2024-cü il iyunun 6-da səhər mənim harayıma gəlmiş Şirvan Kərimov, Namiq Məmmədov və Camal Əkbərovla birlikdə gecə saatlarında yanmış evimin həyətini tərk edəndə açarları cibimdən çıxarıb maşına minməzdən əvvəl yerə tulladım. Evin xüsusən mənim mənzilim yerləşən hissəsi küllüyə dönmüşdü. Küllüyə nə açar?…
Necə, harda yaşayacağımı bilmirdim. Onu bilirdim ki, fəlakətə uğramışam.
Bir müddət sonra Samara şəhərinin Samara rayonunun administrasiyası binanı bərpa etmək barədə qərar çıxardı. Bərpa işləri sentyabırın ikinci yarısında başlandı. Adminstrasiya öz öhdəsinə götürdüyü işləri, yəni damın, divarların yenidən yaradılmasını dekabrın axırlarında bitirdi. Sonrakı bütün işlər Şirvan Kərimovun vəsaiti ilə və onun rəhbərliyi altında görülüb. İyunun 15-də mən əslində təzə mənzilə köçdüm. Yanğından sönrakı ilk günlərdə Şirvan müəllim demişdi ki, “darıxma, əvvəlkindən də yaxşı olacaq”. Şirvan müəllim dediyini eləyəndir, bilirdim ki, əvvəlkindən yaxşı olacaq. Ancaq u qədər yaxşı olacağını təsəvvür eləmirdim…
Böyük rus şairi Tyütçev haqqında tarixi lətifə var. Şair ağır xəstə yatanda imperator 2-ci Aleksandr başının dəstəsi ilə ona dəyməyə gəlir. Çar gedəndən sonra şair deyir: indi gərək mən öləm, yoxsa ayıb olar…
Mənim mənzilimn bərpası, çox güman ki, təzə tikilən mənzildən baha başa gəlib. İndi gərək mən burda hökmən bir müddət yaşayam, yoxsa ayıb olar…
Yanğından sonrakı il ərzində Şirvan müəllimin tutduğu rahat mənzildə yaşamışam. Kirayə haqqı mənim pensiyamdan xeyli çox idi. İndi özünüz fikiriləşin…
Bir neçə ay ərzində mənzilimin küllükdən əfsanəvi quş kimi dirçəlib qalxmasında xeyli soydaşımızın böyük əməyi olub. Nurməhəmməd Ələsgərov, Rövşən və Elxan Quliyev, Zahir Həsənov, Mübariz Quliyev, Eldar Yusubov, Camal Əkbərov, Namiq Məmmədov…Bu adamların hər birində, əlbəttə, fəlakətə uğramış soydaşa kömək etmək niyyəti və istəyi olub. Ancaq şübhəm yoxdur ki, mənzilimin bərpasında bilavasitə ya dolayısı iştirakı olan bütün insanlar bunu Şirvan Kərimova görə eləyiblər. Şirvan Kərimov özü mənim yerimdə ayrı adam da belə fəlakətə uğrasaydı, eyni əzmlə mənə etdiyi yaxşılığı ona eləyərdi. Və onun Samaradakı hörməti çoxlu başqa insanı da bu işə cəlb edərdi. Yəni hər şey öz qaydasındadır….
Adminstrasiya binanı bərpa eləməyə başlayandan sonra yanğından salamaqt çıxmış metal küçə qapısı yenə açılıb-bağlandı. Mən isə açarı tullamışdım…Qapının açarı daha iki nəfərdə var idi – Şirvan Kərimovda və Namiq Məmmədovda. Məlum oldu ki, hər ikisi açarı saxlayıb…
Şirvan Kərimovun bu nəhən iş görməyə, nəhəng xərci çəkməyi üçün, nə gizlədim, heç bir səbəb yoxdur. Axtarsan, mənə arxa çevirməyi üçün nə qədər istəsən, səbəb var…Ancaq Şirvan Kərimov arxa çevirən adam deyil. Yəni sədaqətlidir, sədaqəti qoruyandır…
Ümid edirəm ki, Şirvan Kərimovun və onun komandasındakı adamların bu fövqəladə işi həmişə xatırlanacaq və bunun sayəsində mən də xatırlanacağam. Məsələn, deyəcəklər: “Necə yadımda deyil, yaxşı yadımdır. Yanan evi Şirvan Kərimov evi əvvəlkindən də yaxşı düzəldib verdi… Hə idi o qocanın adı…”
İnanmıram ki, mənim adım yada düşə. Bunun eybi yoxdur. Sağlığımda elə hörmət görmüşəm ki, sonra xatırlanmaq istəyim qətiyyən yoxdur…
Şirvan müəllim tapşırıq verdi: “Birdən məndən yazarsan ha, bir kəlmə də yazma!” Dedim yazmaram. Ancaq mən sözə sədaqətli deyiləm. Hətta açarımı da itirirəm…
15.06. 2025, Samara



