Архив тегов | rejissor Tahir Tahirov

USTA REJİSSOR TAHİR TAHİROV. PARAPETDƏ QIRMIZIPAPAQLARLA ÇAY DƏSGAHI

09. 10. 23

Tahir Tahirovla keçirdiyim günün xatirələri Antonioninin “Blou-up” filmini yadıma salır. Günün mənzərəsi bütöv deyil, xeyli epizod Tomasın fotoaparatındakı kadrlar kimi ya korlanıb, ya da tamam silinib. Biz bulvarda olanda saat uzağı beş olardı, xatırladığım sonrakı yer Parapet bağıdır və çoxdan axşam düşüb, işıqlandırılmayan yerlər tünd qaranlıqdır. Tahir Tahirov, mən də yanında, bir dəstə milis zabiti ilə oturub çay içir. Biri polkovnikdir. Ayaq üstdə vurnuxan milislər var – onlar çay işinə baxırlar və həm də asayişin keşiyindədirlər. Tahir Tahirov məni qırmızıpapaqlara təqdim etdi: “Xeyrulla Salyandan gəlib müdafiə eləməyə, professor olacaq”. Zabitlər yəqin ki, haqlı olaraq bu professorluq söhbətini yumor kimi başa düşdülər. Nahaq deyirlər ki, milis yumor hissindən məhrumdur…

Mənim guya bilikli olduğuma Tahir Tahirovu Əkrəm Əliyev inandıra bilərdi. Yəqin məni tərifləyib, deyib ki, belə yazır, elə yazır… Tahir Tahirov özü mənimlə ədəbiyyatdan danışmırdı. Heç sual da vermirdi. Məsələn: Nizami Gəmcəvi neçənci ildə anadan olub? Rəsul Rza “Lenin” poemasını neçənci ildə yazıb? O vaxtlar ədəbiyyatdan biliyi belə yoxlayırdılar…

Parapetdə çaydan başqa ayrı içki də vardı. Mən içmirdim, gündüzdəkinin havası başımdan getmirdi. Həm də çox həyəcanlı idim. Gecə düşürdü, bundan sonra Tahir Tahirov mənə hansı mehmanxanada yer alacaqdı?..

Çay dəsgahı davasız keçdi. Milis polkovniki ilə nə dava? Həm də yəqin gecə gözü Tahir Tahirovun tamaşa yaratmağa da həvəsi qalmamışdı…

Haçandan-haçana Tahir Tahirov qırmızıpapaq dostlarıyla vidalaşdı, bağdan çıxanda mənə dedi: “Gedirik bizə”. Bunu deyəndə fikirləşdim ki, kaş məni qırmzıpapaqlar aparıb gecəni öz türmələrinə salaydılar. Səhər elə ordan durub gedərdim müdafiəyə… Mən heç gündüz də qonaq getməyi sevmirəm. İndi gecənin bir aləmində heç vaxt olmadığın, tanımadığın adamlar yaşayan evə gedəsən…

Taksiyə oturub getdik. Tahir Tahirovun evinin yeri yadımda deyil. Şəhəri yaxşı tanımıram. Bəlkə də 4-cü mikrorayon idi, arxayın deyiləm…Qapını arvadı açdı. Tahir Tahirov mənim Salyandan  müdafiəyə gəldiyimi dedi, ancaq professorluq məsələsinə toxunmadı, görünür arvadı zarafat sevmirdi…

Tahir Tahirov məni boş bir otağa keçirdi. Otaq doğrudan da boş idi. Nə çarpayı , nə divan var idi. Rejissorun arvadı yorğan-döşək gətirb dinməzcə yer saldı və getdi. Tahir Tahirov da mənə xeyirli gecə arzulayıb çıxdı.  Həm bürküdən, həm xəcalətdən məni tər basıb bürüyürdü…

Səhər tezdən durub geyindim, tezliklə Tahir Tahirov da qapıda göründü. Mənə qalıb çay içməyi təklif etdi. İstəmədim. Rejissor mənə uğur arzuladı və təkid elədi ki, müdafiədən sonra gəlib ona məlumat verim…

Təəssüf ki, Tahir Tahirovu  bir daha görmədim. Evinin yeri də, mənzilinin nömrəsin də yadımda qalmamışdı. Məni rejissorla tanış etmiş Əkrəmi də o vaxtdan görməmişəm. Bir dəfə, deyəsən sıfırıncı illərdə, Tümen-Bakı qatarı ilə Azərbaycana gedirdim. Vaqonda xaçmazlılar var idi. Onlardan Əkrəmi soruşdum, dedilər tanıyırlar. Studiyadakı işindən çıxıb vətəninə qayıdıbmış. Dedilər müəllimlik eləyir, alveri də var. “Gənc oğlunu maşın vurub öldürdü”, — bunu xaçmazlılardan eşidəndə çox məyus oldum. Çox. Mən Əkrəmin xərini çox istəyirdim…

oktyabr 2023, Samara

USTA REJİSSOR TAHİR TAHİROV: KRAL LİR, «ÇÖRƏYİMİN DUZU YOXDUR…»

09. 10. 23

…”Kral Lir” Lenfilmdə çəkilib, Gerdt isə Moskvada yaşayır, Obraztsovun məşhur kukla teatrında işləyirdi. Kozintsev çox tələbkar olduğuna görə filmin səsləndirilməyi xeyli çəkib. Gerdt tez-tez işindən ayrılıb Leninqrada gedirmiş ki, bu da Obraztsovu narahat edirmiş. “Bir səslənmədən ötrü teatrı atıb gedirsən”, — deyə aktyoru məzəmmət edirmiş… İndi Kozintsevin filmində Yuri Yarvetin oynadığı Liri başqa səslə təsəvvür etmək çətindir…

Səməndər Rzayevin də səsi Yuri Yarvetin Kral Lirinə elə “yapışıb”. Mən o vaxtlar eşitmişdim ki, “Kral Lir” filmlərinin müxtəlif dillərdə dublyajlarının müsabiqəsi keçirilib və Azərbaycan dublyajı ikinci yeri tutub…

Lətifədə deyildiyi kimi: mən birinci yeri verərdim…

İndiyəcən Kral Lirin bəzi replikalarını Səməndərin səsiylə eşidirəm…

Və 1980-ci ilin iyununda mən Bakı kafelərinin birində Kral Lirin səsiylə yanaşı oturmuşdum. Tahir Tahirov məni aktyora göstərib dedi ki, “Xeyrulla Salyandan gəlib diplom müdafiə eləməyə, özü də professor olacaq”. Səməndərdə bu professorluq məsələsi yəqin ki, əsaslı şübhələr doğurdu, ancaq Salyanın adı gələndə həyəcanlanan kimi oldu. “Biz bu yaxınlarda Salyana gəlmişdik, ordan da Neftçalaya getdik. Katib bizə çox hörmət elədi, yaxşı yola da saldı. Bax, bu boyda ağbalığı maşına qoydu” – bunu deyib aktyor iri və uzun qollarını üfqi vəziyyət alana qədər geniş açdı…

O vaxtlar Kürdən o boyda və ondan da böyük ağbalıqlar çıxırdı…

Süfrəyə araq gəlmişdi. Mən o vaxtlar hərdənbir içirdim. Yəqin həm içkidən, həm də harda gecələməyin fikrindən Tahir Tahirovla Səməndər Rzayevin söhbətindən yayınmışdım. Birdən mənə çatdı ki, bunların sözü çəp gəlib və ucadan bir-birlərinə məzəmmətli sözlər deyirlər. “Səməndər, mənim elə çörəyimin duzu yoxur”, — Tahir Tahirovun bu ağır tənəli sözləri Səməndəri bıçaq kimi yaraladı. “Ə, Tahir, sən mənlə çörək söhbəti eləyirsən? Mən heç burda oturmaram”, — deyib yarıyacan dikəldi. Tahir Tahirov boydan kiçik olduğundan tam qalxıb Səməndəri qucaqladı və deyəsən öpüşdülər də…

Davaları nəyin üstündə düşmüşdü – bilmirəm. Ancaq çörək söhbəti doğrudan da qəribə idi. Hesabı mən verməliydim, bunu Tahir Tahirov yaxşı bilirdi. Mən özünü rejissordan qaçırtmış kolxoz sədrini əvəz etməliydim. Elə bil ki, əsas rolun ifaçısı tamaşa başlayanda sancılanr, təcili, basməmmədi birini onun yerinə çıxarırlar səhnəyə…

Sonra kafedən çıxdıq. Tahir Tahirovla Səməndər danışa-danışa qabaqda gedirdilər, mən də dalda onları izləyirdim. İndi Səməndəri ilk dəfə bütöv, başdan ayağa qədər görürdüm. Akyorun qıçları məni dəhşətə gətirdi. Qıçlar elə yoğunlamışdılar ki, pivə çəlləyinə bənzəyirdilər. Yəqin ki, ciddi azarı vardı. O vaxt Səməndər Rzayevin yaşı qırxdan da az idi…

Aktyordan harda ayrıldığımız yadımda deyil. Bir də gördüm ki, bulvardayıq. Hələ axşam düşməmişdi, adam az idi. Ucaboy bir cavan oğlan qucağında azyaşlı uşaqla gəzinirdi. Yaxınlıqdakı boş uşaq arabası da yəqin onların idi. Oğlan üzü bizə dönən kimi Tahir Tahirov mənə “burda dur” deyib ona tərəf getdi. Rejissorla cavan oğlan çıx hərarətli görüşdülər, qucaqdakı uşaq olmasaydı, yəqin ki, qol-boyun olacaqdılar. Məndən çox aralı olmasalar da, söhbətlərini eşitmirdim, içki məni tutmuşdu, üstəlik dənizdən gələn mazut iyi də vururdu…Birdən oğlanın bütün həndəvərə yayılan səsini eşitdim: “Tahir, sən mənimlə danışmaq istəyirsən? Gəl danışaq!” Oğlan uşağı tələsik arabada yerbəyer elədi və Tahir Tahirovun üstünə yeridi. Məni dəhşət bürümüşdü. Atlet görkəmli ucaboy cavanın bir yumruğu çəlimsiz Tahir Tahirovu öldürə də bilərdi. Tahir Tahirov isə Pompey əsgəri kimi ya da Çarli Çaplinin qəhrəmanı kimi yerindən tərpənmirdi. Ancaq oğlan ona çatanda Thair Tahir nə dedisə, oğlanın nəinki hirsi soyudu, o hətta Tahir Tahirovu qucaqladı da…

İndi bunları yadıma salanda fikirləşirəm ki, Tahir Tahirov əsl ekstremal imiş. Məsələn, göydələnlərə dırmaşanlar kimi. Yəni daim adrenalini qaldırmaq istəyirmiş. Bəlkə də bu, yaradıcılıq fantaziyasını qidalandımaq üçün zəruri olub…

Tahir Tahirov mənim yanıma qayıdanda astadan dedi: “Birincinin (yəni Heydər Əliyevin – X.X,) ailəsindəndir”. Tahir Tahirov bu cavanın Heydər Əliyevin nəyi olduğunu da dedi: bacıoğlumu, kürəkənmi, baldızoğlumu… Yadımda deyil…

(ardı var)

24.10. 2023, Samara