeşləri inqilabi hərəkatdan yayındırmaq üçün Şahbazov-Tağıyev erməni milyonçu daşnak Xaçaturovla əlbir olub erməni-müsəlman (azərbycanlı) qırğını törətmək üçün təxribat hazırlayır. Caparidze vaxtında öz informatorlarından  məlumat alıb təxribatı ifşa edir. Filmdə qanlı erməni-müsəlman qırğınından, on minlərlə azərbaycanlının Şaumyan hökumətinin dəstəyi ilə öldürməyinə toxunulmur. Ümumiyyətlə, görkəmli Moskva aktyoru Vladimir Samoylovun oynadığı Şaumyan çox məlahətli bir insandır, Bakı zəhmətkeşlərinin xoş gələcəyi üçün canından keçməyə hazırdır.

Film müəllifləri Şahbazovu-Tağıyevi alçaltmaqdan ötrü bütün vasitələrdən istifadə edirlər. Səhnənin birində o, məkrli, minlərin qanını tökməyə hazır qoca milyonçu, digərində komik personajdır, hətta bambılıdır da. Bakı sovetinin həlledici iclasları ona məxsus binada keçirilir. Eserlər Bakıya ingilislərin, müsəlmanlar türklərin çağırılmasını tələb edirlər. Şaumyan hökuməti isə rusları gözləyir. Əzizbəyov (Məlik Dadaşov) çıxış edir:

“Bizim millət müdrik millətdir Harda bir kələk gördü, deyir burda ingilis barmağı var. Bu saat Londonda Azərbaycan nefti üçün ingilis lordlarının ağzının suyu axır”.

Ağızlarından su axıb smokinqlərin isladan ingilis lordlarını gözünüzün qabağına gətirdiniz?

Gülməlidir ya ağlamalı? Bu nitq, əlbəttə, Əzizbəyova yox, İsa Hüseynova məxsusdur. Sual: müdrik Azərbaycan xalqı ingilisləri harda görmüşdü, harda onlarla rastlaşmışdı ki, kələkbaz olduqlarını bilsinlər? 1918-ci ildə nə qədər azərbaycanlı ingilis adlı millətin olduğunu bilirdi? «İngilis barmağı” yəqin ki, ruslarda olan «англичанка гадит» ifadəsinin qarşılığı kimi yaradılıb. Ruslar ingilislərlə dönə-dönə toqquşublar, onlar ingilislər haqqında utanmadan istədiklərini deyə bilərdilər. Bəs biz? Biz 1918-ci ildə nəinki ingilisi tanımırdıq, hətta öz adımızı da bilmirdik, özümüzə “müsəlman” dyirdik…

İclasa Caparidze sədrlik edir və tez-tez zəngi götürüb başı üstünə qaldıraraq çalır: “Sakit olun!” Birdən culuz geyimindən kolxoz mühasibinə oxşayan Şahbazov-Tağıyev yerindən durub gedir Caparidzenin üstünə, əlini uzadıb zəngi alır əlindən, qayıdıb oturur yerində. Zəngi yanındakılara göstərərək deyir:  «Parisin orta göbəyindən gətirmişəm. Heç bilirsiniz mənə neçəyə başa gəlib?”

Yanındakılar da ona gülürlər… Yəni İsa Hüseynov Hacını gülünc günə qoyur…

Bakı sovetinin iclasında bir neçə dəfə ara qızışır və film o vaxt cavan aktyor Frunzik Mkrtıçyaının benefisinə və komediyaya çevrilir. Frunzik ekranda görünən kimi (özündən qabaqda burnu) millət qəşş eləyirdi. Yox, İsa Hüseynov əsl komedioqraf olub. “Nəsimi” filmində də bu, aydın görünür…

Bakı sovetindəki səsvermədə eserərin təklifi keçir, bolşeviklər istefa verməyə məcbur olurlar…

Sonra Bakıya on-on beş əsgərlə ingilislərin gəlməyi, yükləri eşşəklərin belində, hamısı da tumanda. Bakılalar gülməkdən ölürlər… Allah İsa Hüseynovun günahından keçsin və tezikdə ona ən azı Ərafda oturaq versin…

İngilislər çox qalmırlar. Yəqin bakılıların onlara gülməyindən inciyirlər. Bolşevik komissarları Türkmənistana aparıb güllələyirlər. Bakıya türk girir…

15.08. 2023, Samara

P.S. Yeri gəlmişkən, mənim elmi rəhbərim, böyük türkoloq və şərqşünas Xalıq Koroğlu aşqabadlı idi, orda bir vaxt mövcud olmuş fars icmasına məxssu fars orta məktəbini bitirmişdi. Moskva paytaxtda oxumaq üçün Türkmənistana üç yer ayıranda kifayət qədər savadlı türkmən tapılmamışdı. Moskvaya göndərilən üç nəfərdən ikisi azərbaycanlı olmuşdu: Xalıq Koroğlu və gələcək rejissor Əjdər İbrahimov. Xalıq müəllim Moskva universitetinə, Əjdər İbrahimov isə Kinematoqrafiya insttutuna girmişdiər.

X.X.

«NƏSİMİ» KİNOKOMEDİYASI HAQQINDA QEYDLƏR. HACI ZEYNALABDİN İSA HÜSEYNOVUN QƏLƏMİNDƏN SUYU SÜZÜLƏ-SÜZÜLƏ ÇIXIB…

Без имени-1

1967 –ci ildə SSRİ-də Oktyabr inqilabının 50 illiyi qeyd olundu, ölkə tarixindən bundan əvvəl v bundan sonra belə miqyaslı tədbir keçirilməyib. Bu bayrama dörd-beş il ərzində hazırlıq gedib. Oktyabrın 50 illiyi şərəfinə SSRİ-nin hər yerində zəhmətkeşlər sosialist öhdəlikləri götürürdülər: şaxtaçılar iki-üç dəfə çox kömür çıxarmağa, neftçilər qara qızıl hasilatını dörd-beş dəfə artırmağa, sağıcılar hər sovet inəyəindən iki-üç Amerika inəyinin südünü sağmağa söz verirdilər. Sosializm yarışında, əlbəttə, azərbaycanlılar ön sıralarda idilər. Azərbaycan çobanları hər yüz qoyundan 300-400 quzu alırdılar. Bir qozadan bir kilo pambıq yığan pambıqçılar vardı. Yun istehsalı görünməmiş vüsət almışdı, azərbaycabnlılar Oktyabr şərəfinə hətta yumurtadan da yun qırxırdılar…

Oktyabr inqilabımın yarım əsrlik yubileyinə yaradıcı adamlar da hazırlaşırdılar. Romanlar, poemalar, pyeslər yazılır, simfoniyalar, operalar bəstələnilir, filmlər çəkilirdi. Bu filmlərdən birini Azərbaycanfilim Mosfilmlə birgə çəkmişdi. “26 Bakı komissarı” adlanan film yubiley ərəfəsində, 1966-cı ildə ekranlara çıxmış, Azərbaycan tamaşaçılarının dərin məhəbbətini qazanmış, Şaumyanı. Caparidzni, Fioletovau, Əzizbəyovu xalqa sevdirmiş, onları xalq qəhrəmanlarına çevirmişdi. Janrına görə, əlbəttə, bu film tarixi dram idi. Ancaq məim Azərbaycan xalqım üçün bu film tragikomediiya idi. Bakı komissarları Ağcaqum çölündə güllənənəndə kasa dolu yaş axdan xalqım filmdə milyonçu Şahbazov görünəndə az qalırdı gülməkdən partlasın.

Filmdə Şahbazov adlanan zəngin sənayeçi, neft milyonçusu əslində Hacı Zeynalabdin Tağıyevdir. Onun rolunu İsmayıl Osmanlı ifa edir.

Burda demək vacibdir ki, filmin ssenarisinin əsas müəllifi İsa Hüseynovdur. Ssenari müəlliflərindən biri kimi filmin rejissoru, aşqabadlı azərbaycanlı, Mosfilmdə çalışan Əjdər İbrahmov da göstərilib. Ancaq  bilavasitə azərbaycanılarla, xüsusən Tağəyevlə bağlı səhnələrin İsa Hüseynovun yazdığına şübhə yoxdur.

İsa Hüseynov Bakıda və Moskvada təhsil alıb, gənc yaşlarından nəşriyyat sahəsində məsul vəzifələr tutub. Yəni məlumatlı adam olub və Tağıyevin əslində kim olduğunu çox yaxşı bilib. Ancaq dövlət sifarişinə görə milyonçu Tağıyev mənfi surət olmalı, istismarçı kimi göstərilməli və hər cür aşağılanmalı idi. Bunun öhdəsindn İsa Hüseynov uğurla gəilib. Sovet dövrüdndə azərbaycanlılar filmə baxandan sonra Şahbazovun (Tağıyevim) replikalarını təkrar edir, onun tərzini çıxarır və uğunub gedirdilər. Azərbaycanlılar Lenini, Şaumyanı, Əzizbəyovu sevirdilər…

Mən uşaqlıqda İsa Hüseynovun “Yanar ürək” romanını, “Tütək səsi” və baqa povestlərini oxumuşam. “Yanar ürəy”i dörd-beş dəfə oxumuşam və hər dəfə çox təsirlənmişəm, o vaxtdan 60 ilə yaxın vaxt keçdiyinə baxmayaraq, bəzi epizodlar indiyəcən yadımdadır. Mənə elə gəlir k, indi bəzi yazanları, Məsələn Kəramət adlı bir “yeyib-içmək” həvəskarını nasir adlandıranlar nəinki “Danabaş kəndinin əhvalatlarını”, hətta İsa Hüseynovu, hətta Əkrəm Əylisin gənclikdə yazdıqlarını oxumayıblar və bilmrlər ki, nəsr sənəti nədir, nasirlik nədir. İsa Hüseynov danışıqsız ilahi vergili nasir idi. Ancaq sovet vaxtı Bakıda yaşayan nasir ev, ailəsinni yaxşı dolandıra biləcək, keyfiyyətli istirahətini təmin edə biləcək qazanc arzusundadırsa, gərək dövlətə işləyə, dövlət sifarişini yerinə yetirə. İsa Hüseynov milyonçu Tağıyevi qələminin gücüylə məkrli, fitnəkar bir qaniçənə çevirməkdən, həm də bunu kommediya instrumentlərindən istifadə ilə etməkdən boyun qaçıra bilərdi. Ancaq onda gərək bəzi rus yazıçıları kimi dövlət qulluğundan imtina edəydi, dissident həyatı keçirəydi, gedib ocaqçı, dalandar ya qara fəhlə işləyəydi. Buna isə çox zəngin mənəvi dəyanət, resurs lazımdır. Bizdə isə sovetin bütün yetmiş illik dövründə yaradıcılar içindən  dəyişilməz mənəvi oriyentirləri, bütöv əqidəsi olan bir nəfər də çıxmayıb. Sovet dağılandan sonra da heç kimin sandığından “dissident” əsər çıxmadı. Yalnız duruşuna, “poza”sına görə “əyiılməz” sayılan Bəxtiyar Vahabzadə “Leninlə söhbət” poemasına görə SSRİ dövlət mükafatı aldı. Səsiylə tribunalar titrədən Xəlil Rza Lefortovaya aparılan kimi Ümuittifaq ekranına çıxıb dedi ki, “qələt eləmişəm…”

Filmdə belə bir səhnə var: Şahbazov şəxsən mədənə gəlib quyularını bağlatdırmaq istəyir ki, yerli bolşeviklər onun neftini Leninə göndərməsinlər. Fəhlənin biri sözünə baxmır. Şahbazov tanıdığı fəhləyə, Süleymana əmr edir ki, kranı bağlasın. Süleyman isə onun dediyinin əksini edir. Şahbazov Süleymana xatırladır ki, onu necə işə götürüb, necə onun balalarıının dolanışığını təmin edib. Savadsız fəhlə Süleyman tərəddüd içindədir. Komoissar Fioletov deyir: “Süleyman, xozeyin Parisə gedəndə səni özüylə aparmışdı? Novbarda sən onunla kababa yemisən?”

Film çəkiləndə fioletovlar əlli il idi ki, hakimiyyətə gəlmişdilər. Kommunist məmurlar bakı milyonçuları kimi yaşayırdılar və onların heç biri fəhlələri özü ilə Parisə aparmır, Novbahara dəvət eləmirdi. Paris cəhənnəm, Novbahar cəhənnəm, adi vətəndaş üçün adi mağazalarda da çox şey tapılmırdı, hər şey qıt idi və elə o vaxtlar “defisit”  sözü sovet adamının leksikounda daimi vətəndaşlıq aldı…Yəni İsa Hüseyno yaxşı bilirdi ki, bolşeviklərin ədalət, bərabərlik barədə vədləri təbliğat, təşviqat alətindən başqa bir şey olmayıb…

(ardı var)

13.08. 2023, Samara