Əgər yanınızda desələr ki, adam qocalanda arsız olur, utanmaz olur, inanmayın. Götürək elə məni, yaşımın dibi yoxdur, ancaq utananda elə utanıram ki, az qalıram yerə girəm. Qocalığımı nəzərə alsaq, deməliyəm ki, ölüb yerə girəm…Məsələn, Azərbaycan parlamentinə seçkilər keçiriləndə elə utanır, elə qızarırdım ki, saqqalım olmasaydı, milislər məni kefli bilib tutardılar. Eybimi saqqal örtür, vallah. Bəli, mən çox təşvişdəydim, çox təlaşdaydım, Rusiyada yaşasaq da, azərbaycanlıyıq dana, vallah, hərdən-hərdən qeyrət adamı boğur… Mənim əsas qorxduğum şey bu idi ki, birdən ordakı seçkiləri rus müşahidəçiləri bəyənməz. Adamdır da, birdən bəyənmədi. Rüsvay olardıq, vallah. Ermənilərin seçkilərinin Rusiya müşahidəçilərinin başçısı Ruşaylo cənabları elə bəyənmişdi ki, Moskvaya qayıdandan bir ay sonra da ağız-burnunu yalayırdı. İndi vura, bizim süçkiləri bəyənməyə. Onda biz ermənilərin yanında başıaşağı olardıq, vallah, onlar bizə rişxənd edib gülərdilər. Şükür allaha ki, Ruşaylo bəy Azərbaycan seçkilərindən çox razı qalıb, prezuidentə deyib ki, sağ ol, İlham bəyz, indiyəcən mən delə kef çəkməmişdim. İlham bəy də deyib ki, halal xoşun olsun, ay Ruşaylo bəy, əsil keflər hələ qabaqdadır, bu məclis əvvəlki məclislərdən deyil, əsil məclisdir, ailəvi məclisdir, gələn seçkiləri gözləmə, ürəyin istəyəndə gəl, kefin açılsın…
Bəh-bəh, eşidib xeyli cavanlaşdım. Ancaq qulağıma çatan bəzi sözlər məni yaman pərt elədi. Müxalifətçilər deyiblər ki, guya Ruşaylo bəy Bakıya gələndə özüylə bir təyyarə saz dəyənək gətiribmiş və onlar elə həmin dəyənəklərlə döyülüblər. Sübut üçün hətta bədənlərinin göyərən, qaralan yerlərini amerikalı müşahidəçilərə göstəriblər. Deyilənə görə, şalvarlarını çıxaranlar da olub… A zalım uşağı, müxalifətçi olanda adam abrını-həyasını itirməz ki. Vallah, mən xəcalətdən elə hala düşdüm ki, üstümə həkim çağırdılar…
Axı nə dəyənək davasıdır bui? A qırışmallar, nə bilirsiniz ki, sizə dəyən rus dəyənəyidir? Dəyənək dəyənəyə oxşayar dana…
Mirzə Əlil
dekabr 2005
“Ocaq” qəzeti