Архив тегов | Rusiya azərbaycanlıları

İVAN KRILOV. QURBAĞA VƏ ÖKÜZ

Çəməndə bir öküz görüb qurbağa,

İstədi kök olsun o da öküz tək —

Yaman meylliydi o, paxıllığa.

Başladı köpməyə, gücə düşərək.

Soruşdu: “Necədir?” – rəfiqəsindən,

Rəfiqə: “Azca da yox oxşarlığın!”

“Bir az da köpərəm, elədirsə, mən.

Bax, indi öküz tək yekəyəm yəqin.”

“Yox, yekəlməmisən azca da belə”.

“Bəs indi?” “İndi də”. Nəfəs dərərək,

Hoqqabaz qurbağa gücəndi elə,

Partlayıb dağıldı su qovuğu tək.

+++++++++++++++

Belə nümunələr heç də az deyil:

Azmı sıravi şəxs var bu ölkədə,
Adlı vətəndaş tək həyat istəyir?

Ya kübar yerişi yeriyir gədə…

1807

ruscadan tərcümə

20. 07. 2025, Samara

++++++++++++

Иван Крылов

ЛЯГУШКА И ВОЛ

Лягушка, на лугу увидевши Вола,
Затеяла сама в дородстве с ним сравняться:
Она завистлива была.

И ну топорщиться, пыхтеть и надуваться.

Читать далее

NECƏ QAN AĞLAMASIN DAŞ BU GÜN, DEPORT OLUNDU BU QARDAŞ BU GÜN…

Mən Rusiyada son iyiirmi-iyirmi beş ildə Georgi lenti taxan çox soydaşımızı görmüşəm, ancaq bu lentin Elşən İbrahimov qədər ikinci bir azərbaycanlıya yaraşdığını görməmişəm. Baxın, ağalar, xanımlar, gör lent necə topalanıb, necə düyünlənib. Mən bu şəklə baxanda əfsanəvi Bülbülün oxuduğu bir mahnı yadıma düşdü.

Döşünə bir gül taxım,

Gül düşsün gül üstünə…

Düzdür, bu mahnıda, türkün məsəli, qız sinəsi nəzərdə tutulur. Elşən İbrahmovun sinəsi, əlbəttə, qız sinəsinə bənzəməz, rəhmətlik Qoqolun dediyi kimi, yəqin ki, baş kimi tüklü olar. Ancaq lent Elşən İbrahimovun döşünə yaraşır. Vallah, yaraşır, mənə nə deyirsiniz deyin!

İndi mən qalmışam əlimyandıda. Mənə yemək-içmək haram olub. Gecələr yatmıram, fikir nəni götürür ki, bu yazıq gədə indi Azərbaycanda Georgi lentini taxa biləcəkmi? Axı, deyilənlərə görə, Azərbaycanda Georgi lenti taxanı tuturlar!. Bu yazıq gədə isə öyrəşib döşündə Georgi lenti gəzdirməyə. İndi bunun halı necə olacaq? Bəlkə əlahəzrət İlham Əliyev istisna halında bir fərman imzalayıb Elşən İbrahimova döşündə Georgi lentini gəzdirməyə icazə verə?

Ya əlahəzrət! Ya bizim rəhim və rəhman padşahımız! Mİllətin azmış qoyununa (Tövrat diliylə deyirəm) yazığın gəlsin!

Hardasınız ay Nəcəf bəy Vəziriov və Əbdürrəhim bəy Haqverdiyev! Nə qədər yatmaq olar? Qiyamətdir, qalxın! Biriniz “Bəxtsiz cavan”ın davamını, biriniz də “Müsibəti-Elşən” yazsın!

Necə qan ağlamasın daş bu gün?! –

Deport olundu bu qardaş bu gün…

Öləydin, Mirzə Əlil, bu günü görməyəydin…

İndi internetdə bu bədbəxt soydaşımızn Rusiyada haçansa öz-özünə verdiyi müsahibəni oxuyub lap dəhşətə gəldim. Cənab İbrahimov deyir ki, miqrantlara Rusiyada verilən kvot azalıb, ona görə soydaşlarına tapşırıb ki, yerli arvadlarla nikah bağlasınlar. Demir ki, ailə qursunlar, evlənsinlər. Deyir ki, nikaf bağlasınlar, yəni saxta nikah. İndi Allaha şükr edirəm ki, Elşən İbrahimovun öz-özünə verdiyi müsahibəni özündən başqa heç kim oxumayıb. Bu müsahibə FSB-nin gözünə sataşsaydı, Elşən İbrahimov əlli-ayaqlı gedərdi… Vallah, gedərdi. Ucarlılar, beş-altı qoyun kəsib paylayın, rayonunuzun fəxri Rusiya türmələrində çürüyəcəkdi…

Bir məsələ də var. Bilmirəm deyim ya deməyim… Yox, gərək deyəm. Bu yazıq gədə Podmoskovye azərbaycanlılarından pul, pay-parça yığıb SVO-ya, yəni Ukraynada ədalətli savaş aparan Rusiya ordusuna göndəririmiş. İndi fikirləşirəm ki, Əliyev bunu Azərbaycanda bu işi görməyə qoyacaqmı. Yəni Elşən İbrahimov Azərbaycandan Rusiya ordusuna yardım göndərə biləcəkmi?

Ya pərvərdigar! Bizim bu azmış qoyunumuzu  (Tövrat diliylə deyirəm) məyus eləmə…

Vallah, fikir çkməkdən quruyub-qurtarmışam… Sərin Podmoskovyedən gedən adamın Ürəyi Ucarda partlamayacaqmı?

Yazırlar ki, Podmoskovyedə adına on şirkət var imiş. Deyirəm görəsən onlar kimə qaldı…

Ya Əli! Özün bu ucaqlı soydaşımıza kömək ol! Bəlkə də sünnüdür, eybi yox, sünnü də müsəlmandır, quyruq-muyruq söhbəti isə yalandır…

Gözümün yaşı kağızı isladır, ona görə yazımı bu yerdə saxlayıb Elşən İbrahimovu Azərbaycanın şərəfli hüquq-mühafizə orqanlarına tapşırıram.

 

Mirzə Əlil

10. 07. 2025, Samara

RUSİYADA 4 MİLYON AZƏRBAYCANLINI QURBAN MƏMMƏDLİ ARVADIYLA DOĞUB-TÖRƏDİB?

Qurban Məmmədli abır-həyasını tamam itirib, utanıb-qızarmadan yalan, dezinformasiya yayır. Deyir ki, Rusiyada 4 milyon azərbaycanlı yaşayır. Bu rəqəmi o, hardan görtürüb? Heç yerdə bu rəqəm yoxdur. Başqa rəqəmlər var. 2021-ci ilin siyahıyaalınmasına görə Rusiyada 474 min azərbaycanlı var. Bunlar yəqin ki, vətəndaşlığı olanlardır. Bu qədər də (əslində az olar, köçüb gedənlər də çoxdur) mövsümi yaşayanları nəzərə alsaq, olar 800-900 min. Bu dörd milyonu Qurban Məmmədli niyə uydurur? Ona görə ki, bu qədər adamın səs verə bilmədiyunə görə İlham Əliyevi ittiham eləsin. Rusiyada 40 ildən çox yaşayan bir adam kimi deməliyəm ki, əgər Rusiyada doğudan da 4 milyon adam yaşasaydı, onların 3 milyon 999 mini Əliyevə səs verərdi. Çünki Rusiyada yaşayan azərbaycanlılar ya apolitikdir ya da Əliyev tərəfdarıdır. Qurban yaşda ya ondan bir az cavan olan kişilər bura !-ci Qarabağ  müharibəsindən qaçıb gəliblər. Yəni fərari olublar. Bunlardan nə hünər gözləyəsən? Onların uşaqları isə ya ruslaşıblar ya da ataları kimi əliyev tərəfdarıdırlar. Qurban Məmmədli manipulyalarla sadəlövh adamların başını bişirir, bunu da əsasən ianə yığmaq, özünün Londondakı xeyirlilikdən çox ziyanlı olan fəaliyyətinə haqq qazandırmaq xatirinə edir. Elə bir əxlaq norması, etik qadağa yoxdur ki, bu adam tapdalaya bilməsin. Yalanı danışır və qızarmır. Bu adama cadugər, falçı, manipulyator demək olar, ancaq siyasətçi yox. Çox təəssüf ki, Azərbaycan vətəndaşlarının xeyli hissəsini belə lotular əsl siyasi maarifçilikdən, siyasi-ictimai təşkilatlanma işindən kənar salırlar.  Adamlar bunun hoqqalarına baxıb gözləyirlər ki, ağızlarına alma düşəcək… Təsəlliverici budur ki, bu lotuya  cəmi 2ç-dörd min adam baxır…

Qurban Məmmədli mübarizəsinin əsas səbəblərindən biri kimi xalqının aldadılmağının qabağını almağı göstərir. Çox gözəl, sən istəmrirsən sənin xalqını aldadalar? Mən də istəmirəm ki, sən də mənim xalqımı aldadasan. Yalanla uzağa gedə bilməzsən, ancaq beş-on mini adamı azdırsa, çaşqın sala bilərsən. «Azərbaycan xalqı acından ölür!» — deməklə heç əlli adamı küçəyə çıxara bilməzsən. Çünki Azərbaycan xalqı acından ölmür. Sənin qohum-əqrəban ölmür ki? Başqaları da səninkilərdən aciz deyillər. İşləyənin çörəyi var. Pensiyaçı qardaşın Sərdar Cəlaloğlu acından ölür? Pensiyaçı vecsiz övladları üçün kredit götürməyibsə, dolanar. Azərbaycanda siyasi etirazı demokratiya tələbi yarada bilər. Azərbaycanlılarda isə bu tələb yoxdur. O cümlədən ona görə ki, demokratiyanı Qurban Məmmədli ya Toğrul Sadıqlı kimi ostapbenderlər təmsil edirlər…

 

Mİrzə Əli

05.02. 2024, Samara

«ÖZÜN ROSSİYANİNSƏN, ARVADIN ROSSİYANKA…»

Yarmca il qabaq sən,
Soydaşım, necə şaddın! —

Özün rossiyanınsən,

Rossiyanka – arvadın!

 +

Al-qırmızı pasportun,
Ürəyinin başında.

Rus bayrağı asırdın,

İş yerində, maşında.

 +

Evində də, dyəsən,
Putinin şəkli vardı.

Özün rossiyaninsən,
Rossuyanka arvadın!

 +

Uşaqlar, fəxr edirdin,
Bilmir heç azəricə.

Rus – ana dilləridir,

Nə aksent, nə də ləhcə.

 

Başlayandan rus hərbə,

Halın dəyişib, qağa!

Rossiyaninsən, lələ,

Arvad da rossiyanka!

 +

Avtomat qap indi sən,

Gir görüm ya da tanka.

Axı rossiyaninsən,
Arvadın rossiyanka!

 +

Özünü ver qabağa,
“Za Putina!” deyərək.

Qan axıt yad torpağa,
Vəhşi tək böyürərək!

 +

Uşaqlarını göndər,
Putinin hərbinə ya.

Oğlun rossiyanindir,
Qızınsa rossiyanka.

 +

Çaşmısan, görürəm sən,

Rəngin ağarıb, qağa!

Sən ki rossiyaninsən,
Arvadın rossiyanka!

 +

Yaxasından sən idin,

Georgi lenti asan.

Kol axtarırsan indi,
Girib gözdən itəsən.

 +

Sevdiyin himn, deyəsən,
Çağırır, qalx, ayağa!

Sən ki rossiyaninsən,
Arvadın rossiyanka!

23. 11. 2022, Samara

DALDADA ÇƏKİLƏN ŞƏKİLLƏR

Biri burda profil şəklini təzələyib – sabirabadlılar demişkən, bahalı “qəssumda” gülümsər bir şəkil çəkdirib qoyud Faysbuka, mənimlə “dost”luqda olanların otuz nəfəri də “bəyənib”.

Yadıma lətifə düşür: “Ay Bigəxməd, bigəndün?” “Vallax, biğanmağana bigandım, ancaq…”

Azərbaycanda hələ meyidlərin hamısı yığılb torpağa basdırılmayıb, bu insanların isə burda “qəşəy” şəkillər çəkdirib İnternetə qoymağı məni çaşbaş edir…

Bir tərəfdən fikirləşirəm ki, mən də bu insanlar kimi bir qədər cavan olsaydım, onlar kimi gözəl-göyçək olsaydım, mən də şəklimi tez-tez dəyişərdim. Bəlkə bunlar qız istəyirlər, hərçənd ailəli-uşaqlıdırlar… Qız istəyəndə də eşq vurur başa, nə müharibə, nə şəhidlər…

Məni bu “bəyəndim” qoyanlar da fikrə salırlar. Mən şəhidlər haqqında məlumat toplayıb qoyuram, şəkillərini qoyuram, birinin əli gəlmir ki, altından “Allah rəhmət eləsin” yaza…

Yadıma başqa bir lətifə də düşür:

Qoqi adlı bir gürcü hardasa bir Rusiya şəhərində parkda şəkil çəkdirmək istəyir. Yekə bir ağacı şəkilçəkənə göstərib deyir ki, burda. Şəkilçəkən soruşur: Qoqi, mən sənin şəklini ağacın altında çəkim ya ağacın başında? Qoqi deyir: Yox, səm mənim şəklimin ağacın dalında çək. Mən bu şəkli mamama göndərəcəm. Mamam alıb baxacaq, məni görməyəcək, deyəcək: “Qoqi, oğul, hardasan?” Onda mən ağacın dalından çıxıb deyəcəm: “Mamacan, sənin Qoqin burdadır…”

İndi bizimkilər də. Rusiyada şəkil çəkdirib İnternetə yəqin Azərbaycana salam göndərirlər: “Burdayıq ha. Ağac dalında…”

RUSİYA AZƏRBAYCANLILARI. 2

Rusiya azərbaycanlılarını demokratik bayraqlar altında görən olubmu? – mən görməmişəm. Kafelərini bir qayda olaraq şıhərdən kənarda cəngəlliklərdə tikən, tikinti aparanda öz fəhlələrinə “atan”, polisdə, məhkəmə orqanlarında həmişə “ad” çıxaran soydaşlarımızı hətta Jirinovskinin bayraqları altında görmək olar, çünki nəinki hakimiyyətə, hətta bu hakimiyyətin dəyənəyinə qısılmaq  Rusiyadakı soydaşlarımızın üzvi xassəsidir. 

RUSİYA AZƏRBAYCANLILARI

Bir vaxtlar – bolşevik inqilabına qədər – vətəndə rus təhsili almış ya Rusiyada oxumuş adamlar Azərbaycanda demokratik fikir tərzinin ilk daşıyıcılarından olublar, ətraflarında demokratik mikromühit yaradıblar. Hələ Rusiyada yaşamış azərbaycanlıların yeni Azərbaycan ədəbiyyatının, musiqisinin yaradılmasında xidmətlərini demirəm. İndi Rusiyada yaşayan azərbaycanlılar millətin əm mürtəce hissəsidir, bunların böyük hissəsi padşahçı, əliyevçidir. Bu, əslində asanca izaholunandır, çünki bu adamların həyat tərzi, qurduqları biznes yarımfeodal, yarımqaçaqçılıq münasibətlər sistemi üzərində qurulub. Həm də nəzərə almaq lazımdır ki, Rusiya azərbaycanlılarının mühüm hissəsi fərarilərdir – onlar doxsanıncı illərin əvəllərində vətəni düşmən tapdağı altında qoyub qaçıblar. Burda əliyevçilik şüarları ilə ayıblarını örtməyə çalışırlar…